Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kumanlar Tarixi (Kiçik Asiyada)

Tarixi qaynaqlar kuman boyunun miladdan öncəki minildə Qədim Azərbaycanın qərb qonşuluğunda yaşadığını, miladdan sonrakı minildə isə zaman – zaman Sibirdən Avropanın ortalarına doğru hərəkət etdiyini göstərir.

M.ö. III – II minillərdə sami və hurri tayfalarının təzyiqi ilə dağılmış Subar boyları konfederasiyasından qalan bəzi boyların Şimali İkiçayarası (Mesopotamiya) bölgələrdə və Fərat çayının batı yaxalarında yerləşdiyini görmək olur. Belə boylardan biri də kumanlardır. Fəratın arxasına keçən kumuq və kuman boyları bir müddətdən sonra yerli tayfaların içində əriyib getdi, lakin uzun müddət onların yerləşdiyi ərazilər Kumuq və Kuman ölkəsi kimi tanındı. Assur yazılarında Kammanu, Urartu yazılarında Qamana şəklində verilən ölkə indiki Malatya ilini əhatə edirdi. Kummanni, Kummaneşmax toponimləri Boğazköy kitabələrində də vardır.

Digər Kuman ölkəsi isə Dəclə çayının şərqində qədim Azərbaycan sınırında idi. Ptolemey bu iki kuman ölkəsini fərqləndirmək üçün əvvəlkini Kappadokiya Kumanı (  k) adlandırmışdır [9]. Urartu qaynaqları həmin çağlarda daha bir kuman (kamaniu) boyunun Göyçə gölü sahilində yaşadığını göstərir [10]. Bu kumanlar indiki Basarkeçər bölgəsinin qədim sakinləri idi. Dəryal keçidində gürcü arxeoloqlarının axtarışı ilə üzə çıxan Kuman qalası da m.ö. VII-VI əsrlərdə salınmışdır. İndi təkcə Lənkəran bölgəsində 3 Kumanlı kəndi var.

Göründüyü kimi, tarixi qaynaqlar kuman boylarının miladdan öncəki minillikdə üç müxtəlif regiona (Kiçik Asiya, Dəclə sahili, Qafqaz) dağıldığını əks etdirir.

Dəclə sahilindəki kuman boyları m.ö. XIII–VII əsrlər arasında Assur–Urartu yazılarında yad olunur. Bu yazılara görə, Kuman ölkəsi Dəclə çayının sol ysahilində, onun şərq Xabur qolu ilə Cudi dağı arasında yerləşir. E. Forrer bu yazılarda kumanların mərkəzi kimi verilən Kipşu toponimini Xabur kənarındakı Zaxodan 14 km aralı olan müasir Qefşe ilə eyniləşdirmiş və sonrakı tədqiqatçıların hamısı bu fikri qəbul etmişlər. Kuman ölkəsi qərbdən Dəclə çayı və arxasındakı Kutmux ölkəsi, şimal və şərqdən Musru, Elxuniya, Şarnida, Mexri, Kume və Musasir ölkələri ilə əhatə olunmuşdu, cənubda isə kumanlar quti boyları ilə qonşu idilər.

Assur çarı Tukulti-Ninurta öz yazısında (XIII əsrin sonu) qeyd edir ki, "…mənim qolum yauri dağlarında qutiləri, (u)qumanları, Mexriyə qədər Elxuniya və Şarnida ölkələrini müti etdi" [11]. Başqa bir asur çarının bəzi hissələri pozulmuş kitabəsində isə (bunu şərti olaraq I Tiqlatpalasara aid edirlər) ona qədər heç bir asur çarının ayağı dəyməyən və heç kimdən asılı olmayan Kuman ölkəsinə getməsi və burada müxtəlif kəndləri zəbt etməsi təsvir olunur, hətta həmin kəndlərin sırasında Saka adlı iki kəndin olması da göstərilir [12]. I Tiqlatpalasar (1115 – 1077) özünün VI yürüşündə Musru üzərinə gedərkən qarşısına kuman boylarının çıxdığını yazır.

Prof. F. Cəlilov qeyd edir ki, bəzi müəlliflər Kuman ilə Kume şəhərini qarışıq saldıqları kimi, Musru ilə Musasir ölkəsini də qarışdırırlar, halbuki bunların hamısı ayrı-ayrı ölkələrdir və hətta bəzən eyni mətndə bunların adı ayrı-ayrılıqda qeyd olunur.[13]

Musru ölkəsi kumanların şimal-qərb qonşuluğunda Cudi dağının ətəyində yerləşirdi. Bu səbəbdən, kuman boyları musru boylarına köməyə gəlir. Bir çox Asur hökmdarlarının kitabələrində bununla bağlı faktlar vardır:

(V, 73) Kumanların ordusu gerçəkdən Musru ölkəsinin köməyinə çıxdı; mən onlarla həqiqətən dağlarda vuruşdum, onları məğlub etdim, onları Aisa dağının ətəyindəki Arina şəhərinə saldım (qapadım). Onlar mənim ayağımı qucaqladı, onlara girovlar, vergi və bac-xərac təyin etdim.

(V, 82) Bu zaman Musru ölkəsinə köməyə çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər etdilər, ancaq bundan sonra qəzəbli silahımın kəsəri ilə mən onların 20 000 böyük (əhatəli) qoşunu ilə Tala dağında vuruşdum, onları məğlub etdim, onların çoxsaylı dəstələrini pərən-pərən saldım (səpələdim) və əzilənləri Musru ölkəsinin qənşərindəki Xarusa dağına qədər izlədim…


(V, 99) Onların güvənc yeri olan Xunusu şəhərinin üstünü təpələri basan tufan kimi örtdüm, onların çoxsaylı ordusu ilə şəhərdə və dağlarda qəzəblə vuruşdum, onları məğlubiyətə uğratdım… Bu şəhəri zəbt etdim, onların tanrısını apardım, onların var-dövlətini apardım, şəhəri yandırdım, söküb-dağıtdım; bişmiş kərpicdən hörülmüş 3 böyük divarını sökdüm…



(VI, 22) Mənim sahibim Aşşura (Asur tanrıya) güvənərək mən özümlə hərb arabalarımı və döyüşçülərimi götürüb onların çar şəhəri Kipşunu (Kibşa) mühasirəyə aldım. Mənim təpərli döyüş təzyiqimdən qorxuya düşən kumanların çarı ayaqlarımı qucaqladı. Mən onun canını qurtardım, lakin ona əmr etdim ki, bişmiş kərpicli böyük divarını və qala bürclərini söksün, o da bunları özülündən başına (dişinə) qədər söküb, xaraba təpəliyə çevirdi. Həmçinin mənim himayədarım Aşşura tabe olmayanları, burada sığınan 300 günahkar yuvanı (ailəni) o çıxartdı, mən ondan təhvil aldım; ondan girovlar götürdüm, həm də əvvəlki ödənc və bac-xəracı artırıb, onun üzərinə qoydum. [14]
Asur çarları, adətən, zəbt edib, ərazisini Asur əyalətinə çevirdiyi ölkələri öz yazılarında mütləq qeyd edirlər. Bu yazıdan göründüyü kimi, asur çarı Kuman ölkəsini tutmaqdan deyil, yalnız kult şəhəri Xunusa və başkənd Kipşuna hücum edib yağmaladığından bəhs edir. Asur çarı II Adadnerari (e.ə. 911 – 890) də hakimiyətə gələn kimi, ilk yürüşünü Kuman ölkəsinədən başlayır və bu yürüş barədə sözlərini həm Aşşurdakı sarayın divarına, həm də başqa bir yazısında titullarını sadaladığı hissədə həkk etdirir:

1)…Çarlığımın əvvəlində, hakimiyətimin birinci ilində, nə vaxt ki, çarlıq taxtına qüdrətlə oturdum, uca sahib, mənim rəbbim Aşşurun hökmü ilə hərb arabalarımı və əskərlərimi toplayıb, kumanların üzərinə getdim, kumanların geniş ölkəsini məğlub etdim. Kumanların çarı İluya öz sarayında mənim əlimdən tutdu. Onun qardaşlarını toplu əzdim, onlara böyük cəza görkü sərgilədim, onların var-dövlətini, onların iri və xırda mal-qarasını öz şəhərim Aşşura apardım. Onların tanrısını mən rəbbim Aşşurun qarşısında hədiyə verdim. Mənim silahımın qarşısından qaçan onların ordusunun qalıqları qayıtdı və mən onlara sakit yaşayış məskənlərində (evlərdə) yaşam verdim. [15]


2) [Titulatura hissəsindən] Güclü qəhrəman, rəbbi Aşşurun köməyi ilə Namru ölkəsi aşırımına qədər Zamua (ölkəsini) və lulumerlər ölkəsinin sınırındakı Aşağı Zab çayının o biri tərəfindən Xabxu (ölkəsini) keçən, o kəs ki, Mexri, Salua və (Kutmuxu alıb öz sınırlarına qatmış) Urartu ölkələrinə qədər kumanların geniş ölkəsini öz ayağına düşürmüşdü. [16]
Hələlik kuman boyları haqqında asur mənbələrində son yazı olan bu bəlgə asurların geniş Kuman ölkəsinə verdiyi böyük önəmi ortaya qoyur. Ola bilər ki, hələ oxunmamış çoxsaylı asur kitabələri içində kuman boyları ilə bağlı əlavə məlumatlar vardır, çünki sonralar bu ölkə Asur vilayətinə çevrilmişdi. Bunu Cudi dağında asur çarı Sinaxxeribin (e.ə. 705 – 681) qoyduğu yazıda görmək olur:

O zamanlar ki, Kutmux əyalətinin sərhəddindəki Cudi dağının yüksəkliklərində qartal yuvası kimi yerləşən Tumurra, Şarim, Xalbuda, Kipşa, Ezama, Kua və Kana kəndləri, hansı ki qədimdən, mənim sələflərim çarların vaxtında güclü və qürurlu idilər, hakimiyət qorxusunu bilmirdilər, – mənim hakimiyətimdə tanrılar onları tərk etdi və onları əliboş qoydu... [17]
Bu yazıda kuman boyunun adı çəkilməsə də, Cudi ətəyində yaşayan bu boyların artıq dağıdılandan sonra əhəmiyətini itirmiş əvvəlki başkəndi Kipşa ilə birlikdə digər yaşayış məskənlərinin də uzun müddət Asura tabe olmadığı aydınlaşır. Əvvəllər bac – xərac verməklə müstəqilliyini saxlaya bilən Kuman ölkəsi yalnız VIII əsrin sonunda və ya VII əsrin əvvəllərində Assur əyalətinə çevrilmişdir. Bu isə o dövrə təsadüf edir ki, artıq Kuman ölkəsinin şərq sərhəddindəki Azərbaycanda Manna və ardınca qüdrətli Mada dövləti ortaya çıxmışdı.

"Mxer-qapısı" adlanan urartu yazısında və Tuşpa (Van) şəhərində tapılmış IX əsrin sonuna, çar Menua dövrünə aid bir yazıda Kuman şəhəri (ölkəsi) haqqında məlumat vardır. Bu ikinci yazıda göstərilir ki, növbəti yürüş vaxtı urartu əskərləri

"…Kumenu şəhərinin (ölkəsinin) o biri tərəfində Assur ölkəsinə qədər gedib, …(pozuq)…çatdı" [18]
Prof. F. Cəlilov qeyd edir ki, yazıdakı pozuq yer, çox güman ki, quti boylarının məskəni ilə bağlıdır, belə ki, şimaldan gələn Urartu qoşunu Kumandan sonra Assur ərazisinə girmək üçün qutilərin məskənindən keçməli idi, çünki asurlar da şimala gedəndə Kuman öləksinə qutilərin torpağından keçirdilər. Hər halda şimal tərəfində Urartu, cənub-qərb tərəfində Asur kimi qudrətli dövlətlərin olmasına baxmayaraq, Kuman ölkəsi 4 – 5 əsr ərzində bu dövlətlərin heç birinə tabe olmamışdır. Görünür, qonşuluğundakı hər iki təcavüzkar dövlətin vaxtaşırı hücumları qarşısında kuman boylarının xeyli hissəsi sonralar Urmiya gölünə tərəf çəkilmiş, oradan da bir qismi zaman – zaman Şimali Azərbaycana, Göyçə gölü sahilinə, əsas kütlə isə Türküstan ilə Sibir tərəfə keçmişdir. [19]

Tədqiqatçılar şərqdəki kumanları İrtış hövzəsində formalaşan Kimek xanlığı tərkibindəki boylardan sayırlar. Qardizinin qeyd etdiyinə görə, Kimek yolu üzərindəki bir bozqır sahəsi Ulu Kuman adlanırdı


Tarix: 15.01.2015 / 18:50 Müəllif: Feriska Baxılıb: 145 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...