Tarixi
Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.
Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 nömrəli Qərarına əsasən Ağdərə rayonunun Leninavan qəsəbə Soveti, Həsənqaya, Çaylı, Seysulan və Talış kənd Sovetləri, Ağdərə şəhər Sovetinin Qarmiravan və Mağavuz kənd Sovetinin Cerabert kəndləri Tərtər rayonunun tərkibinə verilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli Qərarına əsasən Ağdərə rayonu ləğv edilmişdir. Ləğv edilmiş Ağdərə rayonunun Xatınbəyli, Qazançı, Maniklu, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun; Çərəktar, Vaquas, Kotavan, Verin Oratağ, Arutunaqomer, Qoçoqot, Poqosaqomer, Drombon, Çıldıran, Mehmana, Araçadzor, Hayad, Tomaqahoğ, Şahmasur, Vənkli, Qarnakar, İmarət Qərvənd, Zardaxaç, Çapar, Aterk, Nareştar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun; Ağdərə şəhəri, Umudlu, Zəylik, Metsşen, Möhrətağ, Ağabəyələnc, Mağavuz, Akop Kamari, Minqrelsk, Nerkin Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.
Erməni işğala qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldular. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etdi. Hal-hazırda keçmiş Ağdərə rayonun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla bir çox əraziləri ermənilərin nəzarəti altındadır.
Tarix: 26.01.2015 / 13:37 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Azərbaycanın müharibələri