Talış xanları sülaləsinin mənşəyi haqqında məlumat Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun müəllifi olduğu "Əxbərnamə" (1882) əsərində və Azərbaycan tarixçisi Seyid Əli Kazım bəy oğlunun "Cəvahirnameyi Lənkəran" əsərində verilmişdir. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu "Əxbarnamə" əsərində qeyd edir ki, Lənkəran xanları sülaləsinin banisi Seyid Abbas bəyin nəsli Güney Azərbaycanın Xalxal mahalının Hir kəndindəndir və Seyid Abbas bəy ağır maliyyə vəziyyətindən dolayı XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Şirvan Bəylərbəyliyinin Talış mahalına – Xarxatan kəndinə köçmüşdür. Seyid Abbas bəyin səfəvi nəslindən gəldiyi bilinir (yüksək ehtimalla ana xətti üzrə).
Seyid Əli Kazım bəy oğlu 1869-cu ildə yazdığı "Cəvahirnameyi Lənkəran" əsasərində II Şah Abbas Səfəvinin (1642-1666) 1654-cü ildə verdiyi fərmana istinad edərək Seyid Abbasın 12-ci nəsildə babasının Seyid Müntəsir Billah olduğunu yazır, bu şəxsin də 20-ci nəsildən babası Həzrəti Məhəmməd peyğəmbərdir. Yəni Seyid Abbas Məhəmməd peyğəmbər 32-ci nəsil şəcərəsidir, dolayısı ilə mənşəcə ərəb olmuşdur.
Yuxarıda qeyd edildiyi kimi Seyid Abbas bəy XVII əsrin sonu - XVIII əvvəllərində Güney Azərbaycandan Talış mahalına – Xarxatan kəndinə köçüb məskunlaşmışdır. Bu kənddə yaşayarkən yerli feodallarla yaxınlaşan Seyid Abbas bu kəndin sahibi Boradigahlı Əsəd bəy Hüseyn bəy oğlunun bacısı Ahu xanımla evləndi. Onunla izdivacdan Seyid Abbas bəyin Seyid Cəmaləddin bəy adlı oğlu dünyaya gəldi. Seyid Abbas bəy və Əsəd bəy 1736–cı ildə Muğan qurultayında iştirak etmiş, Nadir şah Əfşarın hakimiyyətini tanıyaraq oğulları Seyid Cəmaləddin bəyi və Əli bəyi Nadir şahın hərbi qulluğuna göndərmiş, orada isə onlara yüzbaşı rütbəsi verilmişdi. Nadir şahın məmurları Seyid Cəmaləddin bəyə dərisinin rəngindən dolayı Qara bəy (o 1747-ci ildən 1786-cı ilədək Lənkəran xanı oldu) deyirdilər. O, Nadir şahın Dağıstana hərbi səfərləri zamanı xüsusi olaraq fərqlənmişdi və buna görə hicri tarixlə 1154–cü ildə (miladi tarixlə 1741/1742-ci ildə) Nadir şah tərəfindən irsi "xan" titulu ilə mükafatlandırılmışdı.
Tarix: 13.01.2015 / 01:56 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Azərbaycan xanlıqları