Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəxtiyar Əliyev

Həyatı
Bəxtiyar Əliyev 1961-ci il mart ayının 20-də Ağdam şəhərində dünyaya gəlmişdir. 1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil olmuşdur. 1983-ci ildə həmin fakültəni bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Psixologiya və pedaqogika kafedrasında təyinatla əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə fəlsəfə sahəsində "Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 1998-ci ildə isə psixologiya elmləri üzrə "Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri" adlı doktorluq dissertasiyasını müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 2000-ci ildən psixologiya elmləri üzrə professordur. Keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biridir. Həmin nəzəriyyəyə söykənərək ilk dəfə olaraq, fizioloji affektin müəyyən edilməsinin yeni metodikasını və psixoloji meyarlarını, həmçinin məhkəmə-psixoloji ekspertizasının növlərinin təsnifat sistemini müəyyənləşdirmişdir. Əldə edilmiş nəticələrdən hüquq praktikasında cəzanın fərdiləşdirilməsində və obyektiv araşdırılmasında istifadə edilir.

Zəruri əhəmiyyət daşıyan "fizioloji affektin" məhkəmə ekspertizasının təşkili və keçirilməsi prinsiplərini, ekspert–psixoloqun rəyini sübutun bir növü kimi qiymətləndirilməsinin elmi-hüquqi əsaslarını müəyyənləşdirmişdir. Bu məsələyə dair elmi məruzələrlə beynəlxalq və respublika elmi konfranslarında çıxışlar etmişdir.

Bununla yanaşı şəxsiyyətə yeni baxış nəzəriyyəsi ilə şəxsiyyətin formalaşması və inkişafı haqqında yeni konseptual model yaratmış, təlim prosesində mənimsəmənin effektivliyini artırmaq üçün öyrənmənin dərketmə modelini irəli sürmüşdür. Bu model Türkiyə Respublikasında keçirilən beynəlxalq konfransda müzakirə edilmiş və aprobasiyadan keçmişdir. Eləcə də öyrənmənin dərketmə modeli ən mühüm nəticə kimi AMEA-nın hesabatlarına daxil edilmişdir.

Elmi fəaliyyətində siyasi psixologiyanın müxtəlif problemlərinin tədqiqi öncül yerlərdən birini tutur. O, beynəlxalq səviyyədə siyasi psixologiyanın aktual məsələlərinə həsr olunmuş çoxsaylı məqalələrin müəllifidir. 1997-ci ildən bu günə qədər psixologiya kafedrasına rəhbərlik edir. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2000-ci ildən hazırkı dövrə qədər psixologiya elmləri üzrə Dissertasiya şurasının sədridir. Elmi fəaliyyətinə görə 1999-cu ildə Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü seçilmişdir. Azərbaycanda ilk dəfə olaraq, Bakı Dövlət Universitetində "Eksperimental psixologiya" elmi-tədqiqat laboratoriyasını yaradaraq idrak prosesləri, şəxsiyyət psixologiyası sahəsində elmi araşdırmalara rəhbərlik edir.

Rəhbərliyi altında 23 namizədlik, 5 doktorluq dissertasiyası müdafiə olunmuşdur.

6 monoqrafiyanın, 15 dərslik və dərs vəsaitinin, 29 proqram və metodiki tövsiyənin, 150 elmi məqalə və tezisin müəllifidir, xarici ölkələrdə 15 elmi əsəri çap edilmişdir.

Azərbaycanda ilk dəfə olaraq 1999-cu ildə "Psixologiya jurnalı"nı təsis etmiş və elə həmin dövrdən hal-hazıra kimi onun baş redaktorudur.

Elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai-siyasi fəaliyyətlə də məşğuldur. Azərbaycan Respublikası Milli Məclisinin II çağırış (2000-2005-ci illər), III çağırış (2005-2010) deputatı seçilmişdır. Hazırda Milli Məclisin IV çağırış deputatıdır. Avropa Şurası Parlament Assambleyasının üzvü kimi "Elm və təhsil məsələləri komitəsi"nin, "Monitorinq komitəsi"nin üzvü və "Geniş miqyaslı miqrantlar və köçkünlərlə iş üzrə" alt komitənin sədri olmuşdur. 2005-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikası Milli Məclisinin "Elm və təhsil komitəsi"nin sədr müavinidir.

Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında "Əfv məsələləri üzrə komissiya"nın və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiya"nın üzvüdür. BMT-nin "Korrupsiyaya qarşı" konvensiyasının işçi orqanı olan Konfransın İndoneziyada keçirdiyi II Beynəlxalq Konfransda və İAACA-nın Bakıda keçirdiyi Beynəlxalq Konfransda və müxtəlif konfranslarda iştirak etmişdir.


Tarix: 23.01.2015 / 15:51 Müəllif: Feriska Baxılıb: 145 Bölmə: Azərbaycanın müharibələri‎
loading...