Uzun Həsənin oğlu, istedadlı sərkərdə və qalibiyyətli yürüşlərin iştirakçısı olan Uğurlu Məhəmməd atasına qarşı qiyam qaldırır. Kontarini özünün "Səyahətnamə"sində yazmışdı:
"Təbrizə yetişdikdən sonra bir karvansaraya düşdük. Küçələrdə bərk çaxnaşma vardı. Məlum oldu ki, Uzun Həsənin oğlu Məhəmməd Şirazı tutub öz qayınanasına vermiş, Uzun Həsən də onu dəf etmək üçün Şiraz səmtinə qoşun göndərmişdir. Uğurlu Məhəmmədin tərəfdarlarından biri öz dəstəsi ilə Təbrizə qədər gələ bilmişdi. Təbrizdən hərəkət edib padşah ordusu olan yerə getmək istədim. Lakin gördüm ki, bu çox çətindir. Ona görə də həmin karvansarada qalmağa məcbur oldum. Karvansara sahibi də müvəqqəti olaraq çıxmağımı məsləhət görmədi. Bu zaman Uzun Həsənin oğlanlarından biri (Maqsud bəy) min nəfər atlı ilə Təbrizə, atasının köməyinə gəldi. Mən də xeyli zəhmətdən sonra onunla görüşə bildim və gətirdiyim hədiyyələri verdim. Uzun Həsənin yanına getmək üçün məni minik vasitəsi ilə təmin etməsini ondan xahiş etdim. Maqsud bəy hədiyyələri qəbul etdi, lakin başqa sözlərimə əhəmiyyət vermədi. Şəhərin vəziyyəti çox pis idi. Maqsud bəy qoşun hazırlamaq üçün camaatdan pul tələb edirdi. Lakin camaat onun bu tələbini rədd etdi və dükan-bazarı bağladı. Çörək, su tapılmadı".
Uğurlu Məhəmməd qardaşı Sultan Xəlil tərəfindən təqib olunduqdan sonra isə Türkiyəyə qaçır. Sultan II Mehmet orada onu ədəb-ərkanla qəbul edir və öz qızı Kövhərxan sultanı da ona ərə verir.Fateh Sultan Mehmet onu Sivasa hakim təyin edir . Uğurlu Məhəmməd atasına qarşı mübarizəsini davam etdirir, lakin onu tezliklə tutub edam edirlər. Bundan az sonra 1478-ci ilin 5 yanvarında Uzun Həsənin özü də həyatla vidalaşır. Onu özünün tikdirdiyi Nəsriyyə məscid kompleksində dəfn edirlər. Bundan sonra həmin məscid "Həsən padşahın məscidi" adlanır.
Tarix: 13.01.2015 / 16:10 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr