Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilal Məmmədov

Bilal Əhliman oğlu Məmmədov 1963-cü ildə Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. 1980-ci ildə kənd orta məktəbini bitirib Bakı Yeyinti Sənaye Texnikumuna daxil olmuşdur.

1982-ci ildə Texnikumu bitirən B.Məmmədov Sovet ordusu sıralarına çağrılır. Hərbi xidmətini Vladivostok vilayətində başa vurduqdan sonra Xırdalan Ət Emalı Kombinatında əmək fəaliyyətinə başlamışdır.

1991-ci ildə Bilal Məmmədov radiodan eşidir ki, erməni quldurları öz avtomobillərində ot biçininə gedən dayısı Novruz İmanovu, dayısı oğlu Mahal İmanovu, əmisi Qəzənfər Həsənovu və əmisi oğlu Vaqif Həsənovu güllələyərək, maşına od vurub yandırıblar. Bu hadisədən sonra Bilal Sırxavənd kəndində Bəhmən Məmmədovun rəhbərlik etdiyi özünümüdafiə batalyonuna üzv yazılır.

Ağır döyüşlərdə özünümüdafiə batalyonunun komandiri Bəhmən Məmmədov qəhrəmanlıqla həlak olandan sonra batalyonun döyüşçüləri bütünlükə Ağdama gəlib Şirin Mirzəyevin batalyonuna qoşuldular, beləliklə, irimiqyaslı döyüşlər başladı. Bilal həmişə ön cərgədə olurdu. Onun qarşısıalınmaz döyüşmək ehtirası, düşməndən qisas almaq çağırışları, od-alovun içinə atılmaq cəsarəti döyüş yoldaşlarını da ruhlandırır, onlara inam gətirirdi. “Bilala döyüş yoldaşları “baba” deyirdilər.

Çıraqlı kəndinin geri qaytarılmasında düşmənə sarsıdıcı zərbə vurduğuna görə Azərbaycan Respublikası Prezidenti 12 may 1994-cü il tarixdə belə bir fərman imzaladı. «Bilal Əhliman oğlu Məmmədov «Azərbaycan Bayrağı Ordeni» ilə təltif olunsun».

Buna qədər o, döyüşlərdə göstərdiyi şəxsi hünər və şücaətlərinə görə bir sıra döş nişanı, diplom və fəxri fərmanlarla da təltif edilmişdir. Əhmədağalı kəndi uğrunda gedən döyüşdə düşmən tankını məhv etdiyinə görə 708 saylı hərbi hissənin komandiri tərəfindən «Fəxri Fərmanla», torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi igidliyə, hərbi taktika və təlimlərdə fərqləndiyinə görə 708 saylı hərbi hissənin «Tank Briqadası Şərəf Döş Nişanına» (20.09.1994), Azərbaycan Respublikasının Müstəqilliyi və Azadlığı uğrunda xüsusi qəhrəmanlıq və rəşadət göstərdiyinə görə «Azərbaycanın Milli Qəhrəmanı Ramiz Bulud oğlu Qənbərov» adına diplomla (28.09.1994), Azərbaycanın suverenliyi uğrunda döyüşlərdə qəhrəmanlıq nümunələri göstərdiyinə və gənc polis nəfərinin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında fəal iştirakına görə «I Dərəcəli Fərmanla» (10.10.1995), «Vətən uğrunda» medalı ilə (25.06.2008) təltif olunub.

Hal-hazırda Bilal Əhliman oğlu Məmmədov Bakı şəhər Baş Polis İdarəsinin Metropolitenə nəzarət edən polis şöbəsində şərəflə çalışır.

Bilal Əhliman oğlu Məmmədovun həyatı və döyüş yolu haqqında 2012-ci ildə Vüqar Əsgərov "Sinəmdə yurd dağı var" adlı kitab yazmışdır


Tarix: 24.01.2015 / 17:02 Müəllif: Feriska Baxılıb: 172 Bölmə: Azərbaycanın müharibələri‎
loading...