Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarvi

T a r v i (er. əv. 714-cü il) Təbriz yaxınlığında yer adı. E. A. Qrantovski bu toponimi qədim hind dilindəki turv, tuvra – izləmək, Avesta dilində turvi – ali sözləri ilə izah etmişdir. İ. M. Dyakonova görə, bu toponim İran dillərində ikiqat qala deməkdir. Y. B. Yusifov Tarui, Tavri adını türkcə tarau – dağ qolu, çayağzı ayrılma sözü ilə bağlamışdır. Tarmakisu adını isə o, çay qolundan keç kimi izah edir. Q. Qeybullayevə görə isə bu toponim türk dillərindəki tavur (əsli tabur) – arabalardan möhkəmləndirilmiş düşərgə sözündəndir. Şimali Azərbaycandakı Tavratəpə (Göygöl rayonu), Tavradağ (Qəbələ rayonu), Tavradağ (Sədərək rayonu), Davradağ (Qax və Gədəbəy rayonları), Tövrətəpə (Qazax rayonu), Təvrə (Qazax rayonu Çaylı kəndi ərazisində təpə), Davrali (Daşkəsən rayonu) və b. toponimlərlə müqayisə olunur. Təbrizin yaxınlığında indi Eynallı adlanan qırmızı süxurlu dağ tirəsi Kontarini (XV əsr) tərəfindən Törə kimi qeyd olunmuşdur. Qədim türk dillərində törə – dağ vadisinin hündür hissəsi, yüksək dağ örüşü sözü də vardır. Ehtimal ki, Təbriz toponimi də məhz qədim türkcə tabur, tavur sözündən düzəlmişdir. Bunu Təbrizin coğrafi mövqeyi də təsdiqləyir. Çünki şəhər hər tərəfdən dağlarla əhatə olunmuş böyük dağ düzənliyində, yaylada yerləşmişdir. Eradan əvvəl 744-cü ilə aid asur mənbəbində Tarmakis toponimi qeyd olunur və tədqiqatçılar onu indiki Təbrizlə lokalizə edirlər. Bu lokalizə Təbriz toponiminin mənası ilə təsdiqlənir.

Əvvəlcə qeyd edilməlidir ki, assur dilində v səsi olmadığına görə Tarmakis kimi verilmiş toponim əslində Tarvakisdir. Tarvakis isə r və v səslərinin yerdəyişməsi nəticəsində Tavrakis kimi bərpa oluna bilər. Bunu elə Təbriz toponimində b səsinin r səsindən əvvəldə durması da göstərir. Tavrakis qədim türkcə tavur (tabur) –maldarların möhkəmləndirilmiş düşərgəsi və naməlum kis sözlərindən ibarətdir. Türk dillərində r-z əvəzlənməsinə görə güman ki, kis (əslində kiz) qədim türkcə qir (kir) – yayla sözündəndir. Təbriz şəhəri həqiqətən də yaylada yerləşir. Görünür, sonralar qiz sözündəki q səsi y səsinə çevrilmiş və danışıqda düşmüş və beləliklə, Tavrakiz (Tavrayiz), (Tavraiz) Təbriz formasını almışdır. Assur mənbəində qeyd olunur ki, Tarmakis dalay tayfasının ölkəsindədir. Deməli, bu toponim həmin tayfanın dili əsasında yaranmışdır.


Tarix: 09.01.2015 / 17:32 Müəllif: Feriska Baxılıb: 90 Bölmə: Azərbaycan toponimləri
loading...