İqlimi əsasən mülayim isti və quru subtropikdir. İl ərzindəki günəşli zamanın həcmi 2200-2400 saatdır. Ən soyuq ayın orta temperaturu qışın sərtliyi ərazi üçün yumşaq (0; -5ºC), çox yumşaq (2.5-0ºC) və həddən çox yumşaq (5-2.5ºC) şəraitdə keçir. Ölkənin ən az yağıntılı (200-400 mm) və ən küləkli ərazilərindəndir. İsti dövrlərdəki (aprel-oktyabr) mümkün buxarlanma 1000 mm tərtibindədir. İyun-sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5-25 gün ətrafında tərəddüd edir.
Küləyin orta illik sürəti 4-6 m/san və daha yüksək olur. Ərazi yüksək külək enerjisi potensialına malikdir. Güclü küləkli günlərin sayına görə respublika üzrə birincilik bu ərazilərdədir: il ərzində sürəti 21 m/san-ə qədər olan küləkli günlərin sayı Şubanıda 227 gün, Butada 140 gün, Sumqayıtda 95 gün, Maştağada 40 gün, Pirallahı adasında 37 gün, Bakıda 35 gün təşkil edir. Bu baxımdan yüksək alternativ enerji - külək elektrik enerjisi potensialına malikdir. Iqlim kontinentallıüı mülayim və orta kontinentallıq intervalında səciyyələnir. İl ərzində şaxtasız dövrün davamiyyəti 250 gün və daha çox, havanın temperaturunun 0ºC-dən aşağı olan günlərin sayı isə Abşeronda 10-20 gün təşkil edir. İl ərzində qar örtüyü olan günlərin sayı 10 və daha az olur. Ərazinin bioiqlim potensialı çox aşağı və aşağı göstəricilərə malikdir.
Ərazi rəngarəng landşaft müxtəlifliyinə malikdir. Ərazidə səhra, yarımsəhra, bozqır və dağ-çəmən landşaftları vardır. Samur-Abşeron və Abşeron kanallarının bir hissəsi, Ceyranbatan su anbarı, Masazır və Mirzaladı və s. şor gölləri bu ərazidə yerləşir. Yüksək kurort-rekreasiya potensialına (dənizkənarı iqlim kurortları, balneoloji kurortlar, dənizkənarı iqlim müalicə və rekreasiya yerləri) malikdir.
Tarix: 09.01.2015 / 14:36 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Azərbaycan toponimləri