Naxçıvan şəhəri 1412 – ci ildən Azərbaycanın türk mənşəli Qaraqoyunlu, 1468 – ci ildən isə Ağqoyunlu dövlətlərinin tərkibində olmuşdur. XVI əsrdə isə Naxçıvan Səfəvilər dövlətinin tərkibində idi. 1501 – ci ildə Naxçıvan ərazisində Səfəvilər və Ağqoyunlular arasında Şərur döyüşü baş vermişdi. Səfəvi qoşunları bu döyüşdə qalib gəldikdən sonra Naxçıvan şəhərini fəth etmişdilər.
XVI – XVII əsrlərdə Səfəvi–Osmanlı müharibələri (1514, 1553, 1554, 1579, 1585, 1590, 1605, 1635) zamanı Naxçıvan şəhəri dəfələrlə əldən - ələ keçərək dağıdılmış, qarət edilmişdi. 1603 – cü ildə isə I Şah Abbas Naxçıvanı hakimiyyəti altına alıb hərbi düşərgəyə çevirmişdi. Şəhərin idarəsi Maqsud Sultan Kəngərliyə həvalə olundu. 1605 – ci ildə Osmanlı qoşunları Naxçıvanı zəbt etdilər, Naxçıvan Osmanlı imperiyasının tərkibinə qatıldı. XVII əsrə aid bir salnaməyə görə Naxçıvanda bir bina da olsun salamat qalmamışdı.
Fransız səyyahı Jan Batist Tavarnye, alman səyyahı Adam Oleari Naxçıvanın müharibələr nəticəsində xarabalığa çevrilməsindən bəhs etmişlər.
Naxçıvan XVI əsrdə Azərbaycan, XVII əsrdən isə Çuxursəəd bəylərbəyliklərinin tərkibinə daxil olmuşdu.
XVI – XVII əsrlərdə Naxçıvan hakimləri kəngərli tayfa başçılarından təyin olunurdu. Naxçıvanda Nadir bəy, Rzaəddin xan (1647), Əliqulu xan (1668 – 1669), Şərəf xan (1669 – 1678), Məmmədrza xan (1678 – 1691) hakimlik etmişlər.
Tarix: 12.02.2015 / 14:17 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Ümumi