Don Juanın İspaniyada sonrakı həyatı barədə heç nə məlum deyil. Bircə o məlumdur ki, 1605-ci ilin 15 mayında Səfəvi səfiri ilə mübahisə etmiş və qılınc döyüşündə onu öldürmüşdür. Oruc bəyin təsvir etdiyi tarixi hadisələr, onun yol qeydləri bu maraqlı şəxsiyyətin diqqətcil və ümumiləşdirmələrə meylli bir adam olmasından xəbər verir. Misal üçün Səfəvi İranı haqqında bəhs edərkən o deyir: "İndi bizdə bütün Fars elində nəcabətli sayılan 32 ailə sülaləsi var ki, ölkədə böyük nüfuz sahibidir." Sonra isə həmin soyları bir-bir sadalayır: "Ustaclı - ən əsas ailədir, Şamlı - bu ailənin üzvləri həmişə vəzifədə olur, Əfşarlar - bu ailədən olan üzvlər adətən ədliyyədə çalışır, Türkmanlar - bu ailədən sərkərdələr və əsgərlər çıxır, Bayatlar - ailələrin ən əsilidir, İspaniyadakı hersoqlar kimidir, Təkəlilər - bu ailə də elədir, Xarmandalı - markizlər kimidir, Zülqədərli - hersoqlar kimidir və döyüşçü ailədir, Qacarlar, Qaramanlı - bu ailələr də hersoqlar kimidir, Bayburtlu, İspirli, Oryatlar - bu ailələr qraflar kimidir, Çavuşlu - hersoqlar kimi, Asayişli, Çəmiş-Kəzəkli, Sarızolaqlı, Qarabacaqlı, Baharlı, Kuyniorulu, Kırklı, Boşalı, Hacı Fəqihli, Həmzəli, Zolaqlı, Mahmudlu, Qaraçomaqlı, Qaraqoyunlu - qraflar kimidir, Gözi-Bayızlı, Peykli, İnazlı və Kuhgiluyəli - hersoqlar kimidir. Beləliklə, Oruc bəyin əsərindən məlum olur ki, hətta qızılbaş əyanlarının nüfuzunu zəiflətmək siyasəti yeridən Şah Abbasın hakimiyyəti dövründə də İran idarəçiliyi tamamilə türk tayfalarının əlində idi.
Oruc bəy görkəmli bir şəxsiyyət olmuşdur. Onun şah senzurasından kənar yazılan əsəri isə Azərbaycan, İran, Qafqaz və qonşuluqda yerləşən digər ölkə və xalqların, hətta Rusiya və bir sıra Avropa dövlətlərinin tarix, coğrafiya, etnoqrafiya və mədəniyyətini öyrənmək üçün dəyərli mənbədir. Oruc bəy öz səyahətini Marko Polo və Fernan Magellanın səyahətləri ilə müqayisə etmişdir.
Tarix: 13.01.2015 / 16:46 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr