Elmi fəaliyyəti
Akademik T.K. İsmayılov elmi və məxsusi cihazqayırma sahəsində məşhur alim idi. Onun aerokosmik nəzarət kolibrləmə poliqonlarında peykaltı ölçmə texniki vasitələrinin nəzəriyyəsinə və tətbiqinə verdiyi təkliflər xüsusi mahiyyət kəsb etmişdir. T.K.İsmayılov ilk dəfə olaraq bu sahədə irəli sürdüyü yüksək effektli və tətbiqi cəhətdən əhəmiyyətli elmi konsepsiyası keçmiş SSRİ-nin poliqonlarında və sosialist ölkələrinin "İnterkosmos" üzrə proqramların bir çox aerokosmik təcrübələrində özünü doğrultmuşdu.
Akademik T.K.İsmayılovun fəaliyyətində astro-fizika, elmi-tətbiqi cihazqayırma problemləri sahəsində irəli sürdüyü elmi mülahizələr əhəmiyyətli yer tutmuşdu. Onun rəhbərliyi və şəxsi iştirakı ilə hazırlanmış "PS – 17 BK" və "Pulsar X-1" rentgen teleskopları böyük müvəffəqiyyətlə "Salyut-Soyuz-T-11", "Mir" orbital stansiyalarında fəaliyyət göstərmişdi. "Pulsar X-1" ifrat ulduzunun kəşfində iştirak etmiş, həmçinin "PS – 17 BK" (vertolyot variantında) Çernobıl AES rayonunda radiasiya vəziyyətinin müəyyənləşdirilməsində geniş istifadə olunmuşdu.
Akademik T.K. İsmayılov özünün strukturuna və fəaliyyət istiqamətinə görə ölkəmizdə yeganə olan təbii sərvətlərin kosmik tədqiqatları institutunun və kosmik tədqiqatları EİB-nin yaradıcısı və rəhbəri idi. Aerokosmik təbiətşünaslıq sahəsində nəhəng elmi mərkəz kimi hazırda da bu təşkilatlar öz fəaliyyətlərini davam etdirirlər.
T.K. İsmayılov elmi fəaliyyətlə bərabər elmi pedaqoji sahədə də yorulmadan çalışmışdı. M. Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun informasiya-ölçü texnika kafedrasının professoru idi.
İki yüzdən çox elmi işlərin müəllifidir, onlardan doxsanı ixtiradır. Onun rəhbərliyi ilə 3 doktorluq və 12 elmlər namizədi dissertasiyaları müdafiə edilmişdi.
1990-cı ilin 20 yanvar hadisələrindən sonra SSRİ Xalq Deputatları qurultayında T.İsmayılov tribunaya qalxaraq 20 yanvarda Bakıda baş vermiş qanlı cinayətin baiskarlarını lənətlədi və hamıya bu qırğında həlak olmuş günahsız insanların xatirəsini yad etmək üçün ayağa qalxmağı təklif etdi. Hamı ayağa qalxdı. Bütün deputatların, qurultayın Rəyasət Heyətinin ayağa qalxdığını görən M.S.Qorbaçov ayağa qalxmağa, günahsız şəhidlərin ruhunu yad etməyə məcbur oldu.
T.K. İsmayılov 1991-ci ilin sentyabrında Azərbaycan Respublikasının ilk Dövlət Katibi vəzifəsinə təyin edilmişdi.
Tarix: 27.01.2015 / 14:48 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Azərbaycanın müharibələri