Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yezidabad qalası

Ümumi məlumat
Köhnəqala və ya Yezidabad qalası – Naxçıvan şəhərinin cənubunda yerləşən erkən orta əsrlərə aid qala. Bu qala eyni zamanda orta əsrlər Naxçıvan şəhərinin Narınqala hissəsi kimi də bilinməkdədir. Qalanın sonuncu Sasani hökmdarı III Yezdəgird (632 – 651/52 – ci illər) tərəfindən inşa edildiyi ehtimal olunur.

Tarixi
Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957 - 1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzlərin Tunc dövründə (е.ə. III - II minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Sasanilər hökmdarı III Yezdəgird (632-51/52) tərəfindən inşa olunduğu ehtimal olunur.

Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar.

Həmin qalanı sonralar Naxçıvanda olmuş Jan Şarden və Frehanq da xatırladırlar. Qala XVIII əsrədək fəaliyyətdə olmuşdur.

Tədqiqi
Naxçıvan şəhərinin 1827-ci il planında bu qala sxematik qeyd olunmuşdur. Plana əsasən qala iki hissədən – kiçik qala (Narınqala) və böyük qaladan ibarətdir.

Böyükqala
Böyükqala Narınqalaya nisbətən daha çox dağıntıya məruz qalmışdır. Böyükqalanın düzbucaqlı formada (185x400 m) olan ərazisi 74000 m²-dir.

Narınqalaya nisbətən sonralar inşa və ya bərpa edildiyi güman edilən bu qalanın salamat qalmış, döyməgil və çınqıl qatışığından hörülmüş divarları, kvadrat formalı (19х19х5 sm) çəhrayı və sarı rəngdə bişmiş kərpicdən tikilmiş bina qalıqları tikilinin orta əsrlərə aid olduğunu sübut edir.

Böyükqala yerləşdiyi təpənin relyefinə uyğun olaraq şimal-şərq və şimal-qərb tərəfdən nisbətən düz, cənub tərəfdən isə ziq-zaq şəklində inşa edilmişdir. Ziqzaqların çöl tərəfə çıxan kəsişmələri diametri 5,7 m-dən 9 m.-dək dəyişən konusvari bürclərlə tamamlanmışdır.

Böyükqalanın salamat qalmış divarlarının eni 1 m., hündürlüyü isə bəzi yerlərdə 5 m.-ə çatır. Qalanın kvadrat formada (150x150 m) olan Narınqala hissəsində hazırda binaların izləri qalmaqdadır. Nuh peyğəmbərin son dövrlərdə bərpa edilmiş türbəsi də Köhnəqala ərazisindədir. Azərbaycan rəssamı Bəhruz Kəngərli Nuh peyğəmbərin Köhnəqaladakı qəbrinin yağlı boy ilə rəsmini çəkmişdir ki, həmin əsər də Naxçıvan Dövlət Tarix Muzeyində sərgilənməkdədir.

Narınqala
Narınqalanın çaydaşı əlavə etməklə döyməgildən hörülmüş divarlarının salamat qalmış hissələrinin qalınlığı 3,5 m-dən 4 m.-ə çatır. Narınqala diametri, əsasən, 10 m olan dairəvi qüllələrə malikdir. Güman edildiyinə görə, Narınqalanın darvazası onun qərb küncündəki qüllə ilə yanaşı olmuşdur.

Narınqalanı əhatə edən divarlar qalanın qərb hissəsində salamat qalmışdır. Şimal-şərq səmtindəki əksər hallarda yuxarıya doğru getdikcə nazilən dairəvi qüllələr qismən salamat halda dövrümüzədək gəlib çatmışdır.

Gizli yollar və saxlanclar
Narınqalanın cənub-qərbdə 300 nəfərin gizlənə biləcəyi yeraltı sığınacaq - mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol, Naxçıvançaya çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir. Quyulardan biri mağaranın içərisindədir.

Qalanın özünəməxsus səciyyəvi xüsusiyyətlərindən biri də qalanın Böyükqala və əsas Narınqala hissələri arasında eni 22,5 m olan dar dəhliz formasında həll edilmiş çıxış yolunun – "tələ"nin təşkilindən ibarətdir. Öz qeyri-adiliyi ilə qalanın xeyli dağıdılmasına baxmayaraq, salamat qalmış qala divarlarının və bürclərinin hissələri diqqəti cəlb edir.


Tarix: 12.02.2015 / 19:11 Müəllif: Feriska Baxılıb: 267 Bölmə: Ümumi
loading...