Biz kişilər üçün sevimli çərəzlərdən biri də krevetkadır. Amma çox vaxt ətrafdan onun sağlamlığa zərərli olduğu barədə şayələr eşidirik. Bütün bunlar həqiqətə nə dərəcədə uyğundur? Bu dəfəki məqalədə bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.
Dəniz məhsullarından hesab edilən krevetka bir çox balıq növlərinə nisbətən daha yüksək zülala və xolesterol səviyyəsinə malikdir. Bununla yanaşı onda doymuş yağ nisbəti toyuq və mal ətinə nisbətən daha aşağıdır. D, B3 vitaminləri və sink ilə zəngin olan bu dəniz məhsulu artıq çəkidən qurtulmaq üçün olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda o yeni hüceyrələrin inkişafına şərait yaradır, saçın cansızlığını aradan qaldırır. Buna görə də deyə bilərik ki, krevetka bəzilərinin dediyi kimi zərərli qida vasitəsi deyil. Əlbəttə ki, bir çox qida kimi o da çox istifadə edildikdə orqanizm üçün zərərli ola bilər. Mütəxəssislərin sözlərinə görə, dəniz məhsulları ürək üçün nə qədər faydalı olur olsun, həftəfə iki dəfədən daha çox qəbul edilməsi məsləhət görülmür. Amma nəzərə alsaq ki, biz krevetkadan əsasən içki süfrəsində çərəz kimi istifadə edir, gündəlik yeməklərimizdə bu dəniz məhsuluna o qədər çox yer ayırmırıq, deməli, bu məsələdə narahat olmağa dəyməz.
Bu gün krevetkanın geniş yayılmış növlərindən biri də onun konservləşdirilmiş formasıdır. Mütəxəssislərin sözlərinə görə, bu növ krevetkadan istifadə edərkən xüsusilə diqqətli olmalı, onların saxlanma şəraitinə, qida dəyərinə, istehsal və son istifadə müddəti haqqında məlumata xüsusilə fikir verməliyik. Konserv formasında olan krevetkaları açan kimi yemək və ikinci dəfə dondurucuya qoymamaq tövsiyə edilir.
Bu qədər, əziz kişilər, əminliklə deyə bilərik yuxarıda göstərilən şayələrdən narahat olmağınız üçün heç bir səbəb yoxdur.
Tarix: 07.01.2015 / 11:48 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Həkim baba