Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəzərlər

Tarixi
Müxtəlif tarixlərdə xatırlanan xəzər boyları haqqındakı məlumatlar min ildən artıq bir dövrü əhatə edir və belə böyük zaman kəsiyində onların yayıldığı ərazilərin zaman-zaman dəyişdiyini nəzərə almayan bəzi Orta əsr salnaməçiləri və son iki əsrdə xəzər məsələsi ilə məşğul olan bəzi alimlər müəyən yanlış fikirlər söyləmişlər. Hətta, vaxtilə ayrı-ayrı alimlər xəzər boylarını abxaz, gürcü, erməni (hay), osetin, fin, rus və başqa xalqlara aid etmişlər, ancaq xəzər problemi dərindən öyrənildikcə tarixi gerçəklikdən uzaq olan belə fikirlər gündəlikdən çıxmışdır, lakin xəzərlərin türk olması artıq şübhə doğurmasa da, onların hansı türk dialektində danışması və ilkin yurdu barədə mübahisələr hələ də davam edir.

Xəzər dövləti güclü olduğu dönəmlərdə onun hüdudları indiki adları ilə desək, batıda Azov dənizi, Krım və Dnepr çayı, quzeydə Kiyev, Kazan şəhəri, doğuda Volqa çayının doğu yaxaları, güneydə Dağıstan və Qafqaz dağları idi. Bəzi dövrlərdə isə güneydə Azərbaycanın bir çox bölgəsi də Xəzər dövlətinə tabe olmuşdur. Başqa-başqa etnik tərkibli əhalidən ibarət olan belə böyük əraziləri əsrlərlə nəzarət altında saxlamaq olduqca çətin idi, lakin xəzərlərin hərbi manevr bacarığı o qədər qüvvətli idi ki, tabeliyində olmayan xalqlardan da bac alırdı. Hətta Bizans və Sasanilər kimi imperiyalar da Xəzər xaqanlığına vaxtaşırı xərac verirdi. Təsadüfi deyil ki, Xəzər tarixini tədqiq edən S. S. Boquş hələ keçən əsrin əvvəlində bu sözləri deyirdi: "Xəzərlərin hökmranlığı bir neçə əsr Kaspi və Qara Dənizdən Baltik dənizinə qədər duyulmuşdur" [2].

Əsrlərlə davam edən Sasani-Bizans müharibələri əsas tranzit yolların Xəzər dövləti ərazisindən keçməsinə səbəb olduğundan İran, Hind və Çindən Avropaya gedən yollara xəzərlər nəzarət edir, İpək yolundan əldə etdikləri çoxlu vergi rüsumundan muzdlu əskərlərdən ibarət böyük ordu saxlaya bilirdilər. Ölkədə çoxlu yaşayış məskəni və şəhərlər salınırdı. Tarixçilər bunların sırasında İtil, Səməndər, Biləncər, Sarkel, Kerç, Suvar, Bulqar, Baqandı və başqa şəhərlərin adını çəkir. Bəzi şəhərlərin adı yazanın dilindən asılı olaraq, fərqli verilir. Məsələn, Tamatarxa (yunan) – Tmutarakan (rus). Bəzən də şəhərin adı yazılan dilə kalka şəklində tərcümə edilir; VIII əsrdən Xanbalık adlanan əvvəlki Saraşen (ağ qala) şəhəri ərəbdilli mənbələrdə al-Bayda (ağ şəhər) kimi verilmişdir.

Xəzər xaqanlığının Xəzər dənizinin quzey-batı yaxasında formalaşması da təsadüfi deyildi. Xəzər dənizi (gölü) tarix boyu türk boylarının əhatəsində olduğundan Oğuz xandan tutmuş, saqa-qamər, manna və alban elbəylərinin, göy-türk və xəzər xaqanlarının, Çingiz və Əmir Teymurun da qurduğu imperiyaların ortasında yerləşirdi. Başqa xalqlardan fərqli olaraq, türk tayfaları min illər boyu bu dənizin başına dönə-dönə fırlanmış, onun hüdudsuz dəniz deyil, böyük göl olduğunu görmüşlər. Bu dəniz-göl əsasən sahilində yaşadığı boyun adı ilə tanınmışdır:

Kaspi (kaspi boyu)
Xəzər (xəzər boyu)
Alban (alban boyu)
Kimak (kimak boyu)
Quzğun (quz boyu)
Bahril-Uz (uz boyu)
Qurqan (qurqan boyu) və s.

Xəzərlərin özü isə bu dənizi Xəzər deyil, Qurqan adlandırmışdır.[3]

Tarixi mənbələrə görə, gürcü hökmdarı Mirvan (e.ə.167-123) xəzər hücumlarından qorunmaq üçün Dəryal (Dar-yol) keçidində istehkam qurmuşdur. Erməni tarixçisi M. Xorenli (V əsr) yazır ki, II əsrin sonu və III əsrin əvvəllərində (193 və 213 – cü illərdə) xəzər və barsil boyları birlikdə Alban ölkəsindən keçib, Ərmən (Ərməniyə) torpaqlarına girdilər. Sasani-Bizans müharibələrində əvvəllər Artsak hökmdarlarına kömək edən xəzərlər III-IV əsrlərdə əsasən Ərmən ərazisində gedən belə savaşlarda daha çox Bizans əskərlərinə yardım edirdilər və təbii ki, yolları Azərbaycandan keçirdi.

Qərbi Hun imperiyasının tabeliyində olan xəzər boyları Atillanın ölümündən (454) sonra toparlanıb, müstəqil siyasət yeritmək fürsəti əldə etdilər, hətta 457-də yollarındakı sasani qarnizonlarını dağıdıb, İran torpaqlarına endilər və oraları yağmalayaraq, Azərbaycana qayıtdılar. Həmin dönəmdə Kür-Araz bölgələrində möhkəmlənib, İberiya və Ərməniyyə tərəfə basqınlar etdilər.

Bu olaylardan vahiməyə düşən sasanilər hətta Bizansdan yardım istəmək məcburiyətində qalmışdı. Bu dönəmdə Avropanın göbəyində yaranan Avar türk dövləti xəzərləri də öz tabeliyinə almışdı. Xəzərlərin V əsrdə bir müddət Avar dövlətinin tərkibində olması fürsətindən yararlanan sasani şahı Qubad (488-531) onlara qarşı çoxlu istehkamlar inşa etdi. Bəzi mənbələrə görə, guya Dərbəndə qədər belə istehkamlar quruldu.

Xəzər dövlətini quran bəylər Göytürk xaqanları sülaləsindən, aşina soyundan idilər, lakin bütövlükdə xəzərlər Miladdan öncə Urmu gölü hövzəsindən çıxan barsil – azər boylarından olub, Xəzərin quzeyində məskən salan türklər idi. Xəzərlər müstəqil dövlət qurana qədər Saqat (skit), Hun və Avar türk hökmdarlarına tabe olan boylardan olmuş, zaman-zaman onlarla birlikdə, bəzən də ayrılıqda Alban, İber və Ermən ərazilərinə yürüşlərdə bulunmuşlar.

Atilladan sonra Hun imperiyası ayrı-ayrı hissələrə parçalanır. Bunlardan biri də az müddətdə Avar dövlətinin vassalına çevrilən xəzər toplumu idi. Bu dönəmlərdə Xəzər dənizinin quzey yaxalarındakı xəzər yurdları şərqdə qüdrətli imperiyaya çevrilmiş Göytürk xaqanlığının batı sınırlarını təşkil edirdi və bu səbəbdən xəzər bəyləri ilk çağlarda həmin türk dövlətinin Batıdakı təmsilçisi sifətilə türk-xəzər əlaqələrinin genişlənməsinə, onların dövlətçilik gələnəyindən bəhrələnməyə çalışırdılar. Xəzər toplumunu yönətən bəylərin istəyi yalnız 558-ci ildən sonrakı illərdə gerçəkləşməyə başladı. Nüvəsini xəzər toplumunun təşkil etdiyi mərkəzləşmə ilə başlanan bölgə bəylərinin birləşməsi nəticəsində dövlət qurumları tədricən ərsəyə gəldi, 630-cu ildə Göytürk imperiyasının süqutundan sonra bugünkü güney Rusiya çöllərində yeni qüdrətli bir Xəzər xaqanlığı doğuldu.

Xəzərlərin ətrafında birləşən türk boylarının bir qismi Xəzərin güney və batı yaxaları ilə yuxarı qalxanlar, bir qismi də saqat, hun və avarlardan qalan tayfalar idi: qamər, kabar, kedar, gögər, aqaçəri, hun, ağ hun, qara hun, haylanturk, saraqur, utiqur, kutriqur, bulqar, savir və s. Yəhudi dinini qəbul etmiş Xəzər xaqanı İosif isə yazdığı məktubda xəzərlərə daha yaxın qohum soy saydığı yalnız on boyun adını çəkir, məktubda bunlardan ikisinin adı tam oxunmur:

Uqur, Turis, Avar, Uquz, Biz.l, T.r.na, Xazar, Yanur, Bulqar, Savir
— С.А.Плетнева. Хазары. M. 1976, səh 7.
Orduda muzdlu əskərlərdən də istifadə edən xəzərlər mahir döyüşçülər idi. Savaşlarda Böyük Xaqan heç vaxt iştirak etməzdi, döyüşə gedən qoşunun başında şad titulu olan xaqanın oğlu ya da yabgu, eltəbər, tudun kimi yüksək dövlət məmuru, bölgə bəyləri, hakim sülalədən olanlar dururdu. Böyük müharibələr vaxtı isə komandan Xaqan bəy olurdu. Tarixi mənbələrdə deyilir ki, savaşda məğlub olub qayıdanları, xüsusilə Xaqan bəyi böyük cəza gözləyirdi, Böyük Xaqan onun var-dövlətini yağmaladır, özünü də ailəsi ilə birlikdə ictimaiyət qarşısında rüsvay edir, bəzən ölümünə də fitva verirdi.

Sasani-Xəzər münasibətlərində xəzər ordusu zaman-zaman dəyişən mövqe tutmuşdur. Xəzərlərə qarşı farslar davamlı olaraq digər Qafqaz xalqlarından bacarıqla istifadə edirdilər. Ərsaq sülaləsi dövründə daha çox Bizansa qarşı birgə vuruşan xəzərlər, sasani sülaləsi vaxtında əksər hallarda Bizansın müttəfiqi kimi çıxış edirdi. Bu siyasət xəzərlərin Güney və Quzey Azərbaycandakı maraqlarına uyğun qurulur, Azərbaycanda nüfuz dairəsini artırmaq istəyənlərə qarşı olurdu. Məhz, Bizans-Xəzər ittifaqı sasani dövlətini çökdürüb, 627- ci ildə birdəfəlik məhv etdi, bundan sonra özünə gələ bilməyən sasanilər bir neçə il sonra isə islam ordularının tapdağı altına düşdülər.

Ərəb-Xəzər qarşıdurması 652-ci ildən başalndı. Xilafətlə eyni dönəmdə qüdrətli dövlətə çevrilən Xəzərin əsas maraq dairələri Avropaya yönəlsə də, hələ bir neçə əsr Azərbaycanda ərəb-xəzər savaşları səngimədi, gah ərəb əskərləri Dərbəndə, Biləncəriyə qədər qalxdı, gah da xəzər döyüşçüləri Ərdəbilə, Mosula, Ərmənə qədər endi. Tarixi mənbələrdə deyilir ki, xəzər xaqanının oğlu Barcil 730- cu ildə Ərdəbili tutur, Azərbaycan – Ərməniyyə hakimi Cərrahı və müsəlman əskərləri öldürür. Bundan sonra Albaniya bölgələrində müxtəlif dəstələrə ayrıldıqlarından ərəblərin əks-hücumu başarılı olur, hətta Barcil Muğanda əsir düşmək təhlükəsi qarşısında qalır. Yeri gəlmişkən, qeyd edək ki, Barcilin bu yürüş marşrutunu şərh edən bəzi xəzərşünaslar Güney Azərbaycanı deyil, yalnız Quzey Azərbaycanı göstərirlər. Məsələn, xəzərlərə aid br neçə kitab yazmış arxeoloq-tarixçi S. A. Pletneva İosif xaqanın yəhudi əlifbası ilə yazılmış məktubundakı D.ralan və Ar.d.vil şəklində verilən yer adlarından birinin Dəryal keçidi, digərinin isə guya Qafqaz Albaniyası ərazisində yerləşən Ardebil olduğunu yazır [4]. Xəzərlər quzeydə qurduqları imperiyanın sınırları içinə çəkiləndən sonra da Güney Azərbaycan əhalisi bir müddət ərəblərə qarşu vuruşdu. Yalnız Babək öləndən sonra Azərbaycanda ərəb ekspansiyası başa çatdı.

Xəzər dövləti X əsrin ortalarından artıq son illərini yaşayırdı. Xəzər dənizinin o biri başındakı türk toplumu içində yaranmaqda olan yeni Səlcuq hegemonluğu Xəzərin bu başındakı türk dövlətinin mövcud uluslararası hərbi-diplomatik rolunun əhəmiyətini azaldırdı. Yuxarıda rus knyazları güclənib, Xəzər bölgələrinə vaxtaşırı hücumlar edir, doğudan axınla gələn kuman-qıpçaq boylarının təzyiqi güclənir, hakimiyətdə bir-birinə qarşı, əhalidə isə hakimiyətə qarşı artan narazılıqlar da öz nəticəsini verirdi.

Xəzərlər artıq yeni minilliyə dövlətsiz keçdilər. Xəzər imperiyasından geniş ərazilərdə qalan türk boylarından bəziləri yeni gələn kuman-kəngər-qıpçaq soydaşlarına qarışdı, dillərinə yeni qıpçaq elementləri daxil oldu. Eyni boydan bəziləri aralı düşüb uzaqda, bəziləri də bir-birinə yaxın bölgələrdə qaldı. Xəzər toplumundakı xristian qaqauz boyu Moldova və Polşada, müsəlman kumuk, qaraçay-balkar boyları Xəzər dövlətinin tərkibindəki qafqazdilli (çeçen-inquş, abxaz, avar, lak, dargin, kabardin, adıq, çərkəz və s.) və irandilli (osetin) qonşuları ilə yanaşı Xəzər-Azaq-Qara dəniz arasında, Şimali Qafqaz dağlarının ətəklərində yaşayır. Yəhudi xəzərlərin bir qismi Krımda qaldı və bura XI-XVI əsrlər boyu İtaliyada Xazariya//Qazariya kimi tanındı. Onların bir qismi də indi karay (karaim) adı ilə Polşa və Litvada yaşayır. Yəhudi xəzərlərin bir hissəsi Azərbaycanın quzey bölgələrinə qayıtdı. Aral ətrafı bölgələrdə oturan və xəzər türkmənləri kimi tanına boyun başçısı Yabğunun soyundan törəyənlər də Səlcuq imperiyasını qurdular. Xəzər toponimi Azərbaycandan Anadoluya qədər yayılmışdır. Türkiyədə bunların çoxu yeni adlarla əvəz olunsa da, bəziləri hələ də qalır:

Vanda – Xazara (Qaraboyun), Xazar (Kırkcalı)
Trabzonda – Xəzərqrad (İki dərə)
Qarsda – Kiçik Xəzriyan (Kiçik Sütlücə)
Kayseri və Bingöldə – Xəzər-şah,
Elazığda – Xazar (Plyajköy), Xazar gölü [5]
Xəzərlərin ilkin vətənin hara olması da elmdə mübahisəli olaraq qalmaqdadır. VI əsrdə Efesli İohann bu yurdun Skitiya olduğunu, yəni Xəzər dövlətinin ərazisini göstərir. Bizans tarixçisi Feofan Nikifor isə xəzərlərin böyük xalq olduğunu və onların Berziliya ölkəsindən çıxdığını deyir.

Nikiforun dediyi Berziliyanın Dağıstandan yuxarıda olması mümkündür, çünki oralarda xəzərlərə ən yaxın barsil türk tayfaları yaşamışdır, lakin bura hər iki boyun ilkin ata yurdu yox, ikinci ata yurdu ola bilər. Doğrudur, bəzi tarixi qaynaqlar barsilləri hun və bulqar boyları içində verir, lakin Moisey Xorenli xəzər – barsil birləşməsindən danışır.


Tarix: 17.01.2015 / 16:19 Müəllif: Feriska Baxılıb: 403 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...