Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Musa Ağayev

Həyatı

Musa İsgəndər oğlu Ağayev 1914-cü ildə Şuşa şəhərində anadan olub.

Atası Ağayev İsgəndər Məlik oğlu əslən Xəlfəli kəndindən olub. Öz torpağı olmadığına görə çobanlıq edib. Anası Ağayeva Natəvan evdar qadın olub. 1916-cı ildə ailəsi Bərdəyə köçərək, Lənbəran kəndində məskunlaşıb.

1917-ci ildə hər iki valideyni rəhmətə gedib. Onların ölümündən sonra 3 yaşlı Musanı qardaşı tərbiyə edib. 1924-cü ilə qədər təsərrüfat işlərində qardaşına kömək edib. 1924-cü ildən təhsil almağa başlayıb. İlk təhsilini Bərdədə alıb. 1930-cu ildə təhsilini davam etdirmək məqsədilə Bakıya gəlib, Stalin adına fəhlə fakültəsinə daxil olub. Təhsilini başa vurana qədər dövlət təqaüdü alıb və yataqxanada yaşayıb. 1933-cü ildə fəhlə fakültəsini bitirib, Məşədi Əzizbəyov adına Azərbaycan Qırmızı Bayraqlı Sənaye İnstitutunun neft mədəni fakültəsinə qəbul olub. İnstitut illərində də dövlət təqaüdü alıb.

1938-ci ildə neftçi-mühəndis ixtisası üzrə neft sənayesi sahəsində əmək fəaliyyətinə başlayıb. O, əvvəlcə neftçıxarma ustası, quyuların tədqiqi və işlədilməsi üzrə mühəndis, sonra isə "Azneft" Birliyi normativ-tədqiqat qrupunun baş mühəndisi vəzifələrində işləyib. Böyük Vətən müharibəsi illərində Qazaxıstan SSR-in neft sənayesində çalışıb.

1946-cı ildən 1961-ci ilədək rəhbər partiya işində çalışmış Musa Ağayev əvvəlcə Bakı Şəhər Partiya Komitəsi Aparatında işləyib, 1957-ci ildə Azərbaycan KP Kirov Rayon Komitəsinin birinci katibi seçilib.

1961-1964-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Texniki Peşə Təhsili Komitəsinə başçılıq edib. Texniki peşə təhsili sisteminin inkişafı və təkmilləşdirilməsi, kadrların təhsili və tərbiyəsi ilə əlaqədar vəzifələri uğurla yerinə yetirib.

Vətən qarşısındakı xidmətlərinə görə "Şərəf nişanı" ordeni, "1941-1945-ci illərdəki Böyük Vətən müharibəsində əmək igidliyinə görə" medalı ilə təltif olunub. O, Azərbaycan SSR Ali Soveti və Bakı Şəhər Sovetinə deputat, Bakı Partiya Komitəsinə üzv seçilib.

Musa Ağayev 1965-ci ilin avqustunda dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub.


Tarix: 06.07.2015 / 17:39 Müəllif: Feriska Baxılıb: 200 Bölmə: Azərbaycan coğrafiyası
loading...