Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aslan Qəhrəmanlı

Həyatı

Aslan Qəhrəmanlı 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.

Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamış, həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olmuşdur. 1972-1975-ci illərdə İttifaq NeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışmışdır.

1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilmişdir. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçmiş, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olmuşdur. Hazırda təqaüdə çıxmışdır və yaradıcılıqla məşğuldur.

Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. 2003-cü ildən nəşrə başlamış "Azərbaycanın Vergi Xəbərləri" jurnalının həmin ildən 2010-cu ilə qədər baş redaktoru olmuşdur.

Yazıçı kimi özünü 1967-ci ildə "Gənclik" nəşriyyatında çıxan "Gənc qələmlər" almanaxında dərc olunmuş "Dağların mahnısı" adlı ilk hekayəsi ilə sınamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

"Spektr", "Döngə", "Burulğan", "Səni axtarıram", "Bağışla" və sair telepyesləri Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. Azərbaycan televiziyasının "Müasirlərimiz" devizi ilə 1986-cı ildə keçirdiyi ən yaxşı televiziya pyesləri müsabiqəsində "Ürək" pyesi 2-ci mükafata layiq görülmüşdür (birinci mükafat verilməmişdir).

Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" adlı üçhissəli telepyeslərin müəllifidir. Əsas rollarda Firəngiz Mütəllimova və Yaşar Nurinin çəkildikləri bu tamaşa hələ də sevilə-sevilə baxılır.

Onun radio üçün yazdığı "Daşa dönmüşlər şəhəri", "Şeytan", "Ceyran əfsanəsi", "Tutuquşu" və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilmişdir.

Aslan Qəhrəmanlı 2010-ci ildə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" yubiley medalı ilə təltif edilmişdir.

Aslan Qəhrəmanlı uzun sürməyən ağır xəstəlikdən 20 yanvar 2014-cü ildə vəfat etmişdir. . Mərhum anadan olduğu Ağstafa rayonunda dəfn edilmişdir.
Əsərləri

Meteor yağışı. Bakı, Gənclik, 1971, 48 s., tiraj 7500.
Gültən. Bakı, Gənclik, 1979, 96 s., tiraj 10000.
Bir payız axşamı. Bakı, Gənclik, 1981,128 s., tiraj 10000.
Müsabiqə (povestlər və hekayələr). Bakı, Yazıçı, 1984, 144 s., tiraj 10000.
Qızıl zəncirli açar (povestlər və hekayələr). Bakı, Yazıçı, 1990, 224s., tiraj 20000.
Səni axtarıram (pyeslər və hekayələr). Bakı, Gənclik, 1998, 104 s., tiraj 1000.
İqtisadiyyatda riyazi modelləşdirmə və proqnozlaşdırma (Ali məktəblər üçün dərslik). Bakı, "Kür", 1998, 452 s., tiraj 500 (A.F. Musayevlə birlikdə).
Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı (III-V siniflər üçün dərs vəsaiti). Bakı, CBS PP, 2000, 116 s., tiraj 10000 (A.F.Musayevlə birlikdə).
Həmin kitab. Təkrar nəşr, 2004, tiraj 40000.
Vergilər ( VI-VIII siniflər üçün dərs vəsaiti). Bakı, CBS PP, 2001, 152 s., tiraj 1000 (F.Ə. Məmmədov və A.F. Musayevlə birlikdə).
Həmin kitab. Təkrar nəşr, 2004, tiraj 10000.
Vergi mədəniyyəti. Bakı, Elm, 2004, 288 s., tiraj 1000 (A.F. Musayevlə birlikdə).
Importance of taxes or seven nights of tales (Manual for III-V grades). Baku, CBS PP, 2005, 116 p.p., curculation 1000 (A.F. Musayevlə birlikdə).
Oğrudan doğru xəbər (Nağıl). Bakı, Çaşıoğlu, 2005, 16 s., tiraj 2000.
Daşa dönmüşlər şəhəri (Nağıllar və fantastik hekayələr), Bakı, CBS PP, 2007, 208 s., tiraj 1000.
Importance of taxes or seven nights of tales (Manual for III-V grades). Baku, CBS PP, 2007, 160 p.p., curculation 500 (A.F. Musayevlə birlikdə).
Vergilər (Orta məktəblərin IX-XI sinifləri üçün dərs vəsaiti). Bakı, CBS PP, 2007, 152 s., tiraj 5000 (F.Ə. Məmmədov və A.F. Musayevlə birlikdə).
Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı (III-V siniflər üçün dərs vəsaiti, əlavələr edilmiş 3-cü nəşri). Bakı, CBS PP, 2007, 160 s., tiraj 10000 (A.F.Musayevlə birlikdə).
Parodiyalar. Bakı, CBS PP, 2009, 56 s., tiraj 500.
Alabaşın şikayəti. Bakı, "Beşik", 2009, 32 s., tiraj 500.
Şahqulunun xoruzu. Bakı, "Beşik", 2009, 34 s., tiraj 500.
Vergi mədəniyyəti (Əlavələr edilmiş 2-ci nəşr). Bakı, Çaşıoğlu, 2010, 344 s., tiraj 1000 (A.F. Musayevlə birlikdə).
Ekonometrikaya giriş (Dərs vəsaiti). Bakı, Çaşıoğlu, 2011, 176 s., tiraj 500 (A.F. Musayevlə birlikdə).
Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı (III-V siniflər üçün dərs vəsaiti, əlavələr edilmiş 4-cü nəşr). Bakı, Çaşıoğlu, 2012, 132 s. (A.F.Musayevlə birlikdə).
Vergilər ( VI-VIII siniflər üçün dərs vəsaiti, əlavələr edilmiş 3-cü nəşr). Bakı, Çaşıoğlu, 2012, 152 s., tiraj 1000 (F.Ə. Məmmədov və A.F. Musayevlə birlikdə).
Vergilər (Orta məktəblərin IX-XI sinifləri üçün dərs vəsaiti, əlavələr edilmiş 2-ci nəşr). Bakı, Çaşıoğlu, 2012, 148 s. (F.Ə. Məmmədov və A.F. Musayevlə birlikdə).
Simmetriya (Hekayələr, nağıllar, məqalələr, müsahibələr). Bakı, "Şuşa", 2013, 312 s., tiraj 500.

Filmoqrafiya

Səni axtarıram (film, 1981)
Bağışla (film, 1983)
Səndən xəbərsiz (film, 1985)


Tarix: 06.07.2015 / 17:03 Müəllif: Feriska Baxılıb: 199 Bölmə: Azərbaycan coğrafiyası
loading...