Analığa namizədlərin hamiləlik zamanı tez-tez müxtəlif təamları arzulamaları, ürək bulantısı, baş, bel ağrısı keçirmələri normal haldır. Bəs bu halın kişilərdə müşahidə edilməsi nə deməkdir?
Çoxlarınıza qəribə gələ bilər, amma hamiləlik yaşayan qadınlarla yanaşı onların ərlərində də bu simptomların müşahidə edilməsi artıq tibbi yolla sübut edilib. Tibbdəki adı “Couvade Sindromu” olan bu xəstəlik kişilərdə əsasən qadının hamiləliyinin altıncı ayında və ya artıq hamiləlik müddəti sona yaxınlaşmağa başladığı zaman hiss edilir.
Mütəxəssis psixoloq Əslixan Toxgöz bu situasiyanın səbəbini belə açıqlayır: “Özünü hamilə həyat yoldaşının yerinə qoymaq, yeni doğulacaq körpəyə qarşı qısqanclıq, onun sağlamlığı ilə bağlı qorxu, həyat yoldaşının sağlamlığı üçün yaranacaq hər hansı təhlükədən qorxu və. s bu kimi vəziyyətlər atalığa namizədlərdə stress yaranmasına, bu isə onların özlərini hamilə kimi hiss etmələrinə və ona uyğun davranmalarına səbəb olur. “Couvade Sindromu” nun göstəriciləri bunlardır: daha duyğusal davranışlar: səbəbsiz gülmək, səbəbsiz ağlamaq, hər şeyə əsəbiləşmək, yorğunluq, baş ağrısı, bel ağrısı, kökəlmək, ürək bulantısı, baş fırlanması və.s””
Mütəxəssisin sözlərinə görə, bu problemlərlə üzləşmək istəməyən və ya bu vəziyyətdən qurtulmaq istəyən kişilər hamilə qadınlarının üzərində əsmək, sağlamlıqları üçün narahatlıq keçirmək əvəzinə, onların yaşadığı xoşbəxtliyi paylaşmağı bacarmalıdırlar.
Bundan əlavə, duyğusal və fiziki sıxıntıların olacağı qorxusuna qalib gəlmək üçün atalığa namizədlərə bu haqda kitablar oxumaq, uşağın qarnının doydurulması, altının təmizlənməsi barədə məlumatlara yiyələnmək məsləhət görülür.
Körpə doğulduqdan sonra maddi sıxıntıların yaşanacağına görə stress yaşayanlara isə xanımları ilə birlikdə oturub yeni ailə büdcəsi tərtib etmələri, uşağın hər cür ehtiyaclarını və bunu qarşılamağın yollarını həmin siyahıya daxil etmələri, sindromun artıq təhlükəli hal aldığını düşündükələri zaman isə psixoloqa müraciət etmələri tövsiyyə edilir.
Tarix: 07.01.2015 / 11:22 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Həkim baba