"Mənəvi uyğunsuzluq”, "xasiyyətin tutmaması”, "sözün düz gəlməməsi” və sairə kimi kəlamları demək olar ki, biz hər gün müxtəlif yerlərdə eşidirik. Bu kəlamları ümumiləşdirərək, ona "mənəvi uyğunsuzluq” kimi yanaşa bilərik. Bu, daha ümumi və məntiqi anlamdır.
Gəlin, görək, tez-tez insanların şikayətləndiyi mənəvi uyğunsuzluq hallarının kökündə nə durur? Ümumiyyətlə, bu cür hallara qarşı mübarizə aparmağa dəyərmi?
SOSİAL ƏSASLAR
Mənəvi uyğunsuzluq halları ilk növbədə sosial problemlər yaratmaqla nəzərləri cəlb edirlər. İşdə, ailədə, ictimai yerlərdə bunu açıq-aydın hiss etmək mümkündür. Şübhəsiz, mənəvi uyğunlaşma mühüm sosial məsələləri həll etməyə imkan verir. Bu baxımdan, mənəvi uyğunlaşma ictimai münasibətləri qurmaqda? Bir-birlərini anlamaqda insanlara kömək edən əsas amil sayıla bilər.
Bu problem həmişə olduğu kimi, ən çox ər-arvad münasibətlərində hiss olunur. Bunu adətən xarakterin tutmaması kimi də qiymətləndirirlər. Qərbdə mənəvi uyğunsuzluq halları tezliklə boşanmanı yaradan əsas səbəblərdən sayılır. Ona görə də, həmin ölkələrdə boşanmanın sayı Azərbaycana, digər şərq ölkələrinə nisbətdə həmişə çox olur. Lakin bizdə, əksər şərq ölkələrində boşanmanın miqdarının az olması, heç də o demək deyildir ki, bütün ailələrimizdə mənəvi uyğunlaşma yüksək səviyyədədir. Sadəcə olaraq, adət-ənənələr, mentalitet, milli-məişət psixologiyası və dözüm mənəvi uyğunsuzluğa görə boşanmaların sayını kəskin şəkildə aşağı salır. Əgər bizim milli mentalitetimizə yad olan adətlər ölkəmizə ayaq açarsa bizdə də boşanmanın sayı və əxlaqsızlıqlar artar.
PSİXOLOJİ AMİLLƏR
Təbiidir ki, mənəvi uyğunsuzluq birbaşa fərdi psixologiya ilə əlaqədardır və onun yaranmasında psixoloji problemlər mühüm həlledici rol oynayır. Nəticədə, mənəvi uyğunsuzluq həm də, stresslər və psixoloji problemlər yaradır. İnsan özünü pis hiss edir, digər şəxslərlə ünsiyyət qurmaqda çətinliklərlə üzləşir. Bunun nəticəsində də getdikcə anlaşılmaz fəaliyyətsizlik, əhval pozğunluqları yaranır. Bu baxımdan, bizi, tez-tez iş yerini dəyişən qəribə xasiyyətli şəxslər daha dərindən anlayarlar. Bu tipli insanlar tez-tez iş yerlərini dəyişir, dost-tanışlarla olan münasibətləri ardıcıl və səmimi olmur. Onlar əsasən mənəvi və psixoloji cəhətdən özlərinə ən yaxın insanlara uyğunlaşa bilərlər.
Psixoloji baxımdan da, mənəvi uyğunsuzluqlardan ən çox əzab çəkənlər. məhz, ərlər və arvadlar olur. Mənəvi uyğunsuzluq halları tez bir vaxtda ailə daxilində hiss olunur. Bu da ya ərin, ya da arvadın tez bir zamanda psixoloji narahatçılıq keçirməsinə səbəb olur, ailədaxili münaqişələr, söz-söhbətlər baş alıb gedir. Çox təəssüf ki, psixologiya elmi və ictimai elmlər sistemi bu cür problemlərin qarşısında əksər hallarda aciz olur, çünki artıq formalaşmış insan psixologiyalarını və xarakterini köklü şəkildə dəyişmək qeyri-mümkün olur.
NƏ ETMƏLİ?
Hər hansı bir şəraitdə-işdə, ictimai yerlərdə, ailədə, istirahət yerlərində və sairədə mənəvi uyğunsuzluq halları sizi narahat edirsə, özünüzü itirməyin, səbr edin. Bəlkə də bu, ilkin uyğunlaşma reaksiyası ola bilər. Əgər siz ümumiyyətlə, bu insanlara, mühitə müəyyən müddət keçdikdən sonra da uyğunlaşa bilmirsinizsə, tezliklə oralardan uzaqlaşın.
Çalışın psixologiyanızı, xarakterinizi yeniyetməlikdən elə formalaşdırın ki, tez-tez mənəvi uyğunsuzluq halları sizə əzab verməsin. Şübhəsiz, bu, ilk növbədə ailədən, valideynlərdən və oradakı tərbiyə mühitindən də asılı olur. Amma nə etməli, müxtəlif xasiyyətli insanlarla hər cür şəraitdə dil tapmaq, cəmiyyətdə müxtəlif yaşamaq xüsusiyyətlərini mənimsəmək hər bir şəxsə lazım olan mühüm xarakterik xüsusiyyətlərdir.
Hörmətli ər-arvadlar, əgər sizin hər hansınızı mənəvi uyğunsuzluq halları, xarakterin tutmaması narahat edirsə, deməli, ilk növbədə bu, taleh məsələsidir. Səbr etməli, dil tapmalı, kompromisə getməli və dözməli. Ailəni, uşaqları, əsl-nəcabəti qorumaq və xəyanətə yol verməmək üçün yalnız və yalnız qarşılıqlı əlaqə nöqtəsini tapmaq lazımdır. Yaxınlarınızın, psixoloqların köməyindən də istifadə edə bilərsiniz. Şübhəsiz, bu, sizin xarakterinizin möhkəmliyindən və iradənizdən asılı olacaq. Hər halda, burada digər sanballı, ağıllı alternativ yollar tapmaq çətin olur. Sizə bu işlərdə uğurlar!
Tarix: 27.04.2015 / 12:40 Müəllif: Aziza Baxılıb: 462 Bölmə: Ümumi Psixologiya