Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Osmanlı-Ağqoyunlu müharibəsi

Avropa Uzun Həsənə böyük ümidlər bəsləyirdi. İndi yalnız o, Osmanlı imperiyasının fikrini yayındıra və onu Avropaya doğru irəliləməkdən saxlaya bilərdi. Professor Yaqub Mahmudovun Ağqoyunlular və Səfəvilər dövlətlərinin qərbi Avropa ilə münasibətlərə həsr etdiyi samballı elmi araşdırmasında da göstərdiyi kimi, bu dövrdə Uzun Həsən Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Vatikan, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər saxlayırdı.

Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə diplomatik münasibətlərinə dair materiallar daha yaxşı qorunmuşdur. Bu ölkə Uzun Həsənin sarayında daim səfirlər saxlamış, müxtəlif vaxtlarda Katerina Zeno, Barbaro və Ambrozio Kontarini burada elçi olmuşlar. Venesiya Senatı öz iclaslarında tez-tez Uzun Həsənin Osmanlı imperiyasına qarşı mübarizəyə cəlb olunması məsələlərini müzakirə edirdi. Uzun Həsən Qara və Aralıq dənizlərinə çıxış qazanmaq uğrunda mübarizəyə hazırdır, lakin onun şərtləri də var. O, tələb edir ki, odlu silahla tə'min edilsin və hər iki ölkə hərbi əməliyyatlara eyni vaxtda başlasın. Venesiya tərəfi ilə əldə olunmuş razılıq əsasında odlu silah yardımını Qaraman bəyliyi ərazisindən həyata keçirilməlidir. Lakin sultan II Mehmet hadisələri qabaqlayaraq, Qaraman bəyliyinin qalan yerlərini da işğal edir və Uzun Həsənin Qərbi Avropa ilə əlaqələrini tamamilə kəsir. Uzun Həsən də bunun cavabında 1472-ci ilin baharında öz qoşunlarını Qaramana yeridir. Bir neçə parlaq qələbə qazandıqdan sonra məşhur Ağqoyunlu süvariləri Qaramanı osmanlılardan təmizləyərək, Aralıq dənizinə çıxış əldə edir. Lakin təəssüf ki, Uzun Həsənin cəhdləri boşa çıxır. Müttəfiqlər nəinki ikinci cəbhəni açmır, hətta razılaşdıqları kimi, odlu silahı sahilə də çıxarmırlar.

Sərkərdə Mirzə Yusif xanın başçılıq etdiyi arxa cəbhədən aralanmış Ağqoyunlu qoşunları sultan II Mehmetin buraya atdığı yeni və artilleriya ilə təchiz olunmuş güclü Osmanlı ordusu ilə üz-üzə qalır. Bəyşəhər yaxınlığındakı döyüşdə Ağqoyunlu ordusu məğlubiyyətə uğrayır və Qaraman yenidən osmanlıların əlinə keçir.

Lakin Qaraman tayfa başçılarından olan Pir Əhməd və Qasım yeni hücumlara keçən sultan qoşunları ilə daha ciddi vuruşmaq məqsədilə Uzun Həsənə müraciət edərək ondan kömək istədilər. Uzun Həsən Pir Əhməd və Qasım ilə ittifaq yaratdı, sultanla döyüşə hazırlaşmağa başladı. Kiçik Asiyada Toqat adlanan yerdə ağır döyüşlər baş verdi. Qeysəriyyə şəhəri ətrafında və Kiçik Asiyanın digər yerlərində Ağqoyunluların qaramanlılarla birləşmiş qüvvələri sultan qoşununa güclü zərbə vura bildilər. Ağqoyunlu qüvvələrinin bu qələbələri II Mehmedi qorxuya saldı. 1472-ci il avqustun 18-də Konya yaxınlığında II Mehmedin oğlu Mustafanın başçılıq etdiyi sultan qoşunları ilə baş vermiş döyüşlərdə Ağqoyunlu qüvvələri məğlub oldular. Ağqoyunlu sərkərdələrindən olan Uzun Həsənin oğlu Yusif Mirzə digər iki qardaşı ilə birlikdə əsir alındı və edam edildi.


1473-cü ilin ortalarında Venesiya ilə odlu silah təminatı barədə yeni razılığa gələn Uzun Həsən qoşunlarını təzədən Aralıq dənizi sahillərinə yeridir. Bu dəfə II Mehmet Ağqoyunluları yolda qarşılayır. Uzun Həsən düşməni Ağqoyunlu süvariləri üçün daha münasib bir yerə gətirmək məqsədilə ölkənin içərilərinə doğru irəliləyir. Osmanlılar ehtiyatla onu təqib edirlər. Uzun Həsən Fərat çayının sol sahilinə çıxır, osmanlılar isə cənuba dönərək, sağ sahillə hərəkət edirlər. Uzun müddət heç biri çayı keçməyə cürət etmir. Nəhayət, avqustun 1-də Malatya yaxınlığında çoxdan gözlənilən döyüş başlayır. Ağqoyunlu qoşunu düşməni aldatmaq məqsədilə bir az geriyə çəkildi. Bu hərəkəti zəiflik sanan Xasmuradın qüvvələri mühasirəyə alındılar, Uzun Həsən qalib gəldi, Osmanlı sərkərdəsi isə həmin döyüşdə öldürüldü.Bu gərgin döyüş üç saata qədər davam edir və Uzun Həsənin tam qələbəsi ilə başa çatır. Təxminən 50 min osmanlı əskəri halak olur, 150 zabit və 35 nəfər yüksək səviyyəli sərkərdə isə əsir düşür. II Mehmet sülh müqaviləsi bağlamağı təklif etsə də, Uzun Həsən hərbi əməliyyatları davam etdirmək qərarına gəlir. Osmanlıların qüvvələri tükənməmiş Fərat çayının sağ sahilləri ilə geri çəkilirlər. Bu döyüşdən on gün sonra Uzun Həsənin öz qüvvələrinə arxayın olan sərkərdələri onu inandırıb, çayı keçmək və osmanlıları biryolluq əzmək fikrinə gətirirlər. Əvvəl-əvvəl osmanlıları mühasirəyə alaraq, artilleriyadan istifadə etməyə imkan verməmək onlara müyəssər olur. Osmanlılar mühasirəyə alınıblar və məğlubiyyət ərəfəsindədirlər. Son anda isə onlar hiyləgər bir manevr edərək, mühasirədən çıxır və artilleriyalarını işə salaraq, təqribən 8 saat davam edən döyüşü udurlar. Bu döyüş tarixə Otluqbeli vuruşu kimi daxil olub. Həmin qələbə osmanlılara elə ağır başa gəlir ki, sultan hərbi əməliyyatları davam etdirmədən və hətta Ağqoyunlulara qarşı heç bir ərazi iddiası irəli sürmədən tez-tələsik İstanbula yola düşür.

Uzun Həsən yenə də ona vəd olunmuş silahları alıb, ordusunu lazımınca silahlandıra bilmir. Bu problemi heç onun oğlanları və nəvəsi Şah İsmayıl da həll edə bilmir. Şah İsmayılın Çaldıran döyüşündə məğlub olmasının əsas səbəbi də türklərin artilleriyaya sahib olmaları idi.

Osmanlılar əleyhinə ittifaqa daxil olmuş Avropa dövlətlərinin mənafeyi də bir-biri ilə toqquşduğu üçün bu ittifaq Uzun Həsənə kömək edə bilmədi. Ağqoyunlu qoşununun məğlubiyyətinin əsas səbəblərindən biri də Uzun Həsənin osmanlılara qarşı mübarizə aparmaqda olan Misir və Suriya qüvvələrindən istifadə edə bilməməsi ilə izah olunmalıdır. O, hətta Ağqoyunlu dövləti ilə iqtisadi, siyasi və diplomatik əlaqə saxlayan qonşu Gürcüstanla osmanlılar əleyhinə ittifaq yarada bilmədi.

Venesiya elçisi Ambrozio Kontarini Uzun Həsənin ordusundakı silahlar barədə yazırdı: "Uzun Həsənin döyüşçüləri ox, yay, qılınc və ipəkdən, yaxud da məftildən düzəldilmiş kiçik qalxanlarla silahlanır. Onlar nizədən istifadə etmirlər. Seçmə döyüşçülərə yaxşı dəbilqələr və mizraqlar verilir. Onların atları isə olduqca gözəl və dözümlüdür."

Uzun Həsən belə kasıbyana texniki təchizatla yaxşı silahlanmış və artilleriyaya sahib olan türklərə qalib gələ bilməyəcəyini anladığı üçün döyüşü həmişə elə qurmağa çalışır ki, həlledici rolu onun cəngavər süvariləri oynasın. Yetərincə odlu silahı olmayan və yeniləşməsi başa çatmayan bir ordunun qazandığı qələbələr Uzun Həsənin sərkərdəlik məharəti və hərbi ehtiyatlardan lazımınca istifadə etmək bacarığı sayəsində əldə edilirdi.


Tarix: 13.01.2015 / 16:08 Müəllif: Feriska Baxılıb: 152 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...