Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mərziyyə Davudova

Həyatı

XX əsrin 20-ci illərinə kimi Azərbaycan səhnəsi aktrisa tapa bilmirdi. Uzun illər qadın rollarını min cür maneə və təhqirə məruz qalan, sənət yanğılı kişi aktyorlar ifa ediblər. Sonra bir müddət özgə millətin aktrisaları böyük çətinliklərə dözərək zəif çiyinlərini bu ağır yükün altına verdilər. Beləliklə də Azərbaycan qadınlarının səhnəyə doğru gələn yolu qorxudan, qandan, ölümdən, maneədən qurtulmağa başladı. Təsadüfi deyildir ki, o illər səhnəyə gələn qadınlar haqqında görkəmli sənətşünas Mehdi Məmmədov belə yazırdı: "Azərbaycan aktrisasının səhnəyə gəlişi, bu sənət meydanında qələbələr çalması qəhrəmanlıq dastanıdır". Bu dastanın ilk səhifələrini Əzizə xanım və onun qızı Sona Hacıyeva yazdı. Bu aktrisaların sırasında Mərziyyə xanım Davudovanın da öz yeri vardı. O, Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı. 1901-ci ildə Həştərxanda anadan olmuş Mərziyyə Davudova ilk rolunu oynayanda 16 yaşı vardı. O, Həştərxanda İqbal məktəbində "Birinci Teatr" adlı ikipərdəli tamaşada (1917-ci il) Əfifə rolunu yaratmışdır. Səhnəyə böyük həvəsli yeniyetmə Mərziyyəni ilk dəfə görüb istedadını kəşf edən unudulmaz Hüseyn Ərəblinski olub. O, 1918-ci ildə Həştərxanda qastrolda olarkən bu gənc qızın oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi.
Səhnə fəaliyyəti

1920-ci ildə Bakıya gələn və taleyini əbədi olaraq teatra bağlayan Mərziyyə Davudova Azərbaycan mədəniyyətinin, xüsusilə də teatr sənətinin inkişafında misilsiz xidmət göstərmişdir. Doğrudur, onun ən böyük arzusu Hüseyn Ərəblinski ilə tərəf müqabili olmaq idi, amma bu istək həyata keçmədi. Çünki bir il öncə nadanlar qüdrətli aktyorun həyatına son qoymuşdular. Xoşbəxtlikdən ikinci bir nəhəng aktyorla səhnədə üz-üzə dayanan Mərziyyə xanım sonralar həmin sənətkarın - Abbas Mirzə Şərifzadənin teatrda yalnız tərəf müqabili deyil, həyatda da sevgili həmdəminə, vəfalı ömür-gün dostuna çevrildi.

Ötən əsrin 20-ci illərindən sonra Azərbaycan səhnəsində Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli... kimi müqtədir aktrisalar çıxış edirdilər. Onların sırasına həvəslə qoşulan Mərziyyə xanım Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" musiqili komediyasında əvvəlcə Gülçöhrə, sonra isə Cahan xala rollarında çıxış edib. Bununla da özünün aktrisa kimi nəyə qadir olduğunu məharətlə təsdiqləyib. Hüseyn Cavidin "İblis" əsərinin tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf müqabili olmaq onun səhnə yaradıcılığında yeni səhifələr açıb. Çox keçmir ki, Mərziyyə Davudova mürəkkəb, ziddiyyətli, bir-birinə bənzəyən və bənzəməyən müxtəlif qadın obrazlarını, xüsusilə də qüdrətli xarakterlərin yaradıcısı kimi parlayıb. Azərbaycan teatrının aktrisalarla bağlı yeni səhifəsinin yazılması şərafəti məhz Mərziyyə xanımın qismətinə düşdü. Böyük dramaturqumuz Cəfər Cabbarlının "Sevil" pyesi yalnız səhnədə deyil, həyatda da böyük əks-sədaya, təlatümə səbəb olmuşdur. Mərziyyə xanımın böyük ustalıqla can verdiyi Sevil obrazı o qədər parlaq, təsirli, təbii alınmışdı ki, tamaşa salonundakı qadınlar öz çadralarını elə oradaca atmışlar. Mərziyyə xanım əslində qaranlıq bir mühitdə qəfildən şimşək kimi doğmuşdu. Onun səhnədə göstərdiyi təbii oyunu və sənət yanğısı haqqında Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".

Mərziyyə Davudovanın teatra gəlişi ilə çox şey dəyişdi. Bu aktrisa səhnədə yalnız Azərbaycan qadınlarının surətini deyil, Qərb teatrından gələn dezdemonalar, amalyalar, ofelyalar, violalar... kimi neçə-neçə mürəkkəb obraz yaratdı. Onun obraza girmək məharəti o qədər güclü idi ki, heç bir mübaliğə olmadan bu qüdrətinə görə aktrisa Hüseyn Ərəblinski, Abbas Mirzə kimi nəhənglərlə bir sırada fəxarətlə dayanırdı. Mərziyyə xanım Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaratmışdır.

Mehdi Məmmədov Mərziyyə Davudovanın yaradıcılığını dəyərləndirərək yazırdı: "1937-ci ildə Mirzə İbrahimovun "Həyat" dramı ilk dəfə tamaşaya qoyulmuşdu. Tamaşa gurultulu müvəffəqiyyət qazandı. İfaçılar ansamblı, xüsusilə də əsas rolların ifaçıları - Mərziyyə Davudova (Həyat) və Ülvi Rəcəb (Süleyman) yüksək qiymətləndirilmişdir. Əsasən klassik repertuarda romantik səpkili rollar oynayan bu aktyorlar indi "Həyat" tamaşasında həyati cizgilərlə, məişət boyaları ilə zəngin olan realist xarakterlər yaratmaqla böyük qələbə əldə etdilər. Yekdilliklə təsdiq olundu ki, bədii siqləti böyük olan bir tamaşa, onun nəzdində və mərkəzində isə Mərziyyə Davudova kimi sənətkarın ifasında Həyat obrazı yarandı".

Xalq artisti Hökümə Qurbanova öz xatirələrində yazırdı ki, bu da taleyin qismətidir. Mərziyyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Həmişə tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə xüsusi qayğı göstərərdi.

Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə Davudova Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətlər göstərmişdir. "Hacı Qara", "Bir Ailə", "Bakının İşıqları", "Bir Məhəllədən İki Nəfər", "Koroğlu" və digər filmlərə çəkilib. 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən Mərziyyə xanım Davudova əslində qaranlıq bir mühitdə parlayan ulduz idi.
Çətin illər

Bəllidir ki, 1937-ci ilin repressiyası sənət adamlarının taleyindən izsiz keçmədi. Müşfiqləri, Cavidləri, Ülvi Rəcəbləri, Əhməd Cavadları aparanların növbəti hədəfi Azərbaycan səhnəsinin azman aktyoru Abbas Mirzə Şərifzadə oldu. Görkəmli teatr ustasının hansı şəkildə qətlə yetirildiyi uzun müddət qaranlıq qaldı. Bu ailənin çəkdiyi zillətin təsvirini vermək indi çox çətindir. Yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə Şərifzadə 1938-ci ildə güllələnib. Səhnədə faciə qəhrəmanlarının mahir ifaçısı Abbas Mirzə Şərifzadə heç vaxt ağlına gətirməzdi ki, yaratdığı obrazların taleyi onu da gözləyə bilərmiş. O, həyatda da faciə qəhrəmanına çevrildi. Taleyinə, həyatına vurulan zərbələrin ağrı-acısını çəkənlərdən birincisi həyat yoldaşı, səhnəmizin qüdrətli nümayəndəsi, xalq artisti Mərziyyə xanım Davudova oldu.

Mərziyyə xanım Davudovaya xalq artisti fəxri adını 1936-cı ildə vermişdilər. Buna baxmayaraq, 1937-ci ildə Ülvi Rəcəbi, Abbas Mirzəni "xalq düşməni" elan edənlər aktrisanı da çək-çevirə salmaqla qəlbini didib-parçalayırdılar. O illərin xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. O ağır repressiyalar aktrisanı çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə də, bir məsələdən ürəyi arxayın idi. Böyük məhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova onların yolunu çox ləyaqətlə davam etdirirdi.

Aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır.
Aktrisa Firəngiz Şərifovanın anasıdır.

Adlar və mükafatlar

Azərbaycan xalq artisti (1936)

Filmoqrafiya

Ağasadıq Gəraybəyli (film, 1974)
Bakının işıqları (film, 1950)
Bəxtiyar (film, 1955)
Bir ailə (film, 1943)
Bir məhəllədən iki nəfər (film, 1957)
Əsl dost (film, 1959)
Hacı Qara (film, 1929)
Koroğlu (film, 1960)
Qızmar günəş altında (film, 1957)
Min birinci söz (film, 1997)
Onlar belə sevirdilər (veriliş, 2007)


Tarix: 06.07.2015 / 17:53 Müəllif: Feriska Baxılıb: 506 Bölmə: Azərbaycan coğrafiyası
loading...