Ən təhlükəsiz idman növlərindən biri də fitnesdir. Mütəxəssislər bildirirlər ki, bu idman növü ilə mütəmadi məşğul olmaqla ideal bədən quruluşuna sahib olmaq mümkündür. Buna görə də sağlam həyat tərzi keçirmək istəyənlərə gün ərzində yarım saat bu idman növü ilə məşğul olmaq məsləhət görülür. Lakin bu yaxınlarda mütəxəssislərin apardığı bir araşdırma bu fikirləri alt-üst edib. Onlar bildiriblər ki, çoxlarının düşündüyü kimi fitneslə məşğul olmaq heç də infarkt və diabet riskindən sığortalanmaq demək deyil. Bu fikri irəli sürən İngiltərənin Lestera və Lafboro Universiteninin professorları gəldikləri qənaəti əsaslandırmaq üçün 18 müxtəlif araşdırma aparıblar. Araşdırmada minlərlə insan iştirak edib. Mütəxəssislər oturaq həyat tərzi keçirən və vaxtaşırı idman zallarını ziyarət edən insanların sağlamlıq vəziyyətinə diqqət yetiriblər.
Günümüzün demək olar ki, böyük bir hissəsini işdə kompyuter arxasında oturaraq keçiririk, eləcə də işdən evə qayıtdığımız zaman məsafə nə qədər kiçik olur olsun avtomobildən, metrodan istifadə edirik. Günün bu qədər böyük hissəsini passiv şəkildə keçirdikdən sonra isə inanırıq ki, yarım saat idmanla məşğul olmaqla sağlam gün keçirmiş olacağıq. Aparılan bu araşdırma isə belə deməyə əsas verir ki,vaxtının 50-70 faizini oturaraq keçirən şəxslərdə ürək-damar xəstəlikləri və şəkərli diabet riskinin yaranma ehtimalı iki dəfə artıq olur. Həm də bu araşdırmaya görə, fitneslə məşğul olmaq bədən quruluşunu ideal formada saxlamağa kömək etsə də, o ürək və damar xəstəliklərinin qarşısını almaq üçün təsirli vasitə hesab edilmir. Həkimlərin sözlərinə görə, infarktdan, iflicdən qurtulmaq, damarların tonusunu qorumaq üçün hər şeydən əvvəl iri addımlarla gəzmək lazımdır. Əgər siz də bu kimi təhlükələrdən xilas olmaq istəyirsinizsə, gününüzün ən azı 30-40 dəqiqəsini piyada gəzintiyə sərf edin.
Tarix: 07.01.2015 / 11:55 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Həkim baba