Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Parqalı İbrahim Paşa

Parqalı İbrahim Paşa - Sultan Süleyman Qanuninin hakimiyyəti dövründə, 1523 - 1536-cı illərdə Sədrəzamlıq etmiş dövlət xadimi.Mündəricat
1 Milliyyəti
2 Yüksəlişi
3 Hakimiyyətinin genişlənməsi
4 Ölümü
5 Ədəbiyyat
6 Həmçinin bax


Milliyyəti

İbrahim Paşa, bu gün Yunanıstan ərazisində yerləşən Parga şəhəri yaxınlığında yerləşən kənddə anadan olmuşdur. Müxtəlif qaynaqlarda miliyyəti haqqında məlumatlar verilmişdir. Bəzi qaynaqlar Rumıniyalı, bəziləri isə İtaliyalı olduğunu göstərmişdilər. Parqalı İbrahim Paşa haqqında olan məlumatlarda, atasının balıqçı olduğu məlumdur. 6 yaşında dəniz quldurları tərəfindən qaçırılaraq, Manisa ili yaxınlığında dul bir qadına satılmışdır. Bu qadın İbrahimin elm və tərbiyə almasında böyük rol oynamışdır. İbrahim Paşanın musiqi təhsilinidə bu qadından aldığı ehtimal olunur. Mənbələrdə İbrahim Paşanın ud alətinin mahir ifaçısı olduğu dəfələrlə vurğulanır. İbrahimin Sultan Süleyman Qanuni ilə tanış olması Qanuni Manisa ilində şahzadə olarkən baş vermişdir. Hər iki şəxs arasında qısa zamanda dostluq münasibətləri yaranmış və Sultan Süleyman Qanuni İstanbulda taxta çıxan zaman İbrahim Paşanıda özü ilə birgə aparmışdır.

Yüksəlişi

Parqalı İbrahim Paşa edam olunan günə qədər 14 il müddətinə Sultan Süleyman Qanuninin ən yaxın adamı olmuşdur. Sultan bir çox məsələlərin həll olunmasında İbrahim Paşadan məsləhət alırdı. Bir çox mənbələr Sultan Süleymanın qəbul etdiyi hər hansısa bir qərardan daşındırmağı yalnız İbrahim Paşanın edə biləcəyini qeyd etmişdilər. Sultan Süleyman Qanuninin hökümdar elan olunmasından sonra Osmanlı Sarayında ilk olaraq Hasodabaşı vəzifəsinə gətirilmişdir. Bu müddət ərzində sultanla olan şəxsi tanışlığı və isti münasibəti nəticəsində qısa müddətdə vəzifəsi artırılmışdır. İbrahim Paşa 1521-ci ildə Belqrad, 1522-ci ildə isə Rodos fəthlərində iştirak etmişdir.

Əldə olunan uğurlar səbəbindən Parqalı İbrahim Paşa 1523-cü ildə Osmanlı İmperiyasının Sədrəzamı təyin olunur. Sədrəzam kimi ilk fəaliyyəti Misirdə sultan əleyhinə başlanan üsyanı yatırmaq olmuşdur. Əldə olunan uğurlara görə İbrahim Paşaya Misir Bəylərbəyi adı verilmişdir. Macarıstan səfərində iştirak etmiş və Moxaç müharibəsində Osmanlı İmperiyasının qalib gəlməsində mühüm rol oynamışdır. Sonrakı illərdə Anadoluda Ələvi - Türkmən üsyanlarının yatırılmasına rəhbərlik etmişdir. Anadoluda imperiya əleyhinə yaşanan üsyanların yatırılmasında İbrahim Paşanın rolu xüsusi vurğulanır. Avstriya İmperiyası ilə aparılan danışıqlarda şəxsən iştirak etməsi özünü Avstriya Kralı ilə eyniləşdirmək kimi qəbul olunmuşdur. Səfəvilər dövlətinə qarşı aparılan müharibələrdə iştirak etməsi və Təbrizi işğal edərək, oradanda Bağdad istiqamətinə hərəkət etməsi məlumdur.

Hakimiyyətinin genişlənməsi

Parqalı İbrahim Paşanın və elçilərin əks olunduğu minyətür.

Parqalı İbrahim Paşanın hakimiyyətin artmasının ən böyük göstəricilərindən biri Qanuni tərəfindən Sərəsgərlik vəzifəsinə təyin olunmasından sonra baş vermiş rütbə məsələsi idi. Belə ki, həmin dövrdə hərbi rütbə daşıyan şəxslər 7 dərəcədən ibarət tuğlarla bölünürdü. VII dərəcli tuğ Sultan Süleyman Qanuniyə məxsus idi. VI dərəcə isə Parqalı İbrahim Paşa daşıyırdı. Arada olan bir dərəcə isə Xilafət tuğu idi. Bununla da ölkənin iki sultan tərəfindən idarə olunduğu fikri, günü-gündən güclənirdi. Tarixi baxımdan mübahisəli olsada, İbrahim Paşanın Sultan Süleyman Qanuninin bacısı Xədicə Sultanla evləndiyi və vəzifəsinin yüksəlməsidə bu evliliyin mühüm rol oynadığı göstərilir. Bununlada Osmanlı İmperiyasının bütün xarici siyasəti İbrahim Paşanın əlinə keçmişdir. Onun razılığı olmadan hər hansısa qərarına qəbul edilməsi mümkün deyildi.

Digər tərəfdən İstanbul müqaviləsinin imzalanmasında sonra İbrahim Paşa Avstriya Kralı ilə eyni dərəcəyə yüksəlmişdir. Vatikanlı diplomatlar İbrahim Paşaya Möhtəşəm İbrahim deməsi, onun hakimiyyətinin hansı şəkildə yüksəldiyini bir daha göstərir. İbrahim Paşanın barəsində olan iddialardan birində onun bütpərəst olmasıdır. Moxaç müharibəsindən qalib gəlməsindən sonra, Budindən İstanbula müxtəlif heykəllər gətizdirmişdir. Üç gözəllər adlandırılan heykəllərin büt olması barədə sarayda fikirlər yayılmışdır. Bu dövrdə Divan şairi Fiqani yazdığı şeirlərin birində heykəlləri lənətləmiş və bunların büt olduğunu iddia etmişdir. Bu fikirlərinə görə Fiqani 1532-ci ildə edam olunmuşdur.

Ölümü

Parqalı İbrahim Paşanın ölümü barəsində müxtəlif fikirlər vardır. Əsas ehtimal İbrahim Paşanın günü-gündən güclənən nüfuzu və sonunda hakimiyyətə gəlmək istəməsi idi. 1533-cü ildə Avstriya Kralına söylədiyi bu fikirlər, onun dövlət daxilində hansı nüfuza sahib olduğunu bir daha sübut edir:

“Bu böyük dövləti mən idarə edirəm. Hər hansı əmr verirəmsə dərhal icra olunur. Yəni bütün qüdrət mənim əlimdədir. Yüksək vəzifələrə təyin olunmaq barədə, razılığı mən verirəm, əyalət rəhbərlərini mən təyin edirəm. Böyük hökümdar (Sultan Süleyman Qanuni) hər hansısa bir qərar qəbul edəndə, mənimdə razılığıma gözləyir. Əgər razı deyiləmsə, tərəddüd içərisində qalır, çünki hər şey hərb, sülh, sərvət və qüvvət mənim əlimdədir.”



Səfəvilər dövləti üzərinə yürüşün təşkil edilməsindən sonra Sultan Süleyman Qanuni ilə İbrahim Paşa arasında olan münasibətlər soyumağa başlamışdır. Dəftərdar İsgəndər Çələbinin səbəbsiz yerə edam edilməsi, hər iki şəxs arasında olan münasibətləri daha da gərginləşdirmişdir. Sultan Süleyman Qanuniyə İbrahim Paşa Təbrizdə olarkən bəzi məlumatlar verilir. Həmin məlumatlara əsasən İbrahim Paşa xanımı ilə maraqlanmır, ona hədiyyə olunan Quranı qəbul etmir, Xristianlıq dininə hörmətlə yanaşır və hərbi səfərlər zamanı dövlət xəzinəsindən şəxsi məqsədlərlə istifadə edir. Özbaşına qərar qəbul etməsi səbəbindən Sultan Süleyman Qanuninin əmri ilə Parqalı İbrahim Paşa 1536-cı ildə öldürülmüşdür. Bir digər iddia əsasən İbrahim Paşanın Şahzadə Mustafanı dəstəkləməsi səbəbindən Xürrəm Sultannın fitnəsi nəticəsində öldürülmüşdür. İbrahim Paşa Fransaya veriləcək, imztiyazlar barəsində iş apararkən, 14 mart gecəsi iftar süfrəsinə dəvət edilmişdir. İftar yeməyindən sonra naməlum şəraitdə dörd cəllad tərəfindən boğularaq öldürülmüşdür.

Ədəbiyyat
Uzunçarşılı, İsmail Hakkı.” Osmanlı Tarihi. Cilt 2″.Türk Tarih Kurumu Yayınları, Ankara, 1983
Ortaylı, İlber. ” Osmanlı’yı Yeniden Keşfetmek s.151 ” Timaş yayınları , İst.2006
Tezcan, Esma. ” Pargalı İbrahim Paşa çevresindeki Edebi Yaşam ” Bilkent Üniversitesi , 2004
Danişmend, İsmail Hâmi. İzahlı Osmanlı Tarihi Kronolojisi. Cilt:2. İstanbul:Türkiye Yayınevi, 1971.
Gökbilgin, Tayyib. “İbrâhîm Paşa, Pargalı, Frenk, Makbûl, Maktûl”. İslâm Ansiklopedisi. , 1949. 908-915
Lâtîfî. Enisü’l- Fusaha ve Evsaf-I İbrahim Paşa. Haz. Ahmet Sevgi. Konya: Selçuk Üniversitesi Yayınları, Ağustos 1986.
Kadir Mısıroğlu, Makbul ve Maktul İbrahim Paşa, Sebil Yayınları, 2010
Pargalı İbrahim Paşa çevresindeki edebi yaşam, Esma Tezcan, Bilkent Üniversitesi, 2004
Hester Donaldson Jenkins, Ibrahim Pasha: Grand Vizir of Suleiman the Magnificient
E.J. Brill's first encyclopaedia of Islam, 1913-1936, Volume 2 By Martijn Theodoor Houtsma
Resimli Osmanlı Tarihi - Yavuz Bahadıroğlu - İstanbul


Tarix: 03.03.2013 / 16:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 550 Bölmə: Dunya ve tarixi
loading...