Səfəvi taxtına I Şah Abbasın (1587-1629) əyləşməsindən sonra Oruc bəy onun bir çox hərbi yürüşlərində iştirak edir və 1589-cu ildə Herat şəhəri alındıqdan sonra özünün də qeyd etdiyi kimi, yüksək hərbi vəzifəyə irəli sürülür. Artıq bir hərbi sərkərdə və siyasi xadim kimi Oruc bəyin nüfuzu o qədər yüksək idi ki, şah Abbas Avropada osmanlılara qarşı işləyəcək səfarətin tərkibini müəyyənləşdirəndə onun namizədliyi ilk növbədə yada düşür.
Hüseynəli bəyin başçılıq etdiyi səfirlik ölkəni 1599-cu ildə tərk edir. Bu diplomatik missiyaya dörd katib və on beş nəfər qulluqçu daxil idi. Diplomatik missiyanın başçısı Hüseynəli bəy Bayat, səfirliyin birinci katibi isə Oruc bəy olur. Həmin səfarətə şəxsən I Şah Abbas tərəfindən tapşırılmışdı ki, Rusiyadan başqa 8 Avropa ölkəsinə – Almaniya, Roma, İspaniya, Fransa, Polşa, Venesiya, İngiltərə və Şotlandiyaya da səfər etsinlər. Missiyada ingilis səfirlər də vardı.
Səfarət İsfahandan, Qum və Qəzvini keçərək, Gilana gəlir, oradan isə gəmi ilə Həştərxana yola düşürlər. Avqust və sentyabr ayları boyu şimal küləyi onların önündə əngəl olur və gəminin batmasının qarşısı son anda alınır. Buradan onların səfəri Volqa çayı boyunca Kazana qədər uzanır 2 ay sonra Kazana çatırlar. Nijni Novqorod və Vladimirdən keçərək, Moskvaya gəlirlər. Noyabrda səfarət Moskvada böyük cah-cəlalla qarşılanır və çar Boris Qodunov tərəfindən təntənəli surətdə qəbul olunur. Oruc bəyin yazdığına görə, fasiləsiz yağan qar və yağış ara vermədiyindən onlar düz beş ay Moskvada qalırlar. 1600-cü ilin əvvəllərində çardan qiymətli hədiyyələr alan səfarət Qərbə doğru öz yoluna davam edir. Oruc bəy Volqa çayını "Batəm" adlandırır.
Gəmi ilə Arxangelskdən yola çıxan missiya Norveç sahillərindən keçərək, Elba çayının mənsəbinə çatan səfarət su yolu ilə Emdenə qədər irəliləyərək, səkkiz karetada Almaniyanın içərilərinə doğru hərəkət edir. Onları ilk qarşılayan Oldenburq qrafı Anton Günter (1583-1667) olur. Daha sonra isə Kasselə keçirlər. Hesse-Kassel landqrafı Morits von Hessen-Kassel onları Saksoniyaya yola salır. Lakin hersoq II Kristian ovda olduğu üçün onunla görüşə bilmirlər. Kassel, Veymar, Halle və Leypziqdən keçən səfarəti Bohemiyanın Praqa şəhərinə qədər yol boyu keçdikləri torpaqların hakimləri böyük dəbdəbə ilə qarşılayıb yola salırlar. 1600-cü ilin payızında, Praqada onlar I Ferdinandın nəvəsi imperator II Rudolf (1576 -1612) tərəfindən təntənə ilə qəbul edilirlər. Onlara Bavariyanın taxtdan əl çəkmiş hersoqu II Vilhelm saray barədə məlumat verir. Üç ay imperator sarayının qonağı olan səfirlər 1601-ci ilin baharında Almaniyanın Nürnberq, Münhen kimi şəhərlərindən keçərək, İtaliyaya yola düşürlər.
Mantuada məşhur hersoq Vinsentzo Qonzaqa onları öz sarayında qəbul edir. Səfirlik Venesiyaya getmək istəsə də doj onları qəbul edə bilməyəcəyini deyir. Sonra Oruc bəy səfirliyin digər işçiləri ilə birlikdə Verona və Ferraradan keçməklə Florensiyaya gəlir. Burada onlar Toskananın böyük knyazı I Ferdinandın sarayında iki həftə dincəlirlər. Knyaz özü, həyat yoldaşı Lotaringiyalı Kristina, şahzadə Yekaterina Mediçi ilə birlikdə onları Pizada on gün qonaq saxlayır. Oruc bəyin yazdıqlarına görə burda 5000 qul istifadə olunurdu. Missiya buradan da Romaya, papanın hüzuruna gedir. Şəhər darvazaları ağzında onları mindən artıq ekipaj, dörd min süvari və saysız-hesabsız piyada əhali qarşılayır. Səfarət şəhərə daxil olarkən qaladakı toplardan yaylım atəşləri açılır, papanın muşketyorları isə atəşfəşanlıq edirlər. Onlar Romada iki ay qalır və papa tərəfindən qəbul olunurlar. Oruc bəy burada ingilis səfiri Entoni Şörli ilə mübahisə edir və onu hədiyyələri oğurlamaqla günahlandırır. Bundan sonra Entoni qəzəblənərək Venesiyaya gedir. Romada olarkən Hüseynəli bəyin aşbazı və iki katib artıq xristian dinini qəbul etmişdi.
Tarix: 13.01.2015 / 16:45 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr