Kamil Balakişiyev — Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim, ölkəmizdə elmi anatomiyanın banisi, uzun illər qayğıkeş pedaqoq, bacarıqlı təşkilatçı kimi insan anatomiyası kafedrasının müdiri vəzifəsində çalışmış əməkdar elm xadimi, tibb elmləri doktoru, professor.
Həyatı
Kamil Əbdülsalam oğlu Balakişiyev 1906-cı il sentyabr ayının 20-də Bakının Novxanı kəndində anadan olmuşdur.
O, orta təhsilini ikinci dövlət kişi gimnaziyasında almış, 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. Hələ ikinci kurs tələbəsi ikən pedaqoji və elmi-tədqiqat işlərinə ciddi maraq göstərdiyinə görə insan anatomiyası kafedrasına qəbul olunmuşdur. Onun fitri istedadı kafedra rəhbərliyinin diqqətini cəlb etmiş və bir qədər sonra insan anatomiyası fənni üzrə sərbəst surətdə məşğələlər aparmasına icazə verilmişdir.
Beşinci kurs tələbəsi olarkən K. Balakişiyev öz müəllimi A. Valenkaya ilə birlikdə rus dilində "Osteologiya üzrə praktik məşğələlərə rəhbərlik" adlı dərs vəsaiti yazmış və həmin vəsait 1926-cı ildə çap olunmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində isə o, Azərbaycan dilində latın qrafikası ilə silsilə dərslik və dərs vəsaitləri çap etdirərək ölkə anatomiyası tarixində yeni səhifə açmışdır.
1930-cu ildə 24 yaşında elmi-pedaqoji fəaliyyətindəki xidmətlərinə görə K.Balakişiyev privat-dosent elmi adına layiq görülmüşdür. O, praktik məşğələlər aparmaqla yanaşı, tələbələrə həm rus, həm də Azərbaycan dilində normal anatomiya fənni üzrə mühazirələr oxumağa başlamışdır. Hələ tələbəlik illərindən ardıcıl olaraq elmi-tədqiqat işləri ilə məşğul olan alimə 1935-ci ildə dövri mətbuatda çap etdirdiyi sanballı elmi-tədqiqat işlərinin nəticələrinə görə tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir. Həmin illərdə Kamil müəllim bud sinirinin kötükdaxili quruluşunu öyrənməklə ölkəmizdə periferik sinir sisteminin morfo-funksional xüsusiyyətlərinin öyrənilməsinin əsasını qoymuşdur.
Kamil Balakişiyev 1936-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun elmi şurasının açıq iclasında "Sidik kanalı soğanağı (Meri və Kuper) vəziləri" mövzusu üzrə doktorluq dissertasiyası müdafiə etmiş və 30 yaşında olarkən tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Gənc alim müdafiə ərəfəsində Sankt-Peterburqda 6 ay müddətində elmi ezamiyyətdə olmuş, onun elmi-tədqiqat işi Rusiyanın məşhur alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.
1937-ci ilin avqust ayında Azərbaycan Dövlət Tibb İnstitutunun normal anatomiya kafedrasına ilk dəfə olaraq milli kadr – professor Kamil Balakişiyev rəhbərlik etməyə başlamışdır. O, ömrünün sonuna qədər (1973) bu məsuliyyətli və çətin vəzifəni böyük müvəffəqiyyətlə yerinə yetirmişdir. Kamil müəllim eyni zamanda 1937–1941-ci illərdə Bakı Dövlət Universitetinin anatomiya kafedrasına, 1938–1940-cı illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun anatomiya və fiziologiya kafedrasına rəhbərlik etmişdir.
1942-ci ildə Azərbaycanda səhiyyənin, tibb elmi və təhsili sisteminin inkişafında, eləcə də yüksək ixtisaslı tibb kadrlarının yetişdirilməsindəki xidmətlərinə görə Kamil Balakişiyev "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
O, 1943–1945-ci illərdə ATİ-nin müalicə-profilaktika fakültəsinin dekanı, 1944 – 1945-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının "Tibb" bölməsinin baş elmi işçisi vəzifəsində çalışmışdır.
Kamil Balakişiyevin kafedraya rəhbərlik etməyə başladığı dövr çox çətin, təzadlı olsa da kafedraya istedadlı azərbaycanlı gənclər cəlb olunmuş və burada sanballı milli kadr potensialı yaranmışdır. Bu dövrdə K.Balakişiyev həm də tələbəlik illərindən təşkilində iştirak etdiyi muzeyi hərtərəfli inkişaf etdirmiş və tezliklə onu nəinki keçmiş SSRİ-nin, həm də dünyanın ən qabaqcıl, ən zəngin anatomiya muzeyləri sırasına çıxarmışdır. Tibb sahəsi üzrə xaricdən Azərbaycana gələn qonaqlar K.Balakişiyevin rəhbərlik etdiyi kafedraya gətirilir və onlara muzey, anatomiya teatrı, dərs otaqları göstərilirdi. Bu ənənə hazırda da davam etdirilir.
Əsas iş yeri Azərbaycan Dövlət Tibb İnstitutunun normal anatomiya kafedrası olsa da, K.Balakişiyev Bakının digər ali məktəblərində də insan anatomiyası kafedraları təşkil etmişdir. Bununla yanaşı o, Azərbaycanda təkcə anatomiya deyil, histologiya elminin də inkişafına güclü təkan vermişdir. Kamil müəllim ölkəmizdə ilk dəfə olaraq ana dilində histoloji terminlərin yaradıcısı olmuş və bu haqda dəyərli kitab çap etdirmişdir. O, həmçinin Bakının bir sıra xəstəxanalarının cərrahiyyə şöbələrində həkim-cərrah kimi fəaliyyət göstərmişdir.
Kamil Balakişiyev milli elmi kadrların hazırlanmasına dərindən diqqət yetirirdi və bilavasitə onun rəhbərliyi altında 15 nəfər elmlər doktoru və namizədi yetişdirilmişdir. O, 100-ə yaxın elmi işin, o cümlədən orijinal dərslik və dərs vəsaitinin, lüğət və terminologiyanın, elmi-kütləvi məqalənin müəllifi olmuşdur. Alim əldə etdiyi çoxillik elmi-pedaqoji təcrübə əsasında hazırda monumental abidə kimi dəyərləndirilən elmi məqalələr, əvəzsiz dərslik və dərs vəsaitləri, nomenklaturalar yaratmışdır.
Professor Kamil Balakişiyevin Azərbaycan anatomiya tarixində yerinə yetirdiyi ən mühüm xidmətlərdən biri də onun ana dilində tibb terminlərini işləyib hazırlaması olmuşdur ki, bunun da əsasında alimlərimiz milli dildə tibb dərslikləri və vəsaitləri hazırlaya biliblər. Azərbaycan dilində anatomiyaya aid ilk dərs vəsaitlərinin hazırlanması da K.Balakişiyevə aiddir. Sonralar Balakişiyevin monumental kitabları əlavələr, düzəlişlər edilməklə yeni terminologiya əsasında Vaqif Şadlinskinin rəhbərliyi altında üçüncü dəfə nəşr edildi və bununla da alimin kitablarının praktik istifadə ömrü yenidən uzadıldı.
Kamil müəllim Azərbaycanda anatomiya elminin inkişaf tarixinə, anatomik eksponatlardan ibarət olan tədris muzeyinə, tibb tarixi və səhiyyənin təşkilinə, eləcə də görkəmli elm xadimlərinin yaradıcılığına bir sıra yazılar həsr etmişdir. O, həmişə dil mədəniyyətinə xüsusi diqqət yetirər, bütün məsələlərə obyektivlik meyarından yanaşar, fikirlərini oxuculara lakonik və məntiqli şəkildə çatdırardı.
Kamil Balakişiyev görkəmli alim, qayğıkeş müəllim, istedadlı pedaqoq olmaqla yanaşı, bacarıqlı təşkilatçı, ictimai işlərin fəal iştirakçılarından idi. Onun çoxillik elmi-tədqiqat və pedaqoji fəaliyyəti inzibati və ictimai işlərlə sıx bağlı, əlaqəli olmuşdur. O, uzun illər səhiyyə sahəsində müxtəlif mötəbər vəzifələrdə çalışmışdır. 17 il Azərbaycan Tibb İnstitutunda tədris işləri üzrə prorektor, Səhiyyə Nazirliyində idarə rəisi, Azərbaycan Elmlər Akademiyasının Terminologiya Komitəsinin tibb bölməsinin sədri vəzifələrini layiqincə yerinə yetirmişdir. İşlədiyi bütün kollektivlərdə daim öz ideal səliqə-sahmanı, səmimiyyəti, insani keyfiyyətləri ilə dərin izlər qoymuş, rəğbət qazanmışdır.
Kamil müəllim keçmiş SSRİ-nin iri şəhərlərinin tibb müəssisələrində keçirilən anatom, histoloq və embrioloqların qurultay, konqres və simpoziumlarında yaxından iştirak etmiş, elmi məruzələr söyləmiş, Azərbaycan morfologiya elminin ən layiqli nümayəndələrindən, təmsilçilərindən birinə çevrilmişdir. O, uzun illər SSRİ Anatom, Histoloq və Embrioloqlar Cəmiyyətinin rəyasət heyətinin üzvü olmuş, 1953—1973-cü illərdə bu cəmiyyətin Azərbaycan şöbəsinə rəhbərlik etmişdir.
Professor Kamil Balakişiyev həm də gözəl natiq idi. Onun söylədiyi mühazirələr həmişə böyük maraqla dinlənilərdi. Uzun müddət o, Tibb İnstitutunun I kurs tələbələrinə böyük həvəslə söylədiyi ilk mühazirələrini bu ibrətamiz cümlələrlə başlardı:
"Siz həyatınızı tibbə həsr etmək qərarına gəlmisiniz. Tibb elmi onu başqa elmlərdən fərqləndirən səciyyəvi xüsusiyyətlərə malikdir. Əgər, ümumiyyətlə, elm həqiqətə xidmət edirsə, təbabət elmi eyni zamanda həm həqiqətə, həm də xeyirxahlığa xidmət edir. Bu isə gərgin əmək tələb edir".
1973-cü ilin noyabrın 22-də böyük alimin döyünən ürəyi bir daha vurmadı. Dəfn mərasimi Fəxri Xiyabanda keçirildi. Kafedranın əməkdaşları hər il sentyabr ayının 20-də I kurs tələbələri ilə birlikdə Azərbaycanın böyük alimi professor Kamil Balakişiyevin doğum günündə məzarını ziyarət edir, yeni dərs ilinə onun nurlu xatirəsini anmaqla başlayırlar.
1996-cı ildə ATU-nun insan anatomiyası kafedrası rəhbərliyinin yüksək instansiyalara müraciəti nəzərə alındı və K.Balakişiyevin yubileyi ilk dəfə dövlət səviyyəsində geniş qeyd edildi. Hazırda Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Mükafatları
Kamil Balakişiyevin tibb sahəsindəki çoxillik səmərəli fəaliyyəti qədirbilən xalqımız və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, xidmətlərinə görə "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" (2 dəfə), "Oktyabr inqilabı" ordenləri, "SSRİ səhiyyə əlaçısı" döş nişanı və bir sıra medallarla təltif edilmiş, SSRİ Səhiyyə Nazirliyinin təşəkkürünə layiq görülmüşdür.
Tarix: 06.07.2015 / 17:37 Müəllif: Feriska Baxılıb: 332 Bölmə: Azərbaycan coğrafiyası