Tarixi
Meşkinşəhrin hər daşının, torpağının altından mütləq Azərbaycan tarixinə məxsus bir abidə çıxır. Arxada gördüyümüz bu qala tarixdən bizə yaxşı məlum olan Qəhqəhə qalasıdır. Babək dövründə müdafiə məqsədi ilə istifadə edilən bu qala Səfəvilər dövründə zindana çevrilib. Qalada həmçinin sultanların xəzinəsinin gizlədildiyi deyilir. Bu yolu çıxmaq isə çox çətindir.
Qədimdə adət imiş. Əzizi, oğlu, qardaşı olsa belə, sultanlar taxta real təhlükə gördükləri insanı ya zindana saldırar ya da qətlə yetirərmiş. Qəhqəhə qalası da Şah İsmayılın nəvəsi II İsmayılın 19 il burada saxlanılması ilə məşhurdur. Qəhqəhə qalasını təkcə I Şah Təhmasibin öz oğlunu burada saxlaması məşhurlaşdırmayıb, bura həmçinin özünün qeyri-adi zindanı ilə məşhurdur. Bu barədə isə bir qədər sonra…
Qala Meşkinşəhrdən təxminən 85 kilometr uzaqda yerləşir. Bir saat sonra qalanın ətəyinə çatdıq. Qəhqəhə qalasının əzəməti uzaqdan adamı valeh edirdi. Dağın ətəyindən tam orta hissəyə kimi daşlardan pillələr düzülüb. Pillələr adamı çox yorsa da, təhlükə riskini xeyli azaldır. Bizi ən çox təəccübləndirən qalanın ən təhlükəli yerində gördüyümüz belində ot şələsi olan 70 yaşlı kişi oldu. Uzunqulağı bir qədər irəlidə onu gözləyirdi. Bu yaşda bir adamın bizdən fərqli olaraq qalaya bu qədər rahat çıxması bizi xeyli utandırdı. Yəqin bu qoca da qalanın tarixindən xəbərdardır, burada gedən döyüşlər, son nəfəsini bu torpaqda verən sərkərdələr barədə məlumatlıdır. Bir zamanlar qanla suvarılan bu torpağın otunu artıq süvari qoşunları atları yox, bu kişinin heyvanları yeyir.
Bizi gəzintidə müşayiət edən Meşkinşəhr rəhbərliyinin mədəniyyət və irs komitəsinin əməkdaşı Məsud Naqili yüz dəfələrlə bu qalaya çıxıb. Buranın hər daşı ona yaxşı tanışdır.
“Bura Qəhqəhə qalasının giriş darvazasıdır. Burada nigahbanlar dayanırdı. Hər kəsi içəriyə qoymazdılar. Onların bəziləri uçub və yenidən düzəldilib. Çölü daşdır. İçərisi isə kərpiclə düzəldilib”.
Məsud Naqilinin sözlərinə görə, burada istifadə edilən kərpiclərə Sasani dövründən qalma abidələrdə də rast gəlinir. Bu da Qəhqəhə qalasının tarixinin hələ Sasanilər dövrünə gedib çıxdığı ehtimalını ortaya qoyur. Bu qalada 20 nəfərin bir ordunun qarşısını alması barədə mif də var.
“Qəhqəhə qalası özü təbii formada bir bütöv daşdandır. Bu tikililəri onun üstündə tikiblər. Çətin keçiləndir. O zaman buranı keçmək hər adamın işi deyildi. 20 əsgər bir ordunun qabağında dayana bilərdi. Heç silah da lazım deyildi. Daş da atsaydılar, onların qarşısını ala bilərdilər”.
Deyirlər, bu qalanın adı burada qəhqəhə çəkərkən dağların o tayında əks-səda verdiyi üçün belə qoyulub. Bəzi mənbələrdə qəhqəhə əzab-əziyyət çəkən mənası da verir. Qala Babək dövründə müdafiə məqsədi ilə istifadə edilib. Bəzz qalasında işarə vermək məqsədilə yandırılan tonqalın tüstüsü, işığı buradan aydın görünürmüş.
Bizi ən çox maraqlandıran qalanın zindanı idi. Şah Təhmasibin oğlu II İsmayıl 19 il 6 ay 21 gün bu zindanda məhbusluq həyatı keçirib. O, Səfəvi tarixinin ən maraqlı şəxsiyyətlərindən sayılır. II İsmayıl adı ilə tanınan İsmayıl Mirzə on dörd yaşlı gənc ikən siyasət səhnəsinə atılıb. Özünün cəsarətli, sürətli həmlələri ilə düşməni dəhşətə saldığı üçün onu “Dəli İsmayıl” adlandırırmışlar. Amma İsmayıl Mirzənin bu möhtəşəm qələbələri və şöhrəti Təhmasib üçün təhlükə yaradır, üstəlik bir sıra hərəkətləri şahı özündən çıxarır və nəticədə II İsmayıl həbs olunur. Bu qalada həbsdə qaldığı müddətdə narkotik maddələrə qurşanması atasının ölümündən sonra hakimiyyəti ələ keçirməyə və 2 il taxtda əyləşməyə mane olmur.
“Bura Qəhqəhə qalasının zindanıdır. Bir tərəfi bağlıdır. Oradan darvaza qoyub qapısını bağlayırdılar. Qarşı tərəfi isə çətin sıldırımdır və heç kəs oradan keçə bilməz. Səfəvilərin böyük adamlarından, şahlarından bəziləri burada həbsdə saxlanılırmış”.
Burada bir neçə başqa zindanlar da olub. O dövrdə qalada yağış və qar sularının toplanması məqsədilə 17 su quyusu qazılıbmış. Bu quyular su tələbatının ödənilməsi məqsədi daşıyırdı. Bundan başqa qalada gördüyümüz bu çalalarda düyü və buğdanı həvəngdəstədə olduğu kimi döyürlərmiş. Qala ərazisində ciddi araşdırma aparılmasına ehtiyac var. Hətta biz belə ərazini gəzərkən saxsı qablara, hətta kəllə sümüyü parçasına rast gəldik. Yəqin ki, gələcəkdə bu qalada aşkarlanacaq bir çox tapıntılar Azərbaycanın orta əsrlər tarixinin açılmayan çox məqamlarına aydınlıq gətirəcək.
Məsud Naqili bizə bu yaxınlarda qalaya çıxan turistlərdən birinin ölümü barədə danışdı. Bir turistin ayağının altından çıxan daş digərinə dəyərək onu öldürüb. Yaxşı ki, bunu bizə qaladan endikdən sonra danışdı. Yoxsa yəqin ki, aramızda qalaya çıxmağa risk etməyənlər olardı. Bütün hallarda qalaya çıxmaq və düşmək təhlükəlidir və ehtiyat tələb edir.
Qəhqəhə qalası şahın xəzinənin saxlanması məqsədi ilə də istifadə edilib. Tarixi mənbələrə əsasən İsmayılın məhbusluğu dövründə qaladan qızıl və gümüş külçələr yoxa çıxıb. Qala rəisi Həbib bəy Ustaclı külçələrin yoxa çıxmasında şahzadə İsmayılı günahlandırır. İsmayıl isə bu işdə Həbib bəyin qızının təqsirkar olduğunu söyləyir. Qızılbaş tayfaları arasında düşmənçilikdə buradan başlayır. Qəhqəhə qalasından xəzinənin yoxa çıxmasından sonra. Tayfalar arası mübarizə Səfəvilər dövlətini hər zaman zəiflədib. Sanki tarix qızılbaşların qüdrətinə Qəhqəhə qalasında istehza ilə qəhqəhə çəkib.
Qalanın komendantları
Ənsar xəlifə
Həbib bəy
Məhəmməd bəy
Qalada dustaq olan məşhur şəxslər
Əlqas mirzə
Sam mirzə
İsmayıl mirzə
Xanəhməd xan Gilani
Həsən xan
Tarix: 12.02.2015 / 18:51 Müəllif: Feriska Baxılıb: 347 Bölmə: Ümumi