Padar və Bucaq hər biri ayrı-ayrılıqda soy adıdır. Göstərdiyimiz kimi, Məhəmmədhəsən bəy Vəlili-Baharlı belə hesab edir ki, padarlar səfəvilər tərəfindən Irandan köçürülüb, Dağıstan sınırında yerləşdirilmişdir. Bucaqlar isə noğayların bir qoludur. Başqa bir versiyaya görə padar və bucaqlar Iranda və kiçik Asiyada futuhatlarını həyata keçirən monqol və tatar ordusunun avanqard hissəsi olmuşlar. Məlum faktdır ki, Azərbaycanın Beyləqan, Varsan və Şəmkir şəhərlərini monqolların öncül hissələri dağıdıb. Padar və bucaqların zərbələri altında dağılan şəhərlərin əhalisi pərən-pərən düşüblər. Harada yaşadıqları indi də bilinmir. Amma xalqın yaddaşında o günlərlə səsləşən ifadələr yaşayır. "Padar-bucaq kimi süpürgə çəkdilər hər yerə…" "Qapı-baca taybatay, ev-eşik uçuq-sökük, hər yan padar-bucaq…" Padar elini monqol-tatar boylarına bağlayanlar bizcə haqlıdırlar. Sözsüz ki, onlar türk əsillidirlər və uyqurlara bağlı idilər. Tarixçi Əhməd Zəki Vəlidi Toğan "Azərbaycan" adlı kitabanda padarlar haqqında yazır: "…müxtəlif yerlərdəki padar tayfasına aid məskənlər diqqəti cəlb edir. Hər iki qəbilə (Sulduz və Padar-Ə. Ç.) bu əraziyə gəldikdən sonra torpağa bağlanmışdır. Padar onuyğur tayfasının biridir. [1]. [2] Böyük etnoqraf alim Məhəmmədhəsən bəy Vəlili-Baharlı Padar elinin Azərbaycanda yerləşməsindən bəhs etmişdir. Öz ünlü əsərində yazır: "13-cü əsrin ortalarında, Iranda hakimiyyət moğollardan olan hülakulara keçdikdə, Hülakü Iranda öz mövqeyini bərkitmək üçün 200 min türk ailəsini köçürüb, Iranda oturtmuşdu (məskunlaşdırılmışdı). O ailələr bir müddətdən sonra Azərbaycana köçdülər. Bu türklər Qayı adlanan xüsusi türk tayfasıdır. Ağ hunların övladları hesab olunurlar, əvvəllər Qərbi Türküstanda yaşayırdılar. Qayı türklərinin məşhur qəbilələri bunlar idi: Qaçar, Əfşar, Zülqədər, Çoban, Baharlı, Padar, Ustacalı, Lək, Xəlili, Sorsor, Şəfəq, Ussalı, Zəngənə, Armalı və qeyriləri." [3] Padarların Şirvanda yerləşməsi haqqında dürlü, çeşidli fikirlər, mülahizələr mövcuddur. Bəzi müəlliflər belə hesab edirlər ki, padarlar Şirvana Səfəvilərin hakimiyyəti dönəmində, daha dəqiqi I Şah Abbasın dövründə köçürülmüşdür. Bizcə müəlliflərin əksəriyyəti bu fikri M. Baharlıdan əxz ediblər. Padar haqqında naşı bir müəllifin yazılarında oxuyuruq: "Ümümilikdə demək olar ki, Şirvanda Səfəvilərlə-Osmanlilar arasinda müxtəlif dövrlərdə müharibələr olmuş və bu ərazi gah, Səfəvilərə gah da Osmanlilara tabe edilmişdir.XVII əsrin əvvəllərində I Şah Abbasin təşəbbüsü ilə bu əraziyə köçəri türk tayfasi olan Padarlar Şamaxı şəhərinə köçürülmüşdür. Əslində olarin bu əraziyə köçurülmələrinin əsas səbəbi şimaldan gələn ləzgi hüçümlarinin qarşisini almaq idi". Tədqiqatçı, professor Tofiq Əhmədov (filoloq) "El-obamızın adları" kitabında padarlarla bağlı yazır: "Padar (Ağsu, Qubadlı, Dəvəçi, Dərbənd, Oğuz, Sabirabad, Xaçmaz) –Hər 7 toponim padar adlı qədim oğuz tayfasının adını əks etdirir. Akad.I.M. Meşşaninov (Xaldovedenie, B. 1927) Azərbaycanda Padar oykonominin çox qədim tarixə malik olub, Patari (şəhər adı) oykonomini ilə bağlı olduğunu göstərmişdir. Digər mənbələrdə Elxanilər dövründə Orta Asiyadan Azərbaycana köçürülmüş 200 min türkdili ailə içərisində padarların mühüm yer tutduğu qeyd edilmişdir. Onlar əvvəllər Cənubi Azərbaycanda yaşamış, XV-XVII yüzillərdə Səfəvilər dövründə isə müəyyən hissəsi dağıstanlıların qarşısını almaq məqsədilə Şimali Azərbaycana köçürülmüşdü. Bu fikrin doğulduğunu padar, və padar komponentli toponimlərin (məs: Armudpadar, Padarqışlaq və s.) böyük bir hissəsinin Azərbaycanın şimal və şimal-şərq zonalarında mövcudluğu da təsdiq edir. Sonralar isə onlar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədər olaraq yerlərini dəyişmiş, səpələrlək müxtəlif zonalarda məskunlaşmışlar. S.K. Alifin XIX əsrdə təkcə Cavad qəzasında 20 nəsildən və 218 ailədən ibarət padar tayfasının yaşamasını qeyd etmişdir. Biz padarların Səfəvilər dönəmində Şirvana köçürülməsi fikrinin əleyhinəyik. Padar eli Şirvanda çox-çox öncələr məskunlaşmışdı. Bu elin nümayəndələri orta çağda Şirvanda aparıcı qüvvə sayılırdılar. Padar elinin ilk nümayəndələrindən bizə bəlli olanı Şeyx Dursun ibn Əhməddir. Şeyx Dursun hərbçi, sərkərdə idi. Şeyx Dursun 1399-cu ildə vəfat edib. Ağsu şəhəri yaxınlığında dəfn edilib. Maraqlıdır ki, Şamaxı bölgəsinin Kələxana kəndinin yaxınlığındakı "Yeddi Kümbəz" gorgahında Şeyx Dursunun törəmələri basdırılıb. Padar eli Şirvandan başqa Muğanda, hətta Qarabağda da məskunlaşmışdı. Elin oymaqlarından biri Padar adı altında Otuziki elinə qoşulmuş, sonralar Qarabağ əyalətinin Bərgüşad mahalında yerləşmişdi. Ilxıçı oymağının obalarından biri isə Cavanşir mahalında yurd salmışdı. Muğanda məskunlaşan padarlardan bəhs edən S. K. Alifin yazır ki, XIX yüzildə təkcə Cavad qəzasında 20 nəsildən və 218 ailədən ibarət padar tayfası yaşayırdı. Şəki xanlığının böyük mahallarından biri Padar adlanırdı. Qeyd etdiyimiz kimi padarlar XIII yüzildə Orta Asiyadan Elxanlılar zamanı, XVI yüzildə isə Irandan Qaraqoyunlular sultanları tərəfindən Şirvana köçürülmüşlər. XIX əsrdə Cavad qəzasında 382 ailədən ibarət Padar Hacı Alim adlı bir köçəri obanın yaşaması məlumdur. Burada heyvandarlıqla məşğul olan padarlar 1950-ci ildən Şamaxı şəhərində və Şirvan düzündəki qışlaqda bina edilən Padarqışlaq kəndində yaşayırlar. Indi də Şamaxı şəhərindəki, yeni məhəllələdən biri Padar məhəlləsi adlanır. Bu məhəllədə 300-də artıq padar ailələri sakinləşmişdir. Padarların bir hissəsi (ərəblər tirəsi 80 ailədən çoxdur.) Çarhan kəndində məskunlaşmışdır. Hazırda Azərbaycan ərazisində Padar adlı kəndlər (Ağsu, Oğuz, Qubadlı, Dəvəçi, Sabirabad, Xaçmaz rayonlarında), Padardərə çayı (Cəbrayıl rayonunda, Dağıstan ərazisində Padar kəndi (Dərbənd rayonu) vardır. Padarların uzun müddət Dağlıq Şirvan ərazisində yaşaması ondan görünür ki, orada indi də Padar Yazdağ, Padar Yasamal, Padar Camal yaylağı, Padar qoruğu, Padar Qarabel, Padar qobusu adlı oronimlər vardır. Şamaxı rayonundakı padarlardan alınmış məlumatlardan Şamaxı padarlarının XX əsrin 40-50-ci illərinə kimi Şamlı, Qaraçürüklü, Axtaçı, Ərəblər, Pölüklü, Dəlallı, Qacarlı, Sirəçi, Qaraqurbanlı (bu tirə Padarqışlaq kəndində məskunlaşmışdır), Quyliçi, Cocuqlu, Tırtır, Padar Kərimli və başqa obalarda yaşamaları və eyni adlı tirələrdən ibarət olmaları məlum olur. Tırtır Şirvan-Şamaxı padarlarından alınmış məlumatlarda padar elinin bir tirəsi olmuşdur. Türkmənistanda Salor tayfasının Ediuruq qolunun bir tirəsi Tırtır, özbəklərin bir qolu Tırtır adlanır. Tırtırın isə qıpçaqların qədim tayfalarından biri olan Tərtər olmasını söyləmək olar. Tərtər tayfalarının VII yüzildən Azərbaycanda yaşaması mənbələrdən məlumdur. Tərtər sözü hazırda Türkmənistanqda Tərtər adlı tayfa, Özbəkistanda Tərtər adlı çöl və kanalın, Azərbaycanda Tərtər bölgəsinin, Tərtərçayın adında qalmışdır. Tərtər tayfasının Azərbaycan ərazisindəki toponomik arealı padarların tərkibində adı çəkilən Tırtır tayfasını nə vaxtsa padarlarla qaynayıb-qarışması fikrini söyləməyə əsas verir. Padar elinin bir qolu Borçalı yörəsində yaşam sürürdü. Tədqiqatçı Xəlil Əliyev "Gürcüstanın türk mənşəli toponimləri" adlı kitabında yazır: "kəndinin adı etnonimlə bağlı izah edilir. Baydar kəndi Borçalıda qədim adlardan biridir. "Dəftər"dəki inzibati ərazi bölgüyə görə Baydar nahiyələrdən birinin adı ilə bağlıdır. Padarlar Azərbaycan və eləcə də türklər yaşayan digər ərazilərdə qədim türk tayfalarından biri hesab edilir. "Dəftər"dəki inzibati ərazi bölgüyə görə Baydar nahiyələrdən birinin adı olmuşdur. "Dəftər"də Baydar nahiyəsində Padar camaatının yaşadığı yer adı da göstərilmişdir. "Padar" etnonimi Gürcüstan ərazisində bir neçə toponimin adında mühafizə olunmuşdur. Kürdəmir rayonu ərazisində Padar çölü və eyni adda kənd (Padarlı) var. Azərbaycandakı Padar toponimləri XVI-XVII əsrlərdə Azərbaycana köçürülmüş eyni adlı tayfanın adını daşıyır. 1593-cü il Osmanlı qaynağında Arazbar qəzasında, indiki Füzuli rayonu ərazısində Qarabağın sayılan-seçilən uluslarından olan Otuziki elinin Badar adlanan oymağı olmuşdur. Padar eli Şirvan xanlığının yaranmasında, sərhədlərinin yayılmasında fəal rol oynayıb.
Oymaqları
Axtaçı
İlxıçı
Gəbəli
agsu padar kendi
Tarix: 16.01.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 273 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr