Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbdülkərim Əlizadə

Həyatı
Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakı yaxınlığındakı Bilgəh kəndində anadan olmuşdur.

Əbdülkərim Əlizadə 1930-cu ildə Leninqrad Şərq İnstitutunu bitirmişdir. 1935-ci ildə SSRİ EA Şərqşünaslıq İnstitutunda, 1936-1938 illərdə Leninqrad Şərq İnstitutunda, 1938-1939 illərdə Leninqrad Dövlət Universitetində işləmişdir.

Əbdülkərim Əlizadə 1941-1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər yarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) İctima elmlər bölməsinin akademik katibi vəzifələrində çalışmışdır. O, 1958-1963 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun ilk direktoru olmuşdur. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik etmişdir.

Əbdülkərim Əlizadə 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.

Ona 1960-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir. O, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatına Laureatı adlarına layiq görülmüşdür.

O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin üzvü idi.

Əbdülkərim Əlizadə Varşavada, Münxendə, Moskvada, Ankarada, Tehranda keçirilmiş beynəlxalq konqreslərdə məruzə ilə çıxış etmişdir.

O, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və medallarla təltif olunmuşdur.

Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat etmişdir.



Elmi fəaliyyəti
Əbdülkərim Əlizadənin əsasən Azərbaycanın və qonşu Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrü tarixinin tədqiqatçısı idi.

Nizami Gəncəvinin "İsgəndərnamə" əsərinin "Şərəfnamə" hissəsinin elmi-tənqidi mətnlərini hazırladığı üçün 1948-ci ildə ona SSRİ Dövlət mükafatı verilmişdir. Əbdülkərim Əlizadə Nizaminin "Sirlər xəzinəsi"ni, Rəşidəddinin "Cami ət-təvarix", Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib" əsərlərinin elmi-tənqidi mətnlərini hazırlamışdır. O, A.A.Bakıxanovun"Gülüstan-i-İrəm" əsərinin elmi-tənqidi mətninin hazırlanmasında iştirak etmiş və redaktoru olmuşdur.

Əsərləri türk, ərəb, fars, ingilis, alman və başqa dillərdə çap olunmuşdur.


Tarix: 11.02.2015 / 15:51 Müəllif: Feriska Baxılıb: 107 Bölmə: Azərbaycan tarixçiləri
loading...