1945-ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın II mərhələsi başlandı. Mürtəce qüvvələrin hücumlarının qarşısını almaq məqsədilə 1945-ci ilin sentya¬brında Azərbaycanın tanınmış demokratlarından bir qrupu, başda Seyid Cəfər Pişəvəri olmaqla, Azərbaycan Demokratik Firqəsini (ADF) yaratdılar. Partiyanın elan olunan bəyanatında demokratik İranın tərkibində Azərbaycana inzibati-təsərrüfat və mədəni muxtariyyət verilməsi irəli sürülürdü. 1945-ci il oktyabrın 2-4-də ADF-nin keçirilən qurultayında siyasi mübarizənin dinc yolla davam etdirilməsinə qərar verildi. Noyabrın 21-də xalqın tanınmış xadimlərindən ibarət Azərbaycan Xalq Konqresi çağrıldı. O, özünü Müəssislər Məclisi elan edərək, ümumi seçkilər yolu ilə Azərbaycan Milli Məclisinin çağırılması və Milli hökumətin yaradılması tələbini irəli sürdü. Müəssislər Məclisinin qərarında deyilirdi ki, Milli hökumət İran dövlətçiliyi çərçivəsində fəaliyyət göstərərək Azərbaycanın milli-mədəni muxtariyyətini təmin etməlidir. Noyabrın 27-dən dekabrın 10-dək Azərbaycanın hər yerində seçkilər keçirildi. Dekabrın 12-də toplanmış Milli Məclis S.C.Pişəvərinin başçılığı ilə Milli hökumət yaratdı. Hökumət 10 nazirlik, ali məhkəmə və baş prokurorluqdan ibarət idi. Bu hadisə tarixə 21 Azər hərəkatı kimi daxil olmuşdur. Milli hökumət birinci dərəcəli vəzifə kimi yerlərdə yeni inzibati-ərazi orqanlarını yaratmağa başladı. 1946-cı ilin yanvar-fevral aylarında seçkilər keçirildi və müvafiq strukturlar yaradılmağa başlandı. 1946-cı ili fevralında Milli hökumət aqrar qanunu qəbul etdi. Qanuna görə “xalisə” adlanan dövlət torpaqları, Azərbaycandan qaçmış və ona qarşı mübarizə aparan mülkədarların və sahibkarların torpaqları müsadirə olunaraq kəndlilər arasında bölüşdürüldü. Mayın 12-də “Əmək haqqında qanun” verildi. Milli hökumət 1946-cı il yanvarın 16-da “Dil haqqında” qanun qəbul etdi. Azərbaycan dili rəsmi dövlət dili elan olundu. İyun ayında Təbriz Universiteti təsis olundu. Az bir vaxtda ana dilində məktəblər, qiraətxanalar, kitabxanalar, birliklər, qəzet və jurnallar fəaliyyətə başladı. Milli-demokratik hərəkatın ictimai həyatın bütün sahələrində uğurları şah hökumətində böyük təşviş yaratdı. Buna görə də İranın hakim dairələri demokratik hərəkatı boğmağa hazırlaşırdı. Hökumətə başçılıq edən Əhməd Qəvam xalqı aldatmaq üçün Milli hökumətlə danışıqlara başladı. 1946-cı ilin iyununda Təbrizdə onlarla müqavilə bağladı. O, həmçinin ABŞ, İngiltərə və SSRİ arasındakı ziddiyyətlərdən də istifadə edərək “İran məsələsi”nin BMT-də baxılmasına nail oldu. Sovet ordusu Cənubi Azərbaycandan çıxarıldı. ABŞ və İngiltərənin İrana siyasi-hərbi yardım göstərmələrinə razılıq alındı. İran hökuməti parlamentə seçkilərə nəzarət bəhanəsi ilə Azərbaycana qoşun yeritdi. Öz hərbi-texniki üstünlüyündən istifadə edən İran qoşunları dekabrın 12-də Təbrizə daxil oldular. Minlərlə insan güllələndi və həbsə alındı. Kütləvi təqiblər başlandı. ADF və Milli Hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. Cəzadan xilas olmaq üçün on minlərlə vətənpərvər mühacirət etməyə məcbur qaldı. 1941-1946-cı illər milli-azadlıq hərəkatı məğlubiyyətə uğradı. Müəyyən obyektiv daxili səbəblərlə yanaşı, ABŞ, İngiltərə və SSRİ-nin İrandakı siyasəti də öz təsirini göstərdi. Hər üç dövlət imperiya pərəst maraqlarını bütöv bir xalqın taleyindən üstün tutdu. Cənubi Azərbaycandakı milli-azadlıq hərəkatı məğlubiyyətə uğrasa da, ölkənin sonrakı tarixinə böyük təsir göstərdi, xalqda öz milli varlığı, tarixi və mədəniyyətinə bağlılığı ideyasını möhkəmləndirdi.
Tarix: 08.01.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Azərbaycan paytaxtları