Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atropatenlilər

Tarixi
E.ə. II minilliyin ortalarında Midiyanın bir hissəsi – məhz indiki Güney Azərbaycan ərazisini əhatə edən, mənbələrdə Kiçik Midiya adı ilə adlanan hissəsi əhalinin etnik mənsubiyyətinə görə Böyük Midiyadan ayrılır. Q. Qeybullayev qeyd edir ki, bu Azərbaycan ərazisində qabaqkı əsrlərdə getmiş etnik prosesin nəticəsi idi: mannalar, madaylar, kaslar və b. qədim etnoslar əsasında Azərbaycanda yeni etnos formalaşmışdı. Er. əv. IV əsrdən sonra Kiçik Midiya ölkəsi və xalqı Atropatena adlandırılır. VI əsrə aid Dərbənd qala divarında epiqrafik abidədə Aturpatkan adının yazılması [1] özlüyündə göstərir ki, Atarpatkan bu ölkənin rəsmi adı idi. Lakin yerli əhalinin bu adı necə tələffüz etdiyini bilmirik [2] . Burası məlumdur ki, artıq VII əsrdə ərəb müəllifləri bu adı Azərbaycan kimi yazırdılar.

Bununla belə bir düyün açılmamış qalır: bir tərəfdən er. əv. III – II əsrlərdə yaşamış antik müəllif Polibiy [3] yazır ki, Atropaten çarlığı hələ farsların (yəni Əhəmənilər sülaləsinin) vaxtından qalmışdır. Digər tərəfdən tarixşünaslıqda ― Azərbaycan adı Makedoniyalı İsgəndərə qarşı Əhəməni ordusunun başçılarından biri olmuş Atropatın adı ilə əlaqələndirilir.

Madalıların işğalı, Cənubi Azərbaycan torpaqlarının uzun müddət ərzində Mada dövlətinin, sonra isə Mada satraplığının tərkibində olması, hələ Əhəməni hakimiyyətinə qədərki dövrdə burada Mada etnik elementlərinin geniş surətdə məskunlaşması sayəsində bu ərazidə tədricən yeni etnik birliyin əsasları təşəkkül tapmağa başladı. Bu etnik birliyi Mada – Atropatena xalqı adlandırmaq olar. Mənbələrdə onlar madalı, atropatenalı adlanırdılar.

Mada işğalından sonra Manna xarici aləm tərəfindən Madanın tərkib hissəsi, "Kiçik Mada" kimi qəbul edilirdi. Mada-Atropatena (At a/u rpatakan, Atropat Madası, Kiçik Mada, Atropatiya, Atropatena) onu əhatə edən xalqların təsəvvüründə Böyük Madanın bir qismi, ölkənin əhalisi isə madalılar kimi qavranılırdı. Mənbələrin əksəriyyətində Atropatena Madanın bir qismi hesab olunur. Məsələn, Strabon kimi məlumatlı bir müəllif Atropatenanı sadəcə olaraq "Midiya" adlandırır. Tatsit də ölkəni bu cür adlandırırdı. Görünür, "Mada" ölkənin rəsmi adı idi. Xeyli sonralar da həmin diyarı bu cür adlandırırdılar. I Daranın yazısında, antik müəlliflərdə (Strabon, Plini və bir çox başqaları) və digər mənbələrdə Cənubi Azərbaycanın əhalisi "madalılar" adlandırılırdılar.

"Mada" və "Atropatena", habelə "madalı" və "atropatenalı" istilahları əsrlər boyu çox zaman bir-birini əvəz edən istilahlar kimi işlənmişdir. Bu, erkən orta əsrlər dövründə bir sıra mənbələrdə daha əyani surətdə izlənilir. Bu baxımdan məşhur Rüstəmin nümunəsi xüsusilə maraqlıdır. VII əsrin erməni müəllifi Sebeos Rüstəmi gah Asxarh maraö-ın (madalılar ölkəsinin) sərkərdəsi, gah da Atrpatkanın (Atropatenanın) knyazı adlandırır. Əl-Məsudidə ərəblərlə döyüşdə həlak olmuş həmin Rüstəm "əl-azəri", yəni azəri adlandırılır, bu isə son nəticədə elə "azərbaycanlı" deməkdir.

Tarixşünaslıqda atropatenlilərin iran dilli olması barədə müxtəlif dövrlərdə fərqli fikirlər söylənmişdir. Lakin sonrakı araşdırmalar bütün bu fikirlərin əsassız olduğunu orta çıxarmışdır. Q. Qeybullayev Azərbaycan türklərinin təşəkkülü tarixindən adlı əsərində yazır: "... guya "kaspi", "Zaqr-Elam", "hürri" və s. dillərində danışmış mannalar İrandilli midiyalılar tərəfindən assimilyasiya adilmiş və er. əv. IV əsrdən sonra İrandilli Atropaten xalqı yaranmış, XI-XII əsrlərdən sonra isə türkləşmişlər. Lakin sonrakı araşdırmalar mannaların və madayların türkmənşəli olduğunu göstərən danılmaz sübutları ortaya çıxardı. Əgər bu belədirsə, onda türk mannaların və madayların əsasında İrandilli yox, elə türkdilli Atropaten xalqı yarana bilərdi."

Atropat İrandilli xalqa mənsub adam deyildi. Strabon açıq yazır ki, Atropat midiyalı idi [4]. Midiyalı isə fars deyil. Deməli, Atropat əslində Atarpat, yaxud Adarbad adının qədim yunanca yazılış formasıdır. Bunu IX əsr ərəb coğrafiyaşunası İbn əl Fəqihin həmin adı Adarbad (Adzarbadz) kimi yazması da [5] göstərir. İbn əl Fəqihə görə Adarbadın atasının adı İran, babasının adı Asvad imiş [6]. Müəllifin İran kimi yazdığı ad əslində Eran, yaxud Arandır [7] [8]. Müəllif sadəcə olaraq bu şəxs adını tanış olduğu İran adı ilə qarışdırmışdır. Türkcə erən, ərən – igid, cəsur deməkdir. Asvad şəxs adı isə türkmənşəli Asbat adının fonetik şəklidir. Bu ad türkcə as – iltifatlı, mərhəmətli, nəvazişli, əziz, yaxud as, es – ağıllı, zəkalı və bat – bahadır sözlərindən ibarətdir. Bu adın ikinci komponenti olan "bat" sözü qədim türkmənşəlidir. Orta Asiyada Eftalit (Ağhun) dövlətinin IV əsrdə başçısı Qrumbat, VI əsrdə bolqar xanı Kurbat (əslində Kurbat, türkcə kur – səbatlı, məğrur və bat sözlərindən) və başqa şəxs adlarında bu söz vardır. Deməli, Atropatın mənsub olduğu nəsil Midiyanın adqoyma ənənələrini davam etdirirdi. X əsr ərəb coğrafiyaşunası Əl Müqəddəsi Atropatın atasının adını Beyvarasif babasının adını isə Əsvad (yəni Aspad) kimi qeyd edir [9]. Q. Qeybullayev qeyd edir ki, Bəyvarasif kimi yazılmış ad Əfrasiab adının təhrifidir. İbn Xordadbeh Cənzə – Əbərvizin şəhəri ifadəsini işlədir [10]. Ehtimal ki, bu ifadədə bəzi tədqiqatçıların yazdığı kimi farsmənşəli Pərviz yox, türkmənşəli Bəyvarasif şəxs adının təhrifi olan Əbərviz adını görmək lazımdır. Orta fars dilinə aid bir mənbədə deyilir ki, Atropatakanın paytaxtını Eran Quşnasp tikmişdir [11]. Bu qiymətli fakt Atropatın atası İranın əslində Erən, Ərən, Eran olması haqqında yuxarıdakı alimlər tərəfindən rəli sürülən fikri təsdiqləyir. Mənbələrdən məlumdur ki, Atropatenanın paytaxtı Gəncək şəhəri idi. Fars dilindəki mənbədə isə göstərilir ki, Adurbadaqan tərəfdə Qənzək şəhərini turanlı Əfrasiab tikmişdir [12]. Buradan belə nəticə alınır ki, Gəncək şəhərini Atropatın dədə – babası paytaxt etmişdir və bu nəsil türkmənşəli idi. Ola bilər ki, Bəyvarasif həqiqətən tarixi şəxsiyyətdir ki, bu da türklərdə Bərbays (bəy və bars – bəbir sözlərindən) və türkcə ip – bacarıqlı, mahir, fərasətli [13] sözlərindən ibarətdir.

İbn Xordadbeh Od məbədini Azərcuşnas kimi qeyd edir [14]. Q. Qeybullayev isə qeyd edir ki, bu ad əslində Erançuşnas olmalıdır, çünki bu məlumatda katiblərin səhvi üzündən Eran sözü Azər kimi getmişdir. Gəncə toponiminin isə saklarla bağlı Gəncək etnonimindən yaranmışdır. Atropatenanın baş Od məbədi bu şəhərdə yerləşirdi və onu 623 – cü ildə Bizans imperatoru İrakli dağıtmışdır. Deyilənlərdən aydın olur ki, Cənubi Azərbaycanda Gəncə şəhərini Atropatın atası Ərən paytaxt etmişdir. Bu adın ikinci hissəsi olan Quşnasp sözünü tədqiqatçılar fars sözü sayırlar. Amma mütəxəssislər qeyd edirlər ki, bu adın "asb" hissəsinin Midiyada er. əv. VIII əsrə aid olan Kundaşpi və Kuştaşpi şəxs adlarının sonlarındakı "aşpi" komponenti ilə eyniliyi göz qabağındadır. N.V.Piqulevskaya Quşnasb sözünü hərbi adamlar kimi mənalandırmışdır.

Atropat şəxs adı ehtimal ki, İranmənşəlidir, Hindistanda atəşpərəstlərdə ruhani şəxslərin aturpat adlanması məlumdur. Görünür, bu adın yaranması Qazakadakı Od məbədi ilə əlaqədardır, çünki yuxarıdakı məlumatdan göründü ki, Gəncə şəhərini Atropatın atası, ya babası paytaxt etmişdir. Bəlkə də Atropatın dədə – babaları bu od məbədinin baş kahinləri idilər. Ona görə də uşağa Atarpat adı qoya bilərdilər. Lakin nəzərə alınmalıdır ki, mənşəcə atəşpərəstlik farsların yox, türklərin dini idi [15] [16]. Od məbədinin Atropatlarda yerləşməsi də bunu göstərir.

Atropatenanın şəxs adları və toponimləri haqqında məlumat cüzidir. Lakin dövrümüzə çatan cuzi nümunələri də məhz qədim türk dili vasitəsiylə zah etmək mümkün olmuşdur.


Tarix: 15.01.2015 / 18:00 Müəllif: Feriska Baxılıb: 135 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...