Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səlim bəy Behbudov - Həbsi

Deyəsən, istedadı, çox dil bilməsi, tanınması başına bəla olmuşdu. Son vaxtlar dövlət təhlükəsizlik orqanlarının əməkdaşları da onunla yaxından maraqlanır, bu üstün cəhətlərinə görə öz işlərinə cəlb eləmək istəyirdilər. Hətta bu barədə Səlim bəyə bir neçə dəfə təklif də olunmuşdu. Lakin təpədən-dırnağa kimi əsl bəy olan bu vüqarlı kişi bu işə qol qoymamış, hökumət adamlarına qətiyyətlə və açıq şəkildə kəskin cavab vermiş, onları hər yerdə ifşa və rüsvay eləmişdi. Səlim bəyin bu hərəkəti dövlət təhlükəsizlik orqanları əməkdaşlarını bərk hiddətləndirmişdi. Ona görə də keçmişdə bəy olmasını, xarici ölkədə ali təhsil almasını bəhanə edərək onu hökumətin gözündə şübhəli şəxs kimi qələmə verdilər və izləməyə başladılar. Repressiya illərində minlərlə günahsız insanın, xüsusən də, əsilli-nəsilli adamların, milli ruhlu ziyalıların məhv edilməsini gözlərilə görən Səlim bəy yaşadığı quruluşla qəti barışa bilmirdi. O, artıq bu hökumətdən əlini üzmüş, küskünləşmişdi. Hətta işə də getmir, bəzi adamlardan uzaq gəzirdi. Gedəcəyi yer isə yalnız yaxın qohum-əqrəbalarının və dost-tanışlarının evləri idi. Hər gün axşamçağı gözündə eynək, başında hündür şlyapa, əynində qara rəngli pencək olan Səlim bəy sədəfə tutulmuş əsasını da götürərək bəzən ailəsi ilə, bəzən də tək-tənha evdən çıxır, bir də gecəyarısı qayıdırdı. Bu isə onu qarabaqara izləyən dövlət təhlükəsizlik orqanları əməkdaşlarının nəzərindən yayınmırdı. Onun ardınca düşən agentlər Səlim bəyin hər bir addımına göz qoyurdular.

1941-ci il dekabrın sonları idi. Səlim bəy arvadı Şəmsini və qızı Dilsuzu da götürüb, Yeni ili qeyd eləmək üçün yaxın qohumu Məmməd Muradovun evinə yollandı. Ağalar bəy Əliverdibəyov arvadı Məhbubə xanımla, Xan Şuşinski arvadı Tovuz xanımla, Cəmil bəy Behbudov arvadı Səltənət xanımla, Yusif Məlikov arvadı Sona xanımla, digər qohumları — Cahangir bəy Behbudov, İbrahim bəy Fuladov, Firudin bəy Behbudov, Mövsüm bəy Əhmədov da məclisdə idilər. Qonaqlar ev sahibinin həyat yoldaşı Sədiqə xanımın dəmlədiyi plovdan yeyə-yeyə keçmişdən, gələcəkdən, təzəcə başlanan müharibədən danışır, tez-tez Hitlerin, Stalinin adlarını çəkirdilər. Pəncərənin önündə, qaranlıq bir küncdə özünə yer eləyən agent isə eşitdiklərini bir-bir bloknotuna qeyd edirdi. Məclis dağılmamışdan bir az əvvəl kifayət qədər "fakt" toplayan agent sürüşüb, aradan çıxdı və ertəsi gün Məmməd Muradovun mənzilində olan "antisovet təbliğat" barədə yuxarı orqanlara məlumat verdi. Lakin ayının min bir oyunu bir armudun başında idi. Nəyin bahasına olursa-olsun, Səlim bəy Behbudov aradan götürülməliydi. Ona görə də V şöbəyə daxil olan materialları tez-tələsik "saf-çürük edən" rəis müavini, dövlət təhlükəsizlik leytenantı B. İ. Kalyagin 1942-ci il yanvarın 22-də onun cinayət işini belə rəsmiləşdirdi: "Səlim bəy Behbudov antisovet ünsürdür. 1940-1942-ci illərdə o, hökumətdən narazı olan bir dəstə adamı başına toplayaraq müntəzəm surətdə Sovet hakimiyyətinə qarşı gizli əksinqilabi təşviqat aparır. Köhnə bəy-xan ağalığı dövrünün qanun-qaydalarını tərifləyərək onun bərpa olunması mövqeyində dayanır. Kolxoz quruluşuna böhtan atır, sosialist tədbirlərinə, vergi siyasətinə qarşı çıxır. Faşistlərin müvəqqəti olaraq tutduqları rayonlarda dinc əhaliyə və hərbi əsirlərə qarşı etdikləri vəhşiliklər barədə Sovet informasiya bürosunun məlumatlarının yalan olduğunu təsdiqləyir. Bir sözlə, Böyük Vətən müharibəsində Sovet xalqının məğlubiyyətinin tərəfdarı kimi çıxış edir və sair və ilaxır". Bütün bunlar isə onun ən ağır cəzaya məhkum olunmasına kifayət edirdi. B. İ. Kalyaginin qərarı isə qəti idi: Güllələmək! Yanvarın 24-də Səlim bəy Behbudov həbs olundu. On bir ay həbsxanada olmazın işgəncələrə məruz qalandan sonra əməl dostu Mövsüm bəy Əhmədovla birlikdə 1942-ci ildə güllələndi.


Tarix: 23.01.2015 / 18:14 Müəllif: Feriska Baxılıb: 157 Bölmə: Azərbaycanın müharibələri‎
loading...