Üsyanın tarixi
"Şahqulu üsyanı", bəzən "Şeytanqulu üsyanı" adlandırılan və Osmanlı İmperiyasında baş vermiş bu üsyan tarixdə gərəyincə öyrənilməyib. Osmanlı ərazisində qalan Təkəli eli Şahqulu ağanın başçılığı altında üsyana qalxmışdılar. Şeyx Heydər Səfəvi tərəfindən Anadolu camaatını, daha dəqiqi orda qalan və ələvi kimi tanınan tərəkəmələri (türkmənləri) Səfəvi ocağına bağlamaq istəyirdi. O, bu məqsədlə təbliğat və təşviqat aparmaq üçün Anadoluya müridlərdən ibarət bir dəstə göndərmişdi. Müridlərdən biri də Həsən xəlifə Təkəli idi. Qaynaqlarda göstərilir ki, Osmanlı sultanı II Bəyazidın (1481-1512) xeyir-dualarıyla Həsən xəlifə oğlu Şahqulu ağayla bərabər ana yurdları Yalınlı kəndinə yaxın bir mağarada məskunlaşmışdı. Sultan onlara arabir xərclik göndərirdi. Qorqudelinin şimalındakı Yalınlı kəndi, Antalya ilə Efesi bir-birinə bağlayan əski Roma ticarət yolu üzərindəydi. Bu yol Döşəməaltı civarındakı qışlaqlarıyla Qorqudelinin şimali-şərqində olan Bozmusa dağındakı yaylaqları arasında gedib gəlirlərkən köcəri təkəlilər tərəfindən də işlənilirdi.
Həsən xəlifə Təkə elindəki tərəkəmələr arasında səfəvi ocağının təbliğatını aparırdı. Onun haqqında tarixçi Oqtay Əfəndiyev yazır: "Sultan Heydərin bir qızılbaş mürşidi kimi fəliyyətdə olduğu vaxtlarda Anadoludan Həsən xəlifə adlı bir şəxs iki dəfə İrana getmiş, Sultan Heydərdən "dəsturul-əməl" alaraq Təkə elinə qayıtmışdı. Deyilənə görə, o öz elinə qayıtdıqdan sonra Sultan Heydərin müridlərindən olan Pirə Sənan belə uzaqgörənlik etmişdi: "Həsən xəlifə gəldi, amma o, Təkə elinə yanar bir atəş gətirdi". Doğrudan da, Həsən xəlifənin Təkə elinə apardığı atəş və qan oldu. Onun sonrakı fəliyyəti bu sözlərin doğruluğunu təsdiq etdi".
Həsən xəlifənin oğlu Şahqulu ağa fürsət gözləyirdi ki, Təkə elini osmanlılara qarşı qaldırsın. Belə bir məqam yetişdi. XVI yüzilin önü ilə ilgili qaynaqlar, Osmanlı basqısı altında olan yarımköçəri tərəkəmələrlə Təkə eli və çevrəsindəki timar (tiyul) torpaqlarını itirmiş olan osmanlı sipahilərin arasında baş verən sövdələşmədən bəhs ediliir. Şahqulu ağa tərəkəmələrlə sipahilər arasındaki bu ilişgidən bacariqli bir şəkildə ələ alan və öz adını daşıyan üsyanyı başlayan adam olacaqdı.
Şahqulu ağa haqqında tarixçi Oqtay Əfəndiyev yazır: "Həsən xəlifədən sonra onun oğlu Şahqulu ağa Təkəli öz atasının davamçısı oldu. Sultan II Bəyazidin hakimiyyətinin sonlarında o, bir dəstə Müntəşa və Gərmiyan qızılbaşları ilə I Şah İsmayılın (1501-1524) yanına yollandı. Təkə eli hakimi onlara mane olmaq istədikdə, Şahqulu ona qarşı çıxıb, döyüşdü və qalib gəldi. Tezliklə öz ətrafına çoxlu şiə toplayan Şahqulu Qaraman vilayətini ələ keçirdi.Sivas üzərinə hücuma keçdi. Sultan Bəyazidin baş vəziri Xadim Əli paşa 50 minlik ordusu ilə ona hücuma keçmək məcburiyyətində qaldı. Çünki üsyançıların hərəkətləri Osmanlı dövləti üçün artıq böyük təhlükə yaratmışdı; onlar məscidləri dağıdır, kəndləri yandırır, müqəddəs ziyarətgah və məzarları viran edirdilər. Üsyanın yatırılması və Şahqulunun öldürülməsindən sonra, sağ qalan üsyançılar Qızılbaş dövlətinə qaçmaq məcburiyyətində qaldılar".
Təkə tərəkəmələri, qışı Antalya şəhərinin şimalındakı Döşəməaltı ovasında keçirirdi. Döşəməaltı öz adını Antalyanı Qərbi və Orta Anadoluya bağlamaq üçün qurulan daş döşəli Roma yolundan alır. Döşəmə Dərbəndi, Roma yolunun Döşəmə bölgəsini tərk etdiyi nöqtədə tapır və bölgənin ən önəmli çoxsoylu mərkəzini birləşdirir. Şahqulu ağa tərəkəmə camaatını bir yerə yığıb hələ qışlaqda olduğu zamanda, 1511-ci ilin baharında Döşəmə Dərbəndində Novruz şənliklərində bir sıra gizli toplantı hazırladı və bu insanları Osmanlı idarəsinə qarşı qaldırdı. Bu sıralarda, atası Sultan II Bəyazid ilə problemlər yaşamış və Misirə qaçmış olan Şahzadə Qorqud atasıyla barışdı və Antalya sancağını idarə etmək üçün geri döndü. Qorqud Şahqulu ağanın hazırladığı bu toplantılardan xəbərdardı və bu üzdən sərkərdəsi Həsən bəyi Şahqulu ağanın üzərinə göndərdi. Ancaq Şahqulu ağa ondan qaçmağı bacardı. O da Həsən bəyin gəlişini öyrənmişdi.
Şahzadə Qorqud Sultan II Bəyazidın hökmdarlığının son illərində, atasının öləcəyi təqdirdə səltənət taxtına çıxmasını asanlaşdırmaq üçün paytaxt İstanbula daha yaxın olmaq istədi. Bu üzdən böyük bir gizlilik içində Antalya sancağından ayrıldı və Yenicə keçidi yoluyla Manisaya doğru hərəkət etdi. Üsyançılar Şahzadə Qorqudun ani gedişinin Sultan II Bəyazidın ölümündən qaynaqlandığı sonucuna vardılar. Şahqulu ağa bu sırada Döşəmə Dərbəndindən daha güvənli bir yer olan və Döşəmə keçidinin dərinliklərində yerləşən Qapulu qayada məskən tutdu. 29 mart 1511-ci ildə Şahqulu ağa və onu dəstəkləyənlər Şahzadə Qorqudun əşyalarını daşıyan bölüklərə Yenicə Dərbəndində hücum etdilər və onların tən yarısını qırdılar. Sərkərdə Həsən bəy hücum xəbərini aldı və Yenicə Dərbəndində qarşı bir basqın hazırladı, ancaq özü döyüşdə ağır yaralandı və Antalya qalasına sığınmaq zorunda qaldı. Şahqulu ağa Antalya şəhərini mühasirəyə aldı, ancaq daha sonra fikrini dəyişdirib Antalya üzərindəki mühasirəni qaldırdı və eyni zamanda yağmaladığı Qorqudeli, Almalı və Gölhisar qəsəbələri yoluyla Burdura yönəldi. Burdurda onun qoşununu Osmanlı bölükləri qarşıladı və Şahqulu ağa onları savaşaraq məğlub etdi. Sonra Anadolu bəylərbəyliyinin mərkəzi olan Kütahyaya çatdı. Burada da Osmanlı bəylərbəyi Qaragöz Əhməd paşanın qoşununu yendi, özünü isə öldürdü və Kütahyanı ələ keçirib yağmaladı. Bursaya hərəkət etmək üzərəykən Sultan II Bəyazidin hələ həyatda olduğunu öyrəndi. Bu xəbər, Şahqulu ağanın yönünü vəliəhd Qorqudun olduğu Manisaya doğru dəyişdirməsinə yol açdı və Şahqulu ağanın qoşunu yolda onların üzərinə göndərilən Hasan ağanı məğlub etdi. Sultan II Bəyazid Təkə elində meydana gələn bu olaylardan xəbərdar oldu və üsyanı yatırma vəzifəsini Sədrəzəm Xadim Əli paşaya verdi.
Tarixçi Oruc bəy Bayat (Don Juan İranlı) qələmə aldığı kitabda Şahqulu ağa Təkəli üsyanına geniş yer ayırıb. Müəllif yazır ki, Təkəli Bursa şəhərini də ələ keçirmək istəyirdi. Eşidəndə ki, Sədrəzəm Xadim Əli paşa Avropa Türkiyəsindən, Kastamoniyanın hakimi Qorqud öz yerindən, Şahzadə Əhməd isə böyük bir qoşunla onun ardınca gəlir, yön dəyişib çölə tuşlandı.
Şahqulu ağa Sədrəzəm Xadim Əli paşanın gəlişini öğrənincə Təkə elinə geri çəkilməyi qərara aldı. Öncə Burdur ilə Antalya arasındaki sınır üzərində olan Qızılqayaya yerləşdi, sonra daha da geri çəkilərək Döşəmə Dərbəndinə getdi. Ancaq bu mövqedə Xadim Əli paşanın qoşununa qarşı duruş gətirəməyəcəyini anladıqda, dağ keçidlərindən istifadə edərək Bəyşəhərə çatdı. Şahqulu ağa burada 17 iyun 1511-ci il tarixində Qaraman bəylərbəyi Heydər bəyi məğlub edib öldürdü. Sonra Qeysəriyyə (Kayseri) üzərindən Sivasa doğru yoluna davam etdi. Sədrəzəm Xadim Əli paşa Sivas yaxınlarında onu yaxaladı və 2 iyul 1511-ci il tarixində baş verən savaşın sonunda həm Əli paşa, həm də Şahqulu ağa öldü.
Qaynaqlara görə, həyatda qalan üsyançılar Sivasdan yollarına davam edərək Ərzincandan keçərək Səfəvilər dövlətinə pənah gətirdilər. Tarixçi Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi "Təkmilətül-Əxbar" adlı əsərində yazır: "Şah İsmayıl Xorasandan İraqa təşrif gətirdi. O günlərdə 15 minə yaxın Təkəli tayfası Rumda üsyan edərək, Rum əmirləri ilə bir neçə dəfə vuruşduqdan, Ərzincan ətrafında 500 nəfərə camaatı olan qafiləni qarət və qətl etdikdən sonra ali dərgaha üz tutmuşdular. İraqın Şəhriyar (adlı yerində) onların sərdarları cəzalandırılıb, həmin camaatı əmirlərə bölüşdürdülər ki, onların xidmətində olsunlar". Şahqulu ağanın qoşunundan qalanların bir hissəsi Muğanda yerləşdi. Onlara sonralar Təklə də deyildi.
Tarix: 13.01.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 108 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr