Kökəlmək, artıq çəki ilə bağlı qadınlar daha çox şikayətlənirlər, amma statistika göstərir ki, artıq çəki kişilərin sağlamlığına daha çox ziyan vurur, hətta erkən qarşısı alınmadıqda bu xəstəlik ölümlə nəticələnir.
Araşdırmaların nəticəsi sübut edir ki, son illər ərzində sürətli formada yayılan bu xəstəlik kişilər arasında şəkər xəstəliyi, qan-damar xəstəliklərinin və yüksək xolesterolun yaranmasına səbəb olur.
Bəzi hallarda həddindən artıq çox kökəldiyimizi hiss etsək də, buna o qədər də diqqət etmirik. Əziz bəylər, xəbəriniz olsun ki, çox kökəlmək həm də sizdə olan hansısa daxili xəstəliyin işarəsidir. Bəs, bu köklüyün artıq xəstəlik halına çevrildiyini necə müəyyənləşdirə bilərik? Çox sadə. Bunu özümüz evdə həkimə müraciət etmədən də müəyyən edə bilirik. Bunun üçün bel-qarın bölgəsini sadə metrə ilə ölçürük. Əgər sizin bel çevrəniz 102 sm-dən çoxdursa, deməli artıq köklük sizdə xəstəlik halına çevrilib, həkimə müraciət etmək zamanıdır. Qadınlarda isə bu rəqəm 88 sm-dir.
Bəs, qadınlar köklükdən daha çox şikayət etdikləri halda, bu xəstəliyin kişilər arasında yayılmasının səbəbi nədir? Bəzi hallarda hətta kişinin erkən yaşda həyatdan köçməsinə səbəb olan qadın və kişi arasındakı orqanizm fərqi hansıdır? Bu sual ətrafında araşdırmalar aparan tibb mütəxəssisləri belə qənaətə gəliblər ki, qadın və kişi bədənində yağın paylanma dərəcəsi fərqlidir. Buna görə də kişilər kökələndə əsasən qarın nahiyələrində, qadınlarda isə daha çox baldır, qol və qıçlarında piylənmə hiss olunur. Bu fərqə səbəb olan əsas maddə isə qadınlıq hormonu hesab edilən östrojendir. Bu hormon qadınların qarın nahiyəsinin kökəlməsinə mane olur, əvəzində isə yağı digər bölgələrə ötürür. Kişilərdə isə bu hormon olmadığı üçün onlarda piylənmə və köklüyün xəstəlik halına çevrilməsi daha çox müşahidə edilir.
Buna görə də həkimlər əvvəlki çəkisi ilə müqayisədə 10 kq kökəldiyini hiss edən kişilərə çox gec olmadan həkim məsləhətinə müraciət etməyi məsləhət görürlər. Əziz kişilər, sonradan bu cür halla qarşılaşmamaq üçün çəkinizi nəzarətdə saxlamağınız mütləqdir.
Tarix: 07.01.2015 / 11:46 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Həkim baba