Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əməllər niyyətlərə görədir və Dində olmayan bir şeyi dinə əlavə etmək

BİRİNCİ HƏDİS
Əməllər niyyətlərə görədir...
Ömər ibn Xəttab t deyir ki, mən Peyğəmbərin r belə dediyini eşitmişəm: «Doğrudan da əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır. Kimin hicrəti Allaha və rəsuluna olarsa, onun hicrəti Allaha və rəsulunadır. Kimin hicrəti əldə edəcəyi dünya mənfəətinə, yaxud evlənəcəyi qadına görə olarsa, onun hicrəti də ona görədir»[1]. Buxari və Müslim.

İKİNCİ HƏDİS
Dində olmayan bir şeyi dinə əlavə etmək
Aişə t Peyğəmbərin r belə dediyini rəvayət edir: «Kim bizim bu dinimizə ondan olmayan bir şeyi əlavə edərsə etdiyi rədd olunar»[2]. Digər rəvayətdə isə deyilir: «Kim bizim əmrimiz olmayan bir işi edərsə etdiyi rədd olunar»[3]. Buxari və Müslim rəvayət etmişlər.

Hədislərin şərhini oxuyun...>>>

Bu iki əzəmətli hədis dinin bütün sahələrini, vacib və müstəhəb, zahiri və batini məsələlərini əhatə edir. Ömərin hədisi batini, Aişənin hədisi isə zahiri əməllər üçün tərəzidir.
Hər iki hədisdə, zahiri və batini söz və əməllərin qəbul olması üçün şərt hesab olunan, ibadət olunana ixlas və Peyğəmbərə s.a.v. itaət etmək göstərilir. Məqbul əməl, Peyğəmbərə s.a.v. itaət edərək Allah üçün ixlaslı edilən əməldir. Edilən əməl deyilən iki şərtdən, yaxud birindən xali olarsa həmin əməl məqbul sayılmaz və uca Allahın bu ayəsinə daxil olar: «Onların etdikləri hər hansı bir əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik!» (əl-Furqan: 23).
Deyilən iki şərtə əməl edən kimsə isə bu ayələrin əhatəsinə daxildir: «Yaxşı əməl sahibi olub, özünü Allaha təslim edən ... şəxsdən din etibarilə daha gözəl kim ola bilər?...» (ən-Nisa: 125).
«(Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər» (əl-Bəqərə: 112).
Niyyət isə Allaha yaxınlaşmaq, Onun rizasını və savabını qazanmaq üçün edəcəyin əmələ yönəlməkdir. Buraya əməlin özü və əməli kimin üçün edirsənsə onun üçün edilən niyyət daxildir.
Əməlin özü üçün edilən niyyət dedikdə, təharətin bütün növləri, namaz, zəkat, oruc, həcc və istənilən başqa ibadət niyyət edilmədən düzgün olmaz. Belə ki, insan icra edəcəyi müəyyən ibadətə niyyət etməlidir. Əgər ediləcək ibadətin müxtəlif növləri varsa, məsələn namaz kimi. Bəzi namazlar fərz, bəziləri xüsusi nafilə, bəziləri isə ümumi nafilədir. Ümumi nafilə namazlar üçün namaz niyyəti etmək kifayətdir. Amma fərz (zöhr, əsr, məğrib və s.) və ya (vitr, fərz namazlardan öncə və ya sonra qılınan ratibə sünnətlər kimi) xüsusi nafilə namazlarda, namaz niyyəti ilə yanaşı müəyyən edilmiş ibadət üçün də niyyət edilməlidir. Bu qayda bütün ibadətlərə aiddir.
Həmçinin ibadəti adətdən fərqləndirmək lazımdır. Məsələn, çimmək sərinlənmək və təmizlənmək üçün ola bilər. Həmçinin cənabətdən pak olmaq, meyit yuduqdan sonra və ya cümə namazı qılmaq və s. üçün ola bilər. Belə halda insan cənabətdən təmizlənməyi, yaxud deyilən müstəhəb qüslü niyyət etməlidir. Həmçinin insan zəkat, kəffarə, nəzir, könüllü sədəqə və ya hədiyyə olaraq pul versin. Bütün bunların ölçüsü niyyətdir.
Alış-veriş işlərində hiylə işlətmək də buraya daxildir. Ola bilər ki, zahiri baxımdan doğru hesab olunan alış-veriş işi görən insan, əslində sələmçiliyə yetişmək, yaxud kiminsə haqqını yemək və ya haram işə qovuşmaq üçün çalışsın. Burada ölçü, əməlin zahiri yox, həmin adamın niyyəti və qəsdidir. Çünki əməllər niyyətlərə görədir. Belə hallar, danışılmış işə nəzərdə tutulmayan, yaxud sövdələşməyə, ona aid olmayan şərti əlavə etməklə ola bilər. Bunları Şeyxülislam demişdir.
Həmçinin uca Allah rici talaq və vəsiyyət edən kimsənin bununla başqasına zərər vurmamağı məqsəd etməməyi şərt qoymuşdur.
Bura, insanın məqsədinə çatması üçün istifadə etdiyi bütün vasitələr daxildir. Çünki yaxşı və ya pis məqsədə aid olan hökmlər, vasitələrə də aiddir. Allah, yaxşı iş sahibini pis iş sahibindən fərqləndirir.
Əməli kimin üçün edirsənsə onun üçün edilən niyyətə gəldikdə bu, bəndənin icra etdiyi və ya çəkindiyi sözlü və ya feli işlərində Allah üçün ixlaslı olmasıdır. Uca Allah buyurur: «Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək ibadət etsinlər...» (əl-Bəyyinə: 5). «Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur...» (əz-Zumər: 3).
Demək bəndə bütün işlərini ümumi mənada əhatə edən niyyət etməli və bu əməlləri sırf Allah xətrinə, Ona yaxınlaşmaq, savab qazanmaq, Onun mükafatına qovuşmaq və əzabından qurtulmaq üçün edəcəyini məqsəd etməlidir. Daha sonra bu niyyətini hər bir əməlində, sözündə və bütün işlərində büruzə verməlidir. Bununla yanaşı həmin işlərində ixlaslı olmağa və onu təkmilləşdirməyə və ona zidd olan hər bir amildən: riyadan, təkəbbürlülükdən, insanların tərifini qazanmaqdan, onların alqışlarını güdməkdən və s. bu kimi hallardan – uzaq durmağa çalışmalıdır. Belə hal baş verdikdə bəndə bunu əməlinin məqsədinə, muradına çevirməməlidir. Əksinə, həmin işi görməkdə bəndənin məqsədi və amalı Allahın rizası, heç bir məxluqa fikir vermədən, onların xeyrini və ya mədhini istəmədən, yalnız Onun savabını qazanmaq olmalıdır. Əgər deyilən hallar bəndə tərəfindən istəmədən baş verərsə, ona heç bir zərər gətirməz. Əksinə, bu möminin vaxtından əvvəl müjdəsi ola bilər.
Peyğəmbərin (s.a.v.) «Doğrudan da əməllər niyyətlərə görədir...» sözünün mənası o deməkdir ki, əməllər niyyətsiz hasil olmur, baş vermir. Əməllər niyyətlə bağlıdır. Sonra Peyğəmbər (s.a.v.) deyir: «Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır...». Yəni, əməllərin məqbul və ya puç, kamil və ya naqis olması bəndənin niyyətindən asılıdır. Kim xeyirli iş görməyə niyyət edib, məqsədi ali məqama yetişmək: Allaha yaxınlaşmaq olarsa onun üçün kamil savab və tam mükafat hasil olar. Kimin niyyəti və qəsdi naqis olarsa, savabı da naqis olar. Kimin niyyəti bu ali məqama deyil digər tərəfə yönələrsə o adam xeyirdən məhrum olar və məramına çevirdiyi səviyyəsiz və naqis işləri əldə edər.
Buna görə Peyğəmbər (s.a.v.) bütün işlərin müqayisə olunacağı bir məsəl çəkərək deyir: «Kimin hicrəti Allaha və rəsuluna olarsa, onun hicrəti Allaha və rəsulunadır...». Yəni, insan niyyət etdiyinə nail olar və etdiyinin mükafatını Allah verər. «Kimin hicrəti əldə edəcəyi dünya mənfəətinə, yaxud evlənəcəyi qadına görə olarsa, onun hicrəti də ona görədir».
Dünya məqsədlərinə nail olmağı qeyd etdikdən sonra, qadın adının xüsusi şəkildə qeyd olunmasına səbəb, bütün bunların (deyilən ali məqsəd qarşısında) aşağı və faydasız olduğunu bildirməkdir.
Həmçinin Peyğəmbərdən (s.a.v.) şücaətini göstərmək, yaxud ad-san qazanmaq, yaxud döyüş meydanında özünü göstərmək üçün döyüşənlərdən hansının Allah yolunda olduğunu soruşduqda demişdir: «Allah yolunda döyüşən, Allahın adını uca tutmaq üçün döyüşən kimsədir»[4].
Uca Allah, verilən sədəqənin niyyətlərə görə fərqli olması barədə buyurur: «Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər...» əl-Bəqərə: 265.
«Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz)...» Ən-Nisa: 38.
Bütün əməllər də belədir.
İşi görən kimsənin qəlbindəki iman və ixlas səviyyəsinə görə onun etdiyi əməllər də bir-birindən üstün olur, savabı fərqlənir. Hətta sadiq niyyət sahibi olan kimsə əməli etməsə də onu etmiş kimi savab qazanır. Ələlxüsus bu sahədə bacardığını edən kimsə. Uca Allah buyurur: «...Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər!...» Ən-Nisa: 100.
Buxarinin "əs-Səhih" əsərində Peyğəmbərə (s.a.v.) nisbət olunan hədisdə deyilir: «Bəndə xəstələndikdə və ya səfərə çıxdıqda, sağlam və evində olarkən etdiyi əməllərin savabı onun üçün yazılar»[5]. «Mədinə şəhərində elə adamlar vardır ki, sizin qət etdiyiniz və keçdiyiniz hər vadidə onlar da (niyyətləri, qəlbləri və savab qazanmaları baxımından) – sizinlədirlər. Lakin üzrlü səbəblər onları saxlamışdır»[6]. Bəndə xeyirli iş görməyə niyyət edib, sonra həmin işi görə bilmədikdə niyyəti və əzminə görə ona tam savab yazılar.
Məxluqata mal-dövlət, söz və əməl ilə yaxşılıq etmək Allah yanında xeyirxahlıq və savab sayılır. Lakin niyyət ilə bu əməlin savabı daha da çoxalır. Uca Allah buyurur: «Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir...» (Nisa: 114).
Yəni, onun gördüyü bu iş xeyir sayılır. Daha sonra uca Allah buyurur: «...Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!» (Nisa: 114). Demək ayədə bu işi Allah rizası üçün görənə daha böyük savab vəd edilir. Buxarinin "əs-Səhih" əsərində Peyğəmbərə (s.a.v.) istinadən deyilir: «Kim insanların malını alıb qaytarmaq istəyərsə, Allah onun əvəzinə onu qaytarar. İnsanların malını alıb batırmaq istəyəni, Allah (ya bu dünyada, ya da axirətdə əzaba) batırar»[7].
Baxın görün, yaxşı niyyət ruzinin bolluğuna və Allahın həmin insanın borcunun əvəzini verməsinə necə səbəb olur. Pis niyyət isə ruzinin və borc sahibinin tələf olmasına səbəb olur.
Niyyət həmçinin mübah və ümumiyyətlə bütün dünya işlərində keçərlidir. O kimsə ki, qazancında, dünyəvi və adi işlərində məqsədi bununla Allahın haqqını ödəmək, boynuna düşən vacib və müstəhəb əməlləri yerinə yetirmək olar, sonra bu gözəl niyyəti yeməyində, içməyində, yatmağında, istirahətində və müxtəlif qazanc işlərində təcəlli edərsə onun adətə görə etdiyi işlər ibadətə çevrilər. Allah belə bəndənin işlərinə bərəkət verər, onun üçün ağılı kəsməyən yerdən xeyir və ruzi qapıları açar. Kim cahilliyi və səhlənkarlığı ucbatından bu gözəl niyyəti əldən verərsə, sonra özündən başqasını qınamasın. Buxarinin "əs-Səhih" əsərində Peyğəmbərin (s.a.v.) belə dediyini rəvayət olunur: «Sən Allah üçün etdiyin hər bir işə görə savab qazanarsan, hətta arvadına yedizdirdiyin bir tikəyə görə»[8].
Bununla da bəlli olur ki, bu hədis bütün xeyirli işləri əhatə edən bir hədisdir. Nəfsinin nicat tapmasını və faydalanmasını istəyən hər bir mömin bu hədisin mənasını başa düşməlidir. Bu hədisə əməl etmək istəyi isə hər halda və hər vaxtda onun gözü önündə olmalıdır.
Aişənin (A.r.o.) hədisinə gəlincə oradakı, «Kim bizim bu dinimizə ondan olmayan bir şeyi əlavə edərsə etdiyi rədd olunar». Digər rəvayətdə isə: «Kim bizim əmrimiz olmayan bir işi edərsə etdiyi rədd olunar» – sözləri həm ifadəsinə həm də məfhumuna görə müəyyən məna kəsb edir.
Hədisin ifadə baxımından kəsb etdiyi mənaya görə, quran və sünnədə heç bir əsası olmadan dinə əlavə edilmiş hər bidət, tutaq ki, istər cəhmiyyəlilər, rafizilər, mötəzililər və başqa fəlsəfi bidətlər, yaxud Allahın və Peyğəmbərinin əmr etmədiyi ibadətlərlə Allaha ibadət olunan feli bidətlər olsun, – bütün bunlar onu ixtira edənin özünə qalır. Belə əməl sahibləri etdikləri bidətdən və dindən nə qədər uzaq düşmələrindən asılı olaraq məzəmmət olunurlar. Kim Allah və rəsulunun demədiyi bir şeyi Onun adından deyər, yaxud Allah və rəsulunun icazə vermədiyi bir şeylə ibadət edərsə o bidətçidir. Kim mübah olanları haram edər, yaxud şəriətdən olmayan işlərlə ibadət edərsə o kəs bidətçidir.
Hədisin məfhumuna görə, kim Allah və rəsulunun əmr etdiyi bir işi, deyək ki, doğru etiqadla və saleh əməllərlə Allaha ibadət etmək və bu kimi işlər görərsə onun əməli məqbul, çalışqanlığı xoş olar.
Həmçinin hədisdən görsənir ki, şəriətdə qadağan olunmuş şəkildə edilən ibadət düzgün sayılmır. Çünki bu iş şəriət sahibi tərəfindən əmr olunmamışdır. Bir işin qadağan olunması onun fəsadlı olması deməkdir. Şəriətin qadağan etdiyi hər bir müqavilə ləğv edilmiş və etibarsız sayılır.



[1] Buxari: Bədul Vəhy ? 1. Müslim: İmarə ? 1907. Tirmizi: Fədailul Cihad. ? 1647. Nəsai: Təharət ? 75. Əbu Davud: Talaq ? 2201. İbn Macə: Zühd ? 4227. Əhməd: 1, 43.
[2] Buxari: Sülh ? 2550. Müslim: əl-Əqdiyə ? 1718. Əbu Davud: əs-Sünnə: ? 4606. İbn Macə: əl-Müqəddimə 14. Əhməd: 6, 270.
[3] Müslim: əl-Əqdiyə ? 1718. Əhməd: 6, 146.
[4] Buxari: ? 123. Müslim: ? 1904. Tirmizi: ? 1646. Nəsai: ? 3136. Əbu Davud: ? 2517. İbn Macə: ? 2783. Əhməd: 4, 417.
[5] Buxari: ? 2834. Əbu Davud: ? 3091. Əhməd: 4/ 410.
[6] Buxari: ? 4161. İbn Macə: ? 2764.
[7] Buxari: ? 2257. İbn Macə: ? 2411. Əhməd: 2/ 417.
[8] Buxari: ? 1234. Müslim: ? 1628. Tirmizi: ? 2116. Əbu Davud: ? 2864. Əhməd: 1/ 176. Malik: ? 1495. Darimi: 3196.


Tarix: 25.04.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 388 Bölmə: Hedisler
loading...