Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maqlar

Maqlar — Azərbaycan türklərinin təşəkkülündə mühüm rol oynamış türk[1] mənşəli tayfalardan biridir.

Son aparılan tədqiqatlar nəticəsində maqların mannaların sonrakı nəsilləri olması haqqında fikir irəli sürülmüşdür.[2] Əvvəllər Manq (ay) formasında olmuş bu etnonimin qovuşuq nq səsi q səsinə çevrilməsi ilə maq etnonimi yaranmışdır. Assur və Urartu mənbələrində manna, mana etnonimi var, maq etnonimi isə qeyd edilmir, qədim fars və antik mənbələrdə isə manna yox, hər yerdə maq etnonimi vardır.

Er. əv. 519-cu ilə aid fars manbəsində və er. əv. V əsrdə Herodotun əsərində manna etnoniminin olmamasını adətən belə izah edirlər: er. əv. VII əsr üçün mannalar artıq İrandilli midiyalılar tərəfindən assimilyasiya edilmişdi[3]. Lakin prof. Q. Qeybullayev qeyd edir ki, bu ola bilməzdi, çünki dövləti, paytaxtı olmuş bir xalqı təxminən yüz il müddətində əritmək olmazdı; əvvələn, aparılan tədqiqatlar göstərmişdir ki, Maday xalqı İranmənşəli deyildi; ikincisi, İ. M. Dyakonov və İqrar Əliyevin özləri yazırlar ki, Midiya çarlığının mövcud olduğu dövrdə (er. əv. 673 – 550-ci illər) vahid Maday xalqı yarana bilməmişdi[4][5]. Belə olduqda mannaların assimilyasiya olunması mümkün deyildi. Deməli, heç bir assimilyasiya prosesi getməmişdir, Assur mənbələrindəki mannalar qədim fars və yunan mənbələrindəki maqlardır.[6]

Y. B. Yusifov mütəxəssislərin diqqətini aşağıdakılara cəlb etdi: er. əv. VII əsrdə Manna dövləti mövcud idi; er. əv. 615-ci ildə mannalar Asuriyanın köməyinə gəlmişdilər; er. əv. 593-cü il hadisələrilə əlaqədar Manna (Minni şəklində) yad olunur; deməli, VI əsrin 90-cı illərinədək Manna müstəqilliyini saxlamışdı[7]. Y. B. Yusifov belə nəticəyə gəlir ki, er. əv. III-I minilliklərdə Urmiya gölü hövzəsində (Mannada) və daha geniş ərazidə türk etnosları yaşayırdı[8]. Onun fikrincə, Manna adı mixi yazılarda səciyyəvi idi, antik dövrdə isə bu ölkə tədricən Midiya anlayışı altında tanınmağa başlayır. Bu o deməkdir ki, hər iki ölkənin əhalisinin etnik tərkibi əsasən türkmənşəli idi. Midiyada hakimiyyət er. əv. 550-ci ildə farslara keçdikdən sonra da maqlar (ondan əvvəlki mannalar) böyük qüvvə olaraq qalmış və hətta fars hakimiyyətinə qarşı er. əv. 522-ci ildə Qaumatanın başçılığı ilə üsyan etmişdilər.

Elamlılar Madaya Maktape deyirdilər[9]. Bu adın sonu Elam dilində cəm bildirən pe şəkilçisindən ibarət olduğuna görə, kök Maktadır. İqrar Əliyev yazmışdır ki, Makta adının kökünü maq etnonimi təşkil edir[10]. Buradan belə qənaətə gəlinir ki, Maqday kimi səslənmiş Makta, yaxud Maqta adının əsasını Manna etnonimi təşkil edir. Ehtimal ki, Maqtape elamlıların əvvəlcə Manna dövlətinə və manqlara (maqlara) verdikləri addır, çünki Maday dövlətindən əvvəl Manna dövləti vardı. Midiya dövləti yaranandan sonra mannalara verilmiş adı elamlılar Madaya da şamil etmişlər, çünki Manna və Midiya birləşdirilmişdi. Maktape, yaxud Maqtape isə mannaların əsl adı olan manq (maq) etnonimindən və türkcə tay sözündən ibarətdir.V. V. Bartold yazmışdır ki, türk etnonimlərində tay sözü ölkə mənasındadır[11]. Məsələn, O. T. Molçanova Altayda 246 toponimdə bu sözü tay, day, tey, dey formalarında aşkar etmişdir[12]. Məsələn, Kazantay toponimində Kazan etnonimi və tay sözü var və Kazan kəndi, mahalı mənasını verir. Deməli, tay sözünə görə belə nəticə alınır ki, Makta (Maqtay) etnonimi Elam sözü deyil, çünki elam dilində tay sözü yoxdur, elamlılar bu sözü türkmənşəli madaylardan götürüblər. Başqa sözlə, əvvəlcə madaylar mannaları Maqtay adlandırmış, elamlılar bu adı midiyalılardan götürərək sonuna cəm bildirən pi şəkilçisini əlavə etmiş, Manna Midiyaya qatıldıqdan sonra bu adı Midiya dövlətinə şamil etmişlər. Buradan bir nəticə də alınır ki, madayların özləri mannalara maq demişlər və onların ölkəsini Maqtay adlandırmışlar. Deməli, Assur və Urartu mənbələrindəki mannalar fars və antik mənbələrdəki maqlardır.

İ. M. Dyakonova görə, maqları İrandilli saymaq çətindir[13]. Lakin E. A. Qrantovski maqları İrandilli sayır[14]. Avestada maq etnonimi yoxdur, əks halda maqları İranmənşəli sayanların əlində bu çox tutarlı fakt olardı. Maqlar odpərəst idilər, halbuki farslar heç vaxt odpərəst olmamışlar. Erkən orta əsrlərdə odpərəstliyin vətəni Atropatena idi və Baş od məbədi də Atropatenanın paytaxtı Qazaka şəhərində yerləşirdi. Əhəmənilərin və Sasanilərin hakimiyyəti dövründə də ənənəvi olaraq kahinlər maqlar idilər. Ona görə zaman keçdikcə maq etnonimi kahin mənasını kəsb etmişdir. Herodot yazır ki, Midiyanın axırıncı çarı Astiaqın yuxusunu maqlar yozmuşdular.Herodot, I, 114 Ona görə də maq (muq) adını əks etdirən toponimlərdə maq sözünün konkret mənasını müəyyən etmək mütəxəssislərə çətinlik yaratmışdır, çünki bəzi yer adlarında maq atəşpərəst mənasında da əks oluna bilərdi.

Əksər tədqiqatçılar qeyd edirlər ki, Muğan toponimi maqların adını əks etdirir. Maqlar – mannalar türk dilli etnos kimi Azərbaycan türklərinin etnogenezində böyük rol oynamışlar. Maqların Azərbaycanın hər iki hissəsində, hətta Dərbənd bölgəsində yaşadığını maq (muq) etnonimini əks etdirən toponimlər təsdiq edir. İndiki Muğan toponimi qədim fars mənbələrində 293-cü ildən çəkilir. Digər Muğan Kürdən şimalda Albaniyanın şimal qərbində gürcü mənbələrində Movakan, IX əsr ərəb coğrafiyaçısı Məsudinin əsərində Muğan[15] adı ilə məlumdur. Şəki rayonunun Göynük kəndində Mühlər məhəlləsi, Maq dağı, Quba rayonunun Qaley Muq dağı, Dərbənd rayonunda Muqartı (qədim türk dillərində art dağlıq ərazi deməkdir) və Muq-Aran (kənd sözü əlavə olunmaqla bu toponim indi Məhərrəmkənd formasındadır), Dağıstanda Muğam (Ulluçayın ağzında yer adı), Şimali Qafqazda Muğal-qaya, Muğal dağı, Mukal çayı[16] və b. toponimlər də vardır. Ehtimal ki, bəzi antik müəlliflərin Şimali Qafqazda midiyalılara qohum tayfaların yaşaması haqqındakı məlumatlar məhz maqlara aiddir.

Azərbaycan tarixində maqlar böyük rol oynamışlar. Er. əv. 521-ci ildə fars hakimiyyətinə qarşı Qaumatın üsyanı və Babəkin başçılığı ilə ərəb işğalçılarına qarşı uzun müddətli mübarizə (ərəb mənbələrində xürrəmilərin maqlar olması göstərilir; məsələn, İbn Əl-Əsir yazır ki, xürrəmilər Məcus, yəni Maq tayfasının bir dəstəsidir[17]) məhz maqlarla bağlıdır.

Ərəb işğallarına qədər Muğanda yerli türklərin qədim dini əqidələri yaşadanlar məhz maqlar (muğlar) idilər. Xüsusi növ üzüm növündən haoma adlı şirə və şərbət hazırlanması da onlara məxsus idi. Dünyanın heç yerində rast gəlinməyən bu üzüm növü Cəlilabad rayonunda indi də həməşirə (haumaşirə) adlanır.


Tarix: 15.01.2015 / 19:37 Müəllif: Feriska Baxılıb: 216 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...