Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Taurlay

T a u r l a y (er. əv. 820-ci il). Urartuda Tuarasi toponimi ilə eyni olmaqla türk dillərindəki tabur, tavur – arabalardan möhkəmləndirilmiş düşərgə sözündəndir. Ümumiyyətlə, dağ adlarında tavur sözünün iştirak etməsi səciyyəvidir. Strabon yazır ki, Ekbatana getmək üçün Tavr dağını aşmaq lazımdır.

Midiyanın paytaxtı Ekbatan şəhəri idi. İ. M. Dyakonov yazır ki, bu şəhər qədim Midiyanın ürəyi idi. Herodotun yazdığına görə, şəhəri ilk Midiya çarı Deyok salmışdır. İ. M. Dyakonov bu toponimin Maday dilində (lakin o, Maday dilini İranmənşəli sayır) Hanqmatana adlandığını və yığıncaq yeri mənasını verdiyini yazır. Başqa yerdə müəllif bu toponimin İran dillərindəki ham – bir yerdə, birlikdə (Azərbaycan dilindəki hamı sözü) və kam – getmək sözlərindən əmələ gəldiyini qeyd edir. İ. M. Dyakonov fars dilində ham sözünün qədim türkcə qamu (hamu) sözündən olduğuna diqqət yetirməmişdir. Başqa yerdə o yazır ki, Aqbatan elam dilindəki hanqmata, yəni midiyalıların ölkəsi sözlərindəndir. Akbatan indiki Həmədandır. (Həmədan formasında bu toponim ilk dəfə IX əsrə aid ərəb mənbələrində çəkilir). Əslində Həmədan toponimi Akbatan adının təhrifidir: ak sözünün əvvəlinə h səsi əlavə olunmuş, batan sözü isə türk dillərində b-m fonetik qanununa görə matan şəklinə keçmiş və qədim Akbatan Haqmatan, sonra Həmədan formasına düşmüşdür. Deməli, Həmədanın – Aqbatanın qədim fars dili vasitəsilə yığıncaq yeri mənasında olması fikri yanlışdır. Akbatan toponimi, madayların dilində olmaqla türkcə ak və Azərbaycan ərazisində bir sıra qədim toponimlərdə iştirak edən bat, bad sözlərindən ibarətdir. Aq sözü bu toponimdə, məsələn, Aqdam, Aqdaş, Aqkənd və b. adlarda olduğu kimi, rəng bildirir və şəhərin qala divarlarının ağ rəngli daşdan tikilməsini ifadə edir. Herodot yazır ki, Akbatan qalasının birinci dövrələmə divarı ağ rəngdə idi. Müqayisə üçün, Ağdam toponimi də Şahbulaqdakı ağ daşdan tikildiyinə görə ağ və qədim türk dillərindəki tam – qala, qala divarı sözlərindən əmələ gəlmişdir.

Cənubi Azərbaycan ərazisində arasıkəsilməz etnik vərəsəliyi göstərən mühüm bir faktı da qeyd etmək lazımdır: Manna və Midiyada er. əv. I minillikdə çəkilən toponimlərin bəziləri indiyədək az fonetik dəyişikliklərlə qalmaqdadır: Uşkaya – Üskiyə; Kullar – Kullar; Urimzan – Urmu; Kizilbunda – Qızılözən; Sanqi – Səhəng; Kundur – Qotur; Astabene – Üştibin, Uauş – Yaş və b.


Tarix: 09.01.2015 / 17:33 Müəllif: Feriska Baxılıb: 123 Bölmə: Azərbaycan toponimləri
loading...