Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Respublikası Prezident seçkiləri (2013)

2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən VII rəsmi seçkilərdir. Seçkilər 2013-cü ilin oktyabr ayının 9-da keçirilib. 10 namizəd seçkidə iştirak edib. Seçici fəallığı 72.31 % olub. İlham Əliyev 3-cü dəfə seçkilərin qalibi olub.

Seçki qaydaları
Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da keçiriləcək prezident seçkisinin təqvim planını təsdiqləyib. Təqvimə görə, seçkiqabağı təşviqat sentyabrın 16-da başlanacaq və oktyabrın 8-dək davam edəcək. Prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması avqustun 20-dən başlanır və sentyabrın 9-da başa çatır. Seçkilərin monitorinqinin aparılması ilə bağlı vətəndaşlardan, namizədin nümayəndələrindən, QHT-lərdən, beynəlxalq müşahidəçilərdən (qanunda nəzərdə tutulmuş qaydada dəvətlə gələn və MSK-da qeydiyyatdan keçən) müraciətlər sentyabrın 29-dək qəbul olunur. Exit-poll-un keçirilməsi ilə bağlı müraciətlər sentyabrın 19-dan qəbul olunur və sentyabrın 29-dək baxılır. ​Təqvim planına görə, MSK oktyabrın 19-dək seçkilərin yekunları haqda protokolları Konstitusiya Məhkəməsinə verir. Konstitusiya Məhkəməsi səsvermədən 14 gün sonra seçkilərin rəsmi yekunlarını elan etməlidir. Seçilmiş prezident 3 gün ərzində and içir və vəzifəsinin icrasına başlayır.
Maliyyələşmə
Bu prezident seçkiləri müstəqil Azərbaycanın tarixində "ən bahalı seçkidir". Belə ki, dövlət büdcəsindən bu prezident seçkisinə təxminən 42,5 milyon manat (42 450 176 manat) vəsait ayrılmışdır. Bu xərclər müxtəlif istiqamətlər üzrə (o cümlədən, əməyin ödənişi üçün 10 339 450 manat, əməkhaqqı üzrə 10 339 450 manat, maşın və avadanlıqlar üçün 1 631 300 manat, digər seçki tədbirləri üçün 9 656 239 manat, həmçinin digər xərclər üçün) olub.

Qeydiyyat prosesi
Rəsmən 22 nəfər prezident seçkilərində iştirak etmək üçün rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edib. Onlardan 21-i namizəd kimi qeydiyyata alınıb, Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiqlənməsindən isə imtina olunub . Prezident seçkiləri üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib, təsdiq olunan namizədlər daha sonra 40 min imza ilə namizədliklərini qeydə almalı idilər. 14 sentyabr tarixinə qədər qeydə alınmış 21 nəfərdən yalnız 10 nəfər 40 min imzanı toplaya bilmiş və namizədliyi MSK tərəfindən qeydə alınmışdı.
Prezident seçkilərində namizədliyini geri götürmüş şəxslər
Qüdrət İsaqov - namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
Elşən Həsənov - namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
Ərəstun Oruclu - namizədliyini Cəmil Həsənlinin xeyrinə geri götürüb.
İlqar Altay - namizədliyini şəxsi təşəbbüsündən irəli gələrək geri götürüb.
İmza toplaya bilməyən namizədlər
İsmayıl Yusifov
Rauf Quliyev
Hidayət Rüstəmbəyli
Fuad Əliyev
Əhməd Oruc
Əli Əliyev
İlqar Məmmədov
Reaksiyalar
Namizədlərin reaksiyaları
Seçkilərdə II yeri tutmuş Milli Şuranın namizədi Cəmil Həsənli seçkilərin nəticələrini tanımadığını açıqlayıb.
Seçkilərdə VI yeri tutmuş Ədalət Partiyasının namizədi İlyas İsmayılov da seçkini tanımadığını bildirib.

Beynəlxalq reaksiyalar
ATƏT seçkinin nəticələrini tanımayıb: "Məntəqələrin 58 faizində səslər pis və ya çox pis sayılıb. Bundan başqa, seçki məntəqələri açılarkən onların 19 faizində baş verənlər də pis ya çox pis kimi qiymətləndirilib."
ABŞ : “Azərbaycanda prezident seçkisi beynəlxalq standartlara cavab verməyib”
Avropa Parlamenti: "1. Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq standartlara uyğun olmamasından təəssüflənirik. 2. Bütün müxalif siyasətçilərin, jurnalistlərin və insan haqları müdafəçilərinin, o cümlədən İlqar Məmmədov və Tofiq Yaqublunun heç bir şərt irəli sürmədən azadlığa buraxılmasına çağrırıq. 3. Avropa Birliyi ilə Azərbaycan arasında danışıqların baş tutmasından ötrü bütün siyasi məhbusların azad edilməsi, siyasi fəallara, jurnalistlərə və insan haqları müdafiəçilərinə hücumların dayandırılmasını şərt kimi qəbul edirik."

Etirazlar
12 oktyabr 2013-cü ildə Milli Şura seçkilərin saxtalaşdırılması iddiası ilə Yasamal RİSK-nin stadionunda "BƏSDİR" adlı ilk seçkisonrası mitinqini keçirmişdir.[21][22][23] Mitinqlə əlaqədar Facebook sosial şəbəkəsi üzərindən təşkil edilmiş dəvəti 5500-dən artıq insan qəbul etmişdir.[24] Reutersin xəbərinə görə isə mitinqdə 4000-dən artıq adam iştirak etmişdir.[23]

27 oktyabr 2013-cü ildə Milli Şura seçkilərin saxtalaşdırılması iddiası ilə Yasamal RİSK-nin stadionunda "Tələb edirik!" adlı növbəti, ikinci seçkisonrası mitinqini keçirmişdir.[25] Mitinqlə əlaqədar Facebook sosial şəbəkəsi üzərindən təşkil edilmiş dəvəti 5000-dən artıq insan qəbul etmişdir.[26] Bakı Şəhər Baş Polis İdarəsindən verilmiş açıqlamaya görə isə mitinqdə 1000 nəfər adam iştirak etmişdir.[27]


Tarix: 12.02.2015 / 17:37 Müəllif: Feriska Baxılıb: 153 Bölmə: Ümumi
loading...