“Varis” somali dilində çöl çiçəyi deməkdir
Bəzən gözü görən, qulağı eşidən adama oxşasa da adamlıqdan xəbəri olmayan adamlarla bir dünyada, bir mühitdə və hətta bir ölkədə yaşamaq insana dəhşətli gəlir. Lakin həyat bir cəngəllikdir, yaşamaq istəyən mübarizə aparacaq. Varis Driyenin mübarizə dolu həyatı kimi...
Qəribə də olsa, oxuduğum əsərlərin qəhrəmanları həmin həyat kəsiyində həmişə yaşıdlarım olub. Təsadüf bu dəfə də təkrarlandı. Varis Driye romanını yazanda düz 28 yaşını tamam etmişdi. Elə bəndəniz də 28 – ci baharını geridə qoyub. Bu dəfə dünyaya məşhur supermodelin baxış bucağından baxmağa çalışdım. Deyim ki, bu yolçuluqda xeyli yoruldum, üzüldüm.
Varis Driyenin “Çöl çiçəyi” romanını təsadüfən İstanbulda, özü də yazar dostum Musa Əfəndidən xahiş etmişdim. Kitab haqqında fikrini soruşduqda: “Bir qaradərili supermodelin həyat hekayətidir. Bestsellerdir” — demişdi. Supermodellərə olan təbii maraqlarıma görə Musanı İstanbulda “supermodelsiz” qoydum.
Təəssüratım gözlənilməz effekt verdi. Varisin öz diliylə desək, bu dəbdəbəli həyat haqqında deyildi, Afrikalı, köçəri həyat sürən bir qızcığazın hekayəti idi.
Aclıq olsun, kef olsun
Əsər çox maraqlı görüşlə başlayır. Varis atası onu qoca kişiyə ərə verməsin deyə səhradan şəhərə qaçarkən yolda yorğun, yarıyuxulu vəziyyətdə vəhşi şirlə qarşılaşır. Arıq və çəlimsiz olduğuna görə, hətta şir də ona yaxın durmur. Lakin şirdən daha əzazil olan iki nəfər onu yük maşınının arxasında zorlamağa çalışır. Varis onlardan birini öldürüb qaçır. Əsəri oxuyarkən məndə Afrika şirlərinə qarşı sevgiqarışıq hörmət, Afrika kişilərinə qarşı nifrətqarışıq tabu formalaşdı.
Varis ucsuz-bucaqsız Somali səhralarında yaşamaq uğrunda mübarizə aparan saysız-hesabsız köçəri ailələrdən birinin 12 uşağından altıncısısı, ya yeddincisi idi. Çünki, heç özü də bilmirdi ki, ailəsinin neçənci uşağıdır. Yeməkləri yalnız dəvə südü, bayramlarda düyü olan bu ailə aclıq, səfalət çəkir. Ən böyük dərdləri su tapmaq və dəvələri vahəyə çatdırmaqdır. Varis bu işdə özünü uğurlu sayırdı.
Somalidə insandan daha çox dəvə var, çünki dəvə bu istiyə, susuzluğa sinə gərən yeganə heyvandır. Varis əsərdə heyvanlar, optimist olmaq haqqında maraqlı fikirlər yazır.
Desert flower
İnşallah fəlsəfəsi – Varisin diliylə desək, “bizim yaşam tərzimiz idi”. “Bəzən dəvə südü hamıya çatmazdı. İnşallah, sabah daha çox olar ümidiylə bir-birimizə sarılıb yatırdıq”.
Heyvanlar – “bişirib yeyə bilməyəciyimiz qədər bizə dəyərli idi”.
Maqal hidbid — axşam düşəndə üfüqün qızarmasına “eşq zamanı” deyirlər. Pessimist olmaq enerjisini alırdı deyə biz həmişə nəşəli davranırdıq. Həm də bu vaxt olduqca möhkəm şəkildə bağlandığımız dəvələrin tövləyə keçmə vaxtıdır bu vaxt.
Ayaqqabı — Varis daim öz ağrılarından yazır. Belə ki, səhrada o qədər ayaqyalın gəzib ayaqlarını incitmişdi ki, yaşının bu vaxtında hələ də çoxlu ayaqqabı aldığını qeyd edir. Uşaqlıq vaxtı incidilmiş ayaqlarını çeşidli ayaqqabıları ilə təsəlli edir.
Paralellər - Varis Afrikanın həyatını təsvir edərkən tez-tez müasir Qərb dünyası ilə paralellər aparırdı. Məsələn, o qızmar Afrika çöllərinə su axtarmağa gedərkən min cür əziyyətlər çəksə də, heç vaxt susuz geri qayıtmadığını deyirdi. Çünki susuz qayıtmaq taleyə məğlub olmaq demək idi. Varis isə nə ailəsinə, nə taleyinə hələm – hələm boyun əyən qızlardan deyildi. Ona görə Qərbdə yaşayarkən hansısa bir insanın sadə ofis işini görməyə canı çıxdığını görəndə ona həmişə bu ifadəni demək istəyirdi: “Gəl, səni səhraya su axtarmağa göndərim”.
Kilo itirmək üçün pul ödəmək Varisə ən gülməli və acınacaqlı gələn hallardan idi. Yəni mənim vətənim nə dərddə, siz nəyin həsrətində?! Bu arzuda olanların hamısını Afrikaya səyahətə göndərmək onun ən böyük arzusu idi.
Waris Dirie- Desert flowerSaat — Günəşin əyilməsi ilə saatı təyin etmək qabiliyyətini hündür binalı Nyu-Yorkda da yadırğamadığından fəxrlə hələ də saat taxmadığını deyir.
Stress — Afrikada stress yoxdur, həyat sürətli deyil, yağışı bayram kimi qeyd edir, hər xırda təbiət hadisəsinə və ümumilikdə xırda xoş hadisəyə sevinirdilər.
Sünnət — Varis beş yaşında sünnət edildiyindən bu ağır prosesi əsərində o qədər ətraflı, hətta beş yaşlı uşaq səmimiliyi ilə yazıb ki, kitabı oxumaq eşqinə düşən əsəbi zəiflərin o hissəni oxumasını tövsiyə etmirəm.
Varis qorxuducu statistika çatdırır. “Hər il iki milyon qız uşağı bu bəlaya məruz qalır”. Məqsəd yalnız qadının intim həyatdan zövq almamasıdır. Baxmayaraq ki, bu qadağa heç bir dində yoxdur.
Varis öz sünnətini bir tərəfə qoyaraq, başıbəlalı bir bədbəxt qızı da təsvir edir. Qayalığın dibinə sünnət olunmuş qızı qoyub gedirlər, o isə qanaxmadan ölür və qızcığazın cəsədini quzğunlar parçalayır. Ana gəlib övladının basdırır.
Qərb həyatı — Varisin min cür əziyyətlərdən sonra Londona gəlməsi, burda Naomi Kembell, İman kimi məşhur supermodellərlə görüşü, Amerikaya səfəri, karyerasında uğur qazanması, ərə getməsi, ana olması təsvir olunur. Sanki romanın bu hissələri əvvəlki şövqünü azaldır.
Varisin Afrika macəraları daha həyati və daha cəlbedici gəlirdi. Londonda Varis artıq adi model, Afrikada isə çöl çiçəyidir. Varis özü də bunu etiraf edir, çöldə ulduzların altındakı yatmaq zövqünün rahat pərqu döşəklərdə yatmaqla müqayisə belə edilməyəciyini yazır. Afrikanı özünün əbədi və əzəli vətəni sayır, onu hətta öz mənfi cəhətləri ilə də sevir, sadəcə vətənindəki qadınların sünnət olunmadan normal təhsil alması onun ən böyük arzusudur. Buna qarşı da neçə ildir ki, müxtəlif humanitar təşkilatlarla birgə mübarizə aparır. Lakin...
“Google”da axtarış verirsən və “hər il iki milyon qadın sünnət edilir” statistikası ilə rastlaşırsan. Demək ki, hələ çox çöl çiçəyi öz hekayətlərini dünyayla paylaşacaq.
Tarix: 08.12.2014 / 14:01 Müəllif: Aziza Baxılıb: 189 Bölmə: Kitablar və mütaliə