“Günə 20-30 manatlıq kitab satsaq, bu, böyük şeydir. Oxucuların sayı azala-azala gedir. Ali məktəblərin tətilə getməsi işimizi daha da çətinləşdirir. Cavanlar qurşanıblar mobil telefona, internetə… Nə yaxşı ki, hələ də kitab soraqlayan adamlarımız qalıb” - Elmlər Akademiyası metrosunun həndəvərində 7 ildir səyyar kitab satışı ilə məşğul olan Mərdan kitab bazarının taleyi haqda söhbətimizə bədbin notlarla başlayır. Reportajımızı Mərdan və onun kolleqalarına həsr etməkdə məqsəd kitab bazarını gözdən keçirmək idi.
Kitab alıcıları haqda satıcı sözü
Kitabın cəmiyyətin formalaşmasında rolundan yeni söz yazmaq artıqdır. Amma o da sirr deyil ki, zəngin kitab oxuma ənənəsi olan ölkədə artıq kitab oxuyanlara yumşaq desək, barmaqarası baxanlar da azlıq təşkil etmir. Bəs nə baş verib ki, azərbaycanlılar kitabdan üz döndəriblər? Ümumiyyətlə, döndəriblərmi?
Mərdan deyir ki, onun fəaliyyətə başladığı dövrlə müqayisədə indi kitab alanlar əməlli-başlı azalıb: “Indi günə 7-8 kitab satanda sevinirik. Əvvəllərsə azı 15-ni satırdım. Hələ elələri olurdu ki, zənbillə gəlib 10-15 kitabı birdən alardı”. O, alıcılarının sayının azalmasını kitabların bahalaşması ilə əlaqələndirmir. Deyir ki, köhnə kitabların qiyməti bahalaşmaya baxmayaraq, dəyişməz qalıb: “O vaxt da qiymətlər 1-2 manat arasında idi, indi də. Sadəcə olaraq, indi insanların kitaba marağı ölüb. Mən 2005-ci ilə qədər ”bukinistlik” etmişəm. Yəni ancaq köhnə kitabları alıb - satırdım. Gördüm ki, çörək pulu çıxmır, keçdim təzə kitabları satmağa”.
kitab oxumaq,mütaliə,kitab>
Dostoyevski əzəməti
Mərdan dediyinə görə, son illər hansısa kitabın kütləvi satışı olduğunu xatırlamır. Bəs satışda hansı kitabların alıcısı daha çoxdur” - soruşuram. Xüsusi fərqlənənlər olmasa da, üstünlük detektiv ədəbiyyatdadır. Sonrakı sıralamada dil öyrənmək üçün kitablar, dini, psixoloji və bədii ədəbiyyat gəlir. Şeir kitablarını çox olduğunu görüb onların satışı ilə maraqlanıram. Həmsöhbətimiz cavanların şeir kitablarına marağı olduğunu söyləyir: “Şairlər arasında ikisini - Bəxtiyar Vahabzadə və Nüsrət Kəsəmənlini daha çox istəyirlər”.
Bədii ədəbiyyat sırasında F.M. Dostoyevskinin əsərləri uzun müddətdir birinciliyini qoruyur. Mərdan F.M. Dostoyevskinin kitablarının piştaxtaya çıxmağı ilə satılmağının bir anda olduğunu söyləyir. Milli nəsr əsərlərindən isə satışda diqqət çəkəcək hadisə yaradan təəssüf ki, hələ də yoxdur. Amma öyrəndiyimə görə tələbələr, “Babək”, “Qan içində”, “Qarlı aşrım” kimi tarixdən bəhs edən bədii ədəbiyyata üstünlük verir.
Aman serial əlindən…
Səbail rayonunun ən gur yerində Nizami küçəsində 12 ildir kitab satışı ilə məşğul olan Əziz dayı da oxucu sarıdan şikayətlidir. O, müştərilərinin daha çox rusdillilər olduğunu deyir. Bu, onu kədərləndirir: “Bizim millətdə olan beyin heç kimdə yoxdur. Amma hayıf ki, bu beyni səviyyəsiz şoular zay edir”. Əziz dayı insanların daha çox ingilis dili və kompüterə aid kitab aldığını söyləyir. Doğrudan da, onun yanında olduğumuz müddətdə kitab alan 4 nəfərin hər biri ingilis dilində ədəbiyyat götürdü. “Azərbaycan dilində kitab çox azdır. Xüsusən indi tələb olunan kitablar yoxdur. Nə texniki, nə də bədii ədəbiyyat. Rus dilində nə qədər maraqlı, sanballı kitablar var. Bunları tərcümə edib xalqa oxutmaq lazımdır”.
Həmsöhbətim təzə kitabların baha olduğunu etiraf etsə də, bunu kitabdan imtina üçün əsas saymır: “Ataların sözü var: ”Çobanın könlü olsa, təkədən pendir tutar”. Yəni kitab həvəsində olan adam onun pulunu hardan olsa, tapar. Necə olur, gündə 1 “şirvan”lıq kontura pul tapırlar, amma kitaba yox”. Bəs kitabın alıcısı niyə yoxdur? - soruşuram.
“Səbəblər çoxdur. Televiziyaların, mobil telefonların rolu böyükdür. Teleserialları mən bir nömrəli kitab düşməni sayıram”.
Din və ingilis dili
Eldar Abdullayev də uzun illərdir kitab bazarında çalışan zəhmətkeşdir. Onun “bukinst dükanı” bir kitabxananın yerləşə biləcəyi ən qiymətli ərazidə yerləşib. Eldar müəllimin mağazası dörd universitetin, BDU, Lomonosov adına MDU-nun Bakı filalı, Texniki və inşaat universitetlərinin əhatəsindədir. Üst-üstə toplasaq bu 40 minə yaxın tələbə edir - bu qədər potensial alıcını düşünüb Eldar müəllimin vəziyyətinin yaxşı olacağını düşündük. Amma sevinməyə elə də ciddi əsas olmadı. “Eldar müəllim, satış necədir, xalqımız nə oxuyur” soruşan kimi həmsöhbətim köhnə xatirələrini canlandırır: “Bir vaxt Aqil Xəlil burdan reportaj eləyib. Elə köhnə hamam, köhnə tasdır, dəyişən bir şey yoxdur”- belə desə də Eldar müəllim zəngin müşahidələrini yenidə bizlə bölüşməyə xəsislik etmir. Onun kitabxanasında elmi, özəlliklə elmi ədəbiyyat çoxluq təşkil edir. Amma texniki kitabların satış səviyyəsi dini və ingilis dili öyrənmək üçün kitablardan geri qalır. Burda da dedektiv əbədiyyat at oynadır.
Kitab ölümsüzdür
Son ayların rekord qıran kitabı isə Bəxtiyar Vəhazadənin şeirlər kitabı olub. Eldar müəllim deyir ki, şairin vəfatı inanılmaz surətdə onun kitablarının satışına təsir göstərib: “Mən özüm də Bəxtiyar müəllimi çox istəyirəm. Dəfn günü mən də qəbristanlığa getmək istəyirdim. Amma inanın o gün o qədər kitab alan gəldi ki, başımı qaşımağa vaxtım olmadı. Çoxu da Bəxtiyar müəllimin kitablarını aldı”. Eldar müəllimin satışın səviyyəsindən razı qalmasa da nikbindir, deyir ki, son iki ildə satış tempində artma müşahidə edilir. Bir kitab satıcısı kimi o düşünür ki, ali kitab oxuyanlarının sayının az və ya çox olması məktəblərdə təhsili səviyyəsindən birbaşa asılıdır: “Çoxları deyir ki, guya bizdə internet kitabın bazarını bağlayır. Mən bu sözlərə inanmıram. Ona görə ki, Amerikada, Türkiyədə, Rusiyada internet bizdən qatbaqat güclüdür. Bununla belə orda kitab bazarı da çox gözəl səviyyədədir. Kitabın enerjisini heç nə əvəz edə bilməz. Internetdən 10 qat üstün bir şey kəşf edilsə də insanlar yenə də kitab oxuyacaqlar”.
Marks yada düşür
Eldar müəllim son bir ildə ideoloji kitabların da müştəri topladığını maraqlı fakt kimi danışır: “Məsələn, bu dəqiqə neçə oxucu var ki, mənə Marksın ”Kapitalın” sifariş verib. Azərbaycanca olan “Kapital”ları tapa bilmirəm, tapdıqlarımın da hamısını satıb bitirmişəm. Lenini də istəyən var, amma Marks qədər yox”. Hə, onu da əlavə edək ki, bu kitabxanada da Dostoyevskinin kitabları yoxdur. Sadə səbəbdən, onlar satışa çıxarılandan az sonra satılıb qurtarıb.
Tarix: 08.12.2014 / 13:57 Müəllif: Aziza Baxılıb: 159 Bölmə: Kitablar və mütaliə