Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şizofreniya

Şizofreniya ağır və xroniki hal alan psixi xəstəlikdir. Bu xəstəlik zamanı insanın şəxsiyyəti dəyişir, o, başqalarından təcrid olunur, gerçəkliyi hallusinasiyaları ilə qarışdırır. Şizofreniya nəticəsində insan adi həyat tərzindən, yaxınlarından uzaqlaşır, müalicə olunmadıqda xəstəliyin fəsadları ağırlaşır.

Psixiatr Mətanət Kərimovanın sözlərinə görə, şizofreniya zamanı insanın sosial həyatda fəallığı azalır, onun fəaliyyətinin məqsədləri itir, düşünmə qabiliyyəti pozulur. Bu xəstəliyin yaranması isə müxtəlif psixi pozuntuların inkişafı ilə bağlıdır. Şizofreniya zamanı insanda hallusinasiyalar, əhvalın kəskin dəyişməsi, aqressiya və ya durğunluq müşahidə olunur, xəstə baş verənləri dəqiq anlamır.

Şizofreniyanın səbəblərinin və inkişafının hələ lazımi qədər öyrənilmədiyini deyən psixiatr bildirir ki, xəstəlik irsi faktorlarla sıx bağlıdır. Xəstəliyin inkişafında xəstənin yaşı və cinsi də çox önəmlidir: «Kişilərdə bu xəstəlik daha tez başlayır və fasiləsiz davam edir. Xəstəliyin fəsadları isə ağır olur. Qadınlarda bu xəstəliyin gedişatı tutmalar kimi özünü bürüzə verir. Tutmalar qadının hamiləlik dövründə və həyatında baş verən digər proseslərlə bağlı ola bilər. Qadınlarda isə bu xəstəliyin fəsadları ağır olmur».

Şizofreniyanın ağır formaları isə uşaqlıqdan və yeniyetməlik dövründən başlayır. Bu xəstəlik zamanı insanın şüuru və emosiyaları dəyişikliyə uğrayır. Düşünmə qabiliyyəti pozulan xəstələr tez-tez diqqəti cəmləyə bilmədiklərindən şikayətlənirlər. Çox vaxt belə xəstələr fikirlərini idarə edə bilmir, onlarda ya fikirlər paralel yaranır, ya da hansısa bir fikrin təkrarlanması baş verir. Lakin xəstələr bu simptomlardan əziyyət çəkdikdə belə sözlərdə, cümlələrdə və ya incəsənət əsərlərində olan xüsusi mənanı anlaya bilirlər. Danışanda isə belə xəstələr fikrini dağınıq ifadə edir. Buna görə də onların nitqlərini anlamaq çətin olur. Çox vaxt belə xəstələr danışan zaman fasilələr verir və fikrini tam ifadə edə bilmirlər. Bundan başqa, xəstələrdə iradəsindən asılı olmayaraq, onları rahat qoymayan, təkrarlanan fikirlər yaranır. Bu fikirlər insana əziyyət versə də, onlardan qurtula bilmir. Təkrarlanan fikirlər tarix, adlar, terminlər, rəqəmlər, qorxularla bağlı olur. Xəstələrdə uzun müddət həyatın mənası və ölüm barədə düşündüyü hallar da olur.

Şizofreniyadan əziyyət çəkəni dünyada baş verən bir sıra qlobal problemlər də düşündürə bilər. Xəstə onu təqib edən və ona əziyyət verən fikirləri ilə ona rahatlıq gətirən müəyyən hərəkətlərlə mübarizə aparır. Bəzi şizofreniyadan əziyyət çəkən xəstələr daim hansısa infeksiyaya, xəstəliyə tutulmaqdan və ya sadəcə kirdən qorxurlar. Bu zaman xəstə əlini yumaqla müəyyən müddətə rahatlaşır. Rahatlaşmaq üçün belə xəstələr bir neçə dəfə yaxşıca əllərini yuyurlar. Əgər xəstə bunu etməsə, narahatlıq və qorxu hissi onda artmağa başlayır.

Həmsöhbətimizin dediyinə görə, xəstələrdə sayıqlama da özünü göstərə bilər. Çox vaxt belə xəstələr düzgün düşünə bilmir, hadisələrin gedişatı və insanlar haqqında yanlış təsəvvürə malik olurlar: «Xəstə bütünlüklə yanlış təsəvvürlərə təslim olur və onun fikirlərini dəyişdirmək mümkün olmur. Sayqılama gerçək fakt və hadisələrin yanlış təhlili nəticəsində baş verir. Eləcə də sayıqlamalar hallusinasiyalara görə də yarana bilər. Xəstələr qəribə şeylər də düşünüb sayıqlaya bilərlər. Məsələn, xəstələr düşünə bilər ki, kimsə onları təqib edir, zəhərləmək istəyir, cadu və sehr ona qarşı tətbiq olunur və s».

Xəstələr müxtəlif iyləri, bədənində və başında ağırlıq, yanma kimi prosesləri hiss edirlər. Xəstələr gerçək kimi bədəninin deşilməsini, sivrilməsini, güllələnməsini və s hiss edə bilərlər. Onları uydurma, lakin gerçək kimi qəbul etdikləri insanlar, iylər, dadlar, hadisələr təqib edir. Onlar uydurduqları dünyanı gerçəkliklə qarışdırırlar.

«Xəstələrdə emosional pozuntular valideynlərə və ya yaxın insanlara qarşı mərhəmət və bağlılıq hissinin itməsi, təhsilə, işə marağın olmaması, qapalılığın, cəmiyyətdən təcrid olunmağın yaranması ilə başlayır. Bəzən xəstələr yaxınlarına qarşı kobud rəftar edir, qəddar olur, onlara ögey münasibət göstərirlər. Valideyn və yaxınlarını adını və soyadını deməklə çağırırlar», — deyən psixiatrın bildirdiyinə görə, belə insanlarda məsuliyyət və cavabdehlik hissi itir. Xəstələr öz vəzifələrini və öhdəliklərini yerinə yetirmir, özlərinə qulluq etmir, saçlarını daramır və s. Onlar küçələri gəzir və qəribə tərzdə davranırlar. Bu simptomlarla yanaşı xəstəliyin ağırlaşması zamanı xəstədə manyakal (yüksək əhval-ruhiyyə) və depressiv (əhval-ruhiyyənin aşağı düşməsi) müşahidə olunur. Xəstəlik insanda apatiya, biganəlik hissi yaradır.

M.Kərimovanın sözlərinə görə, hansısa bir vəziyyətdə uzun müddət sakit qalmaqla yanaşı, bu xəstəliyə aqressiv davranış da xasdır: «Bəzi xəstələrin hərəkətləri pozulur. Misal üçün, xəstə uzun müddət — bir həftə və ya bir neçə ay bir vəziyyətdə uzanıb qala bilir. Bu halda xəstə ətrafdakılara heç bir reaksiya vermir, sualları cavablandırmır, heç bir xahişləri yerinə yetirmir. Bəzi xəstələr isə uzananda belə yastığın üstünə başını qoymur və havada asılı vəziyyətdə başlarını saxlayırlar. Xəstələr uzun müddət qəribə vəziyyətlərdə hərəkətsiz qala bilirlər».

Müsahibimizə görə, ümumiyyətlə, şizofreniya zamanı insanlarda müxtəlif qəribə davranışlar müşahidə olunur. Lakin şizofreniya ağırlığından asılı olaraq müalicə olunur. Statistikaya görə, belə xəstələrin təxminən 40 faizi müalicə aldıqdan sonra sağalır və xəstəlikdən əvvəlki adi həyatına qayıdır. Lakin indiyədək bu xəstəliyin səbəbləri tam aydın deyil.


Tarix: 27.11.2014 / 12:34 Müəllif: Aziza Baxılıb: 166 Bölmə: Ümumi Psixologiya
loading...