Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn Cavid

Həyatı

Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani aıləsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxmışdır.

Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.

Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor Neyzən" poeması, 1930).

Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.

Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırmışdı. "Gözəllik namına, sevqi namına" yazan böyük sənətkar neft buruqlarından və dəniz qəhrəmanlarından, tarlada səhərdən gecəyədək çalışan əmək qabaqcıllarından tərənnüm dolu süni misraların sayını çoxaltmadı. Azərbaycan yaradıcı fikri bu süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və sevgi şairi idi, eləcə də qaldı.
Xatirəsi
Şairin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunmuşdur. Naxçıvanda ev-muzeyi yaradılmışdır (1981).

Yubiley ərəfəsində cənazəsinin qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılmışdır.

Bakı şəhərinin Yasamal rayonundakı Hüseyn Cavid prospekti onun adını daşıyır.
Ailəsi

Mişkinaz Cavidin həyat yoldaşıdır.
Turan Cavidin atasıdır.
Ərtoğrol Cavidin atasıdır.

Əsərləri

Hüsеyn Cavid. Əsərləri. Bеş cilddə. I cild. Bakı, “Lidеr nəşriyyat”, 2005, 256 səh.
Hüseyn Cavid. Əsərləri. Beş cilddə. II cild. Bakı,“Lider nəşriyyat”, 2005, 352 səh.
Hüseyn Cavid. Əsərləri. Beş cilddə. III cild.Bakı, “Lider nəşriyyat”, 2005, 304 səh.
Hüseyn Cavid. Əsərləri. Beş cilddə. IV cild. Bakı, “Lider nəşriyyat”, 2005, 256 səh.
Hüseyn Cavid. Əsərləri. Beş cilddə. V cild. Bakı, “Lider nəşriyyat”, 2005, 288 səh.
Hüseyn Cavid. Ana. (dram)
Hüseyn Cavid. Maral (faciə)
Hüseyn Cavid. Səyavuş (faciə)
Hüseyn Cavid. Şeyx Sənan (faciə)
Hüseyn Cavid. İblis (faciə)
Hüseyn Cavid. Azər (poema)
Hüseyn Cavid. Qız məktəbində (şeir)
Hüseyn Cavid. Çoban türküsü (şeir)

Filmoqrafiya

Cavidi xatırlarkən (film, 1982)
Topal Teymur (film, 1983)
Hüseyn Cavid (film, 1988)
Qayıdış (film, 1992)
Səma şairi (film, 2003)
Cavid ömrü (film, 2007)

Şeirləri əsasında və şairə ithaf musiqilər

Məmmədəli Əliyev - Kor ərəbin mahnısı, musiqisi Fikrət Əmirovundur
Elxan Əhədzadə - "Niyə getdin" romansı, musiqisi Eldar Mansurovundur
Azər Zeynalov - Şükriyyə, musiqisi Emin Sabitoğlunundur
Tünzalə Ağayeva - Gülbahar (Qızlar məktəbində)

Əsərlərinə tamaşalar

Akademik Milli Dram Teatrı - "Afət" (iki hissəli faciə, 2004), Mehriban Ələkbərzadənin quruluşunda
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - Şeyx Sənan (2009), Cənnət Səlimovanın quruluşunda
Akademik Milli Dram Teatrı - "Şeyda" (iki hissəli faciə, 2009), Mərahim Fərzəlibəyovun quruluşunda

Cavidşunas alimlər və əsərləri

Məmməd Cəfər - “Hüseyn Cavid”
Əjdər İsmayılov - "Dünya romantizm ənənəsı və Hüseyn Cavid". Bakı: Yazıçı, 1982-ci il, 220 səh.
Əjdər İsmayılov - "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi". Bakı: Elm, 1991, 224 səh.
Hüseyn Həşimli – Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri. Bakı: Elm və təhsil, 2012


Tarix: 06.07.2015 / 16:27 Müəllif: Feriska Baxılıb: 442 Bölmə: Azərbaycan coğrafiyası
loading...