Kitablar — mənim ən yaxın və ən dəyərli dostlarım, amma kimisinə görə də lazımsız bir yığın kağız parçalarıdır. Dostlarıma qarşı biganəlikdən hər zaman şikayətçi olmuşam. Axı kitab elmin tək açarıdır, biz yalnız onların vasitəsi ilə elmə, təhsilə yiyələnirik. Bu səbəbdən onu oxumaq sadəcə bir həvəs deyil, vərdiş olmalıdır.
Bəs bizdə vərdiş bir kənara, kitab oxumağa niyə həvəsimiz də yoxdur? Yoxsa kitablara qarşı bizdə fobiya formalaşıb? Kitab oxumağa vaxt tapa bilmirik və ya almağa pul? Bəlkə də kitabxanalarımız yoxdur. Səbəblər müxtəlifdir, ancaq onları aradan qaldırmaq üçün çarə tapmaq gərəklidir.
Əldə etdiyim məlumatlara görə Avropa ölkələrində hər 20 min insana, Ukraynada isə hər 30 min insana 1 kitab evi düşür. Bizdə isə bu göstərici həddindən artıq aşağıdır: 900 min nəfərə bir kitab evi.
Bu göstəricilər müəyyən qədər reallığı gözlər önünə qoyur. Xüsusən qeyd etmək lazımdır ki, bizdə olan kitab evlərinin çoxu məhz paytaxtda yerləşir. Rayonlarda isə demək olar ki, kitab evləri yoxdur. Şəxsən mən rayonda yaşayıram və hansısa kitabı almaq üçün məhz Bakıya səfərimi gözləmək məcburiyyətində oluram. Və təbii ki, mənim kimi bir çox insanlar.
Kitab qiymətlərinin baha olması da səbəblər sırasındadır. Bir az ad-san qazanmış kitab evlərimiz qiymətləri bahalaşdırdığından oxumaq istəyənlər üçün də maneə yaradır. Keçən il bir kitab evimizdə Rəşad Nuri Güntəkinin romanını almaq istədim, qiyməti soruşunca elə götürdüyüm rəfə də geri qaytardım. Əl atdığım ikinci kitab da birincinin taleyini yaşadı.
Reklamlar...
Mənim kimi, gözü rəflərdə qalanlar üçün yaxşı bir mağaza reklamı edə bilərəm. Bəlkə də kitab sevərlər oranı çox gözəl tanıyır. İçərişəhərdə, Qız qalasının yanında yerləşən köhnə kitab mağazası. Qeyd edim ki, çox maraqlı, çox dəyərli kitablar oradan tapa bilərsiniz. Özü də çox ucuz qiymətlərə. Əmin olun ki, heç olmaya bir dəfə getsəniz, peşman olmayacaqsız.
Reklamlar bitdi, indi keçək kitab fobiyamıza. Bəli, bizdə kitab oxumaq qorxusu var. Necə ki, uşaqkən xortdanlardan qorxurduq, böyüyəndə də kitablardan qorxuruq. Hətta bu qorxusu olmayanlara çox qəribə baxış tərzimiz yaranıb. Yeni ailə qurmuşam. Bilirsiz də, bu zaman cehiz məsələsi gündəmdə olur. 3 qutu kitab oğlan evində çox maraq doğurmuşdu.
«Başını az xarab elə, gözünü tökmə»
Əlavə olaraq bizdə kitab oxuyan görən kimi ilk sözümüz «başını az xarab elə, gözünü tökmə» olur. Sanki kitab oxuyan hər kəs kor olacaq düşüncəsi beynimizə yeridilib. Əgər biz norma ilə düzgün şəkildə oxuyuruqsa, bu kimi fəsadlar doğurması mümkün deyil. Məgər kitab oxumayan insanların gözləri çoxmu sağlamdır?!
Düşünürəm ki, bu gün bizlər kitab oxumaqdan qaçırıqsa, bunun əsas günahkarları valideynlərimizdir. Çünki kitab oxumaq vərdişi ilk olaraq ailədə qazanılır. Deyə bilərikmi, neçəmizin ata-anası bizimlə birlikdə əlinə bir kitab alıb oxuyub? Və ya evlərimizdə heç olmaya həftədə 1-2 dəfə kitab saatı elan edilibmi? Geyimlərimizə, gəzməklərimizə ayırdığımız puldan heç kitab üçün xərcləyirikmi? Əlbəttə, bunu edənlər var, amma əminəm ki, çox az. Bəli, bu qeyd etdiyim sualları əslində təsdiq cümləsinə çevirsək, yəqin ki, heç uduzmarıq. Çünki məhz bu problemin çözümü elə öz əlimizdədir.
Dahi Nizami deyirdi ki,
Bilik öyrənməyi ar bilən hər kəs
Dünyada mərifət qazana bilməz.
İndi biz də həsəd apardığımız inkişafı, tərəqqini qazanmaq istəyir və uzun müddət qorumağı düşünürüksə, bunun tək yolu elmdən, yəni kitablardan keçir. O olmadan gördüyümüz inkişaf sadəcə gözlərimizi qamaşdıran toz parıltılarıdır.
Tarix: 08.12.2014 / 13:43 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Kitablar və mütaliə