Səmərqənddə möhkəmlənə bilməyən Babur cənuba irəliləyərək 1518-ci ildə Cənubi Əfqanıstana yürüş etdi. Bu yürüşdə Xeybər keçidini keçərək Sind bölgəsini ələ keçirdi. 1519-cu ilin noyabr ayında 1500 nəfərlik birliklə Sind çayını keçdi və Pişəvər ətrafına yaxınlaşdı. Babur 5 dəfə Pəncab bölgəsinə yürüş edərək buranı özünə tabe etdi. 1522-ci ildə Qəndəhar zəbt edildi. Babur 21 aprel 1526-cı ildə Panipat döyüşündə Dehli sultanı İbrahim Ludinin qüvvələri ilə qarşılaşdı. İbrahim Ludinin qüvvələri sayca üstün olsa da, Baburun ordusunda odlu silah vardı.[q 3] Bu döyüşdə İbrahim Ludi ağır məğlubiyyətə uğradı və öldürüldü. Babur bu qələbədən sonra Dehli və Aqranı ələ keçirdi. Aqra şəhəri dövlətin mərkəzi oldu. Panipat döyüşündəki qələbə tarixçilər tərəfindən dövlətin əsasının qoyulması kimi qəbul olunur. Qələbədən sonra Aqraya daxil olan Babur özünü Hindistanın hakimi elan etdi.
Baburun Panipat döyüşündə qələbə qazanması hinduları narahat edirdi. 15 fevral 1527-ci ildə Rana Saqanın başçılıq etdiyi hindu ordusu ilə Baburun qüvvələri arasında Kanya döyüşü baş verdi. Babur sayca özündən üstün olan hindu qüvvələrini məğlub etdi. Bu döyüş Baburun müsəlman olmayan bir hökmdara qarşı qələbə qazandığı ilk döyüş idi. Bu qələbə onu məşhurlaşdırdı və Babur özünə Qazi titulu götürdü.
Tarix: 13.01.2015 / 18:52 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr