Saklar — müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biri.
E.ə.I minillikdə Orta Asiya və Qazaxıstan çöllərində yaşayan əhalinin əsas hissəsi sak (əslində saka, yaxud şaka) adlanmışdır. Onlar bu ərazilərin aborigen xalqı idilər. Çünki, arxeoloji qazıntılar onların tunc dövründən başlayaraq arasıkəsilməz mədəniyyət vərəsəliyi olduğunu göstərmişdir. Arxeoloji qazıntılar sakların yalnız 20%-də monqoloid irqinin nişanələrini göstərmişdir, deməli, onlar əsasən avropoid irqinə mənsub idilər. Antropoloji cəhətdən Orta Asiya və Qazaxıstanın türk xalqlarının təşəkkülündə mühüm rol oynamış saklar Altay tayfaları ilə Aralətrafı ərazinin tayfaları arasında aralıq vəziyyət təşkil edir.
Orta Asiyada yaşayan sakların bir hissəsi antik mənbələrdə massaget adı ilə məlumdur. "Massaget" etnoniminin İran dilləri əsasında izah edilməsi üçün çox təşəbbüs edilmiş və mühüm elmi nəticə alınmamışdır. Lakin sonrakı ciddi elmi araşdırmalar nəticəsində məlum oldu ki, bu etnonim türk dilləri üçün səciyyəvi olan "m"-"b" əvəzləməsinə görə "bas" –baş sözündən, sak etnonimindən və türk dillərində cəm bildirən "at" şəkilçisindən ibarətdir və "baş saklar" mənasındadır. Onların bir hissəsi eramızın əvvələrində Qafqaz Albaniyasının şimal-şərqində, indiki Dərbənd və Vəlvələçay arasındakı ərazidə də yaşayırdı.
Orta Asiyadakı sakların adı e.ə. VII əsrdə yaradılmış Avestada da çəkilir. Diqqəti cəlb edən budur ki, bu mənbədə saklar həm də tur, yaşadıqları ərazi isə Turan adlanır. İranşünaslar sakları İrandilli saydıqları üçün turları da İrandilli hesab edir və İran eposundakı İran-Turan müharibələrini farsların iki hissəsi arasındakı müharibə kimi qələmə verirlər. Halbuki, Firdovsinin Şahnaməsində Turan türklərin ölkəsi kimi göstərilmişdir.
Orta Asiyada saklar haqqında e.ə. V əsrdən başlayaraq antik müəlliflər yazmışlar. Lakin onların bəziləri sakları ənənəvi olaraq skiflər adlandırırlar.
E.ə. VII əsrdə [[kimmerlər]in (kəmərlər) ardınca saklar (antik müəlliflərin əsərlərində skiflər) Güney Qafqaza gəlmiş, buradan da Ön Asiyaya – Manna və Midiya ərazisinə keçmişlər. Bəzi tədqiqatçılara görə bu hadisə e.ə. 680-ci ildə baş vermişdir. Herodot Midiya hökmdarı Kiaksarın hakimiyyəti illərində (e.ə. 625-584) Şimaldan skiflərin Midiyaya gəldiyini yazmışdır. Q. Qeybullayev qeyd edir ki, bu məlumatda konkret olaraq kimin nəzərdə tutulduğu məlum deyil. Bəlkə də bu köçlərdən biri sakların, digərləri isə kimmerlərindir. Şimaldan gələn sakların bir hissəsi indiki Azərbaycan Respublikası ərazisində və Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində məskunlaşmış, digər bir hissəsi isə Manna və Midiyaya getmişdir.
Tarix: 17.01.2015 / 15:52 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr