Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşur Hüseynov - "Bunker" əməliyyatı

A.Hüseynovun sözlərinə görə, əməliyyata cəlb olunan bütün dəstələrdə hər manqaya DTK-nın Moskvadan gəlmiş bir zabiti daxil edilir. Əməliyyat planı barədə dəstə komandirlərinə yalnız belə məlumat verilir ki, faşist komandirlərinin gizləndiyi bunker zəbt olunmalı, oradakı heyət mümkün olduğu qədər əsir götürülməlidir: "Bizə həmin bunkerlərdə Hitlerin olub-olmaması barədə heç nə deyilməmişdi. Orada müdafiə naziri Rozenberqin, Göbbelsin, həkimlərin, kəşfiyyat nazirinin və bir neçə yüksək rütbəli generalın, xüsusilə də ordu komandanı Keytelin olduğunu deyirdilər. Eyni zamanda, tapşırılmışdı ki, bunker zəbt olunduqda dərhal sənədlər və avadanlıqlar oradan çıxarılmalıdır. Bunkerə bizim dəstələrdən başqa girən həm sovet əsgərləri, həm də xarici kəşfiyyat bölmələri də məhv edilməli idi".

Xüsusi təyinatlı dəstələrin ilk əməliyyatları uğursuz olur. Onlar bunkerin xəritə üzərindəki girişlərini tapmaqda çətinlik çəkirlər. Şəhərin mərkəzi bombardman nəticəsində uçub dağıldığından bu girişlər dağıntılar altında qalır. Hücuma keçən sovet ordusunun bir taqımı təsadüfdən almanların bir zirzəmiyə girib-çıxdığıı görüb ora hücum etsə də taqım tam məhv edilir. Sovet qoşunlarının iki tankı da vurulur.

Bundan sonra, mayın 1-də xüsusi təyinatlı dəstələr həmin ərazi üzərində girişlərin yerini təyin edir və bir girişdən bunkerə daxil olurlar: "Bunker əslində metro tunelinə bənzər, betonlanmış yeraltı yaşayış məskəni idi. Elektriklə işıqlandırılırdı. Burada bayırda atılan bombaların yalnız zəif titrəyişini duymaq olurdu. Biz elə girişdəcə ciddi müqavimətlə üzləşdik. Alman əsgər və zabitləri bunkerin girişində barrikada düzəldib atışmaya başlayır. İlk arakəsmənin götürülməsi çox ağır oldu. Mən orada 31 nəfərlik dəstəmdən 12 nəfəri itirdim. Orada polkovnik-leytenant və kapitan rütbəli 18 alman zabiti vardı. Aralarında qadınlar da vardı. İkisi yaralı idi. Əsir götürmək istədik amma özlərini vurdular. Sonradan bunkerlə bağlı kinolara baxanda mənə gülməli göründü. Guya bunker müqavimətsiz təhvil alınıb. Əslində elə olmadı. Bunker mayın 1-dən 5-dək müqavimət göstərdi. Yerin altında bunun nə olduğunu düşünmək lazımdır. Hansı ki bu döyüşlər demək olar ki zabitlər arasında getdi. Əsasən avtomat və qumbaralardan istifadə edilirdi".

Sonrakı günlərdə ciddi müqavimətlər qarşısında sovet xüsusi təyinatlıları bunkerin otaqlarını zəbt etməyə başlayır. A.Hüseynov deyir ki, bu zaman almanlar ələ keçməsin deyə əksər sənədləri məhv etməyə başlayırlar. Eyni zamanda bəzi otaqlara daxil olduqda oradakı zabitlərin sianid içərək intihar etdikləri məlum olur.

"Bunkerin bəzi hissələrində otaqlardan bir-birinə qapılar açılırdı, labirintə bənzəyirdi. Bu yerdə bizim iki dəstə qaranlıqda bir-biri ilə qarşılaşıb atışmış və çoxlu itki vermişdilər. Bir dəstənin komandiri vardı. Milliyyətcə kalmık idi. O da ölmüşdü. Amma sonradan o biri dəstənin komandiri təltif olundu və heç kim cəzalandırılmadı. Belə bir şey bizim təlimatlarımızda nəzərə alınmışdı. Artıq mayın 3-də mənim dəstəmdə cəmi 6 nəfər qalmışdı. Biz milliyyətcə tatar olan Xubanov soyadlı bir mayorun dəstəsinə birləşdik. Həmin gün bunkerin əsas sənədlər saxlanılan otağını zəbt etmişdik. Orada müasir rabitə avadanlığı da vardı. Radist müqavimət göstərə bilməyib, təslim oldu. Qərargahdan gələn zabitlər oradakı seyfləri bayıra daşıyıb, harasa apardılar. Həmin gün bunkerdən qaçmağa cəhd göstərən 8 faşist generalını həbs etməyə nail olduq. Onlardan biri elə əlimizdə ikən saxladığı zəhəri içib özünü öldürdü. Qalanlarını isə müharibədən çox sonralar, Nrünberq məhkəməsinə dair çəkilmiş sənədli filmdə gördüm".


Tarix: 23.01.2015 / 15:48 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Azərbaycanın müharibələri‎
loading...