Sarayın hər iki mərtəbəsi eyni quruluşdadır. Mərkəzdə böyük salon və salonun hər iki tərəfindəki dəhlizlərə bitişən yan otaqlar vardır. Binanın plan quruluşu, yəni hər mərtəbədə 3 otağın olması cənub hissədə aydın əks olunur. Mərtəbələr daxildən pilləkənlərlə əlaqələndirilib. Salonların şimal hissəsində iki kiçik otaq arasında xanişin adlanan yerləşkələr var. Tavanı güzgülənmiş alt xanişində fəvvarəli mərmər hovuz tikilmişdir.
Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir. Saray divarın ornamentliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, müxtəlif naxışlar, gəc üzərində oymalar məharətlə işlənmişdir. Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, süjetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilmişdir. Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir. Saraydakı naxışların zənginliyi, rəng çalarları, stalaktit oymal olduqca gözəldir. Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı naxışlarla bəzədilmişdir.
Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra belə yazmışdır: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi".
Şəki xan sarayının çox böyük şöhrət qazanmış divar rəsmləri XVlll əsrdə yaranmışsa da, sonralar dəfələrlə təmir edilmişdir. Sarayının divar təsvirlərini işləyən bir neçə nəqqaş və ustanın adı binanın içində müxtəlif yerlərdə yazılmışdır. Həmin sənətkarların XlX əsrin sonunda binada işləməsi kitabələrdən məlumdur. XVlll əsrdə ilk təsvirləri işləyən nəqqaşın adı bunların içində qeyd edilməyib. Binada ikinci mərtəbənin tavanındakı təsvirdə ustad Abbasqulunun adı yazılmışdır. Ancaq Abbasqulunun bu təsvirləri nə vaxt işləməsi haqqında əlimizdə heç bir məlumat yoxdur. İkinci mərtəbənin salonundakı təsvirləri XlX əsrin axırlarında təmir edən və bəzilərini yenidən işləyən boyaqçının qarabağlı usta Qəmbər olduğu salonun divarlarında qeyd olunmuşdur. XlX əsrin axırlarında xan sarayının birinci mərtəbəsindəki salonun təsvirlərini təmir edən şamaxılı ustad Mirzə Cəfərin adı həmin salonun giriş qapısının yuxarısında yazılmışdır. 1955-1956-cı illərdə memar H.Q Rzayevin lahiyəsi və başçılığı ilə burada geniş bərpa işləri aparılmış və abidə ilkin halına qaytarılmışdır.
Tarix: 13.01.2015 / 13:50 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Azərbaycan xanlıqları