Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxşı yol!

Böyük bir şirkətin sahibi qaz balonu ilə Nyu-York səmasında səyahətə başlayır. Bir müddət sonra əlindəki kompas yerə düşür və yolunu azır. Enmək üçün münasib yer axtara-axtara göydələnlərdən birinə yaxınlaşır və görür ki, bir nəfər binanın başında dayanıb siqaret çəkir. Sahibkar siqaret çəkən adamdan: “Bağışlayın, mən haradayam?” – deyə soruşur. Siqaret çəkən adam: “Yerdən 200 metr yüksəklikdə, qaz balonunun içindəsiniz”, – deyir.
Sahibkar davam edir:
– Siz mühəndissiniz, elə deyilmi?
– Doğrudur, haradan bildiniz?
– Sizin dedikləriniz doğrudur. Ancaq bunların heç biri mənim işimə yaramır.
– Deyəsən, sizin də vəzifəniz müdirdir?
– Bəli. Bəs siz necə bildiniz?
– Çünki yerdən 200 metr yüksəklikdə bir qaz balonun içində azmısınız və məni təqsirkar hesab edirsiniz.

Öz günahınıza görə başqalarını təqsirkar bilsəniz də, bu, məsələni həll etməyəcək. Bəlkə də, özünüzü bir anlığa rahat hiss edə və diqqəti başqasına yönəldə bilərsiniz. Ancaq kompasınızı tapmaqda bu yol sizə heç vaxt kömək etməyəcək. Problemi həll etmək üçün bir üsul var. O da kompassız uçmağı öyrənməkdir. Həmişə yerində saymaq istedad və qabiliyyətlərin itirilməsinə səbəb olur ki, nəticədə insan özünəinam və özünəhörmət kimi ülvi hisslərdən məhrum olur.
Alimlər laboratoriyada bir şüşə qabın içərisinə bir neçə birə qoyub ağzını bağlayırlar. Birələr “azadlığa” çıxmaq üçün hər dəfə yuxarı tullananda başları qabın qapağına dəyir və buna görə də tədricən onlar tam yüksəyə tullanmaqdan əl çəkirlər. Bir müddət sonra alimlər qapağı açıq qoyurlar. Ancaq birələr “yeni həyata” öyrəşdikləri üçün qabdan çıxmağa cəhd göstərmirlər.
Biz insanlar da qabdakı birələr kimi yüksəkliyə tullanma potensialımızdan əsl qapağa görə yox, öyrəşdiyimiz və qəbul etdiyimiz “qapaz”a görə istifadə edirik. Öz kölgəsindən qorxub gizlənən, tullandıqda (!) belə öz boyunu keçə bilməyən insanların bütün bəd əməlləri elə özlərinə qalsaydı... Di gəl ki, “hind quşları ilə bərabər yaşamağa məhkum olmuş birisinin qartallarla birgə yüksək zirvələrdə süzməsi mümkün deyil!” Onlar “qurunun oduna yanan yaş odunlar”a bənzəyirlər. Bənzətməyə qüvvət, hind quşu və od-ocaq əla bir ziyafət süfrəsindən xəbər verir.

Bir boya qabına 10 qurbağa düşür. Qabın ətrafındakı qurbağalar “boğulacaqsınız” deyib hay-küy salmağa başlayırlar. Doğrudan da, qurbağalar – bu “xoş” sədaların təsiri altında – bir-bir boyada boğulub tələf olurlar. Onlardan yalnız biri çabalayıb qabdan çıxa bilir. Sonra məlum olur ki, xilas olmuş qurbağa kar imiş…

Dünyaya göz açdığı anda insanı qarşıda sonsuz potensial güc və imkanlar gözləyir. Amma həmişə kimlərsə insanın potensialından tam yararlanmasına və yaranmış imkanlardan onun səmərəli istifadə etməsinə maneçilik törədir. Bəzən kənar müdaxilələr və söz-söhbətlər gələcəkdə böyük uğurlar qazandıracaq bir işin başlamadan qurtarmasına səbəb olur.
Bir sözlə, yolumuzu davam etdirmək üçün iki alternativ var:
1. Yalnız müsbət keyfiyyətlərimizi bəsləyərək mənfiliklərimizi acından öldürmək...
2. Ömür boyu kompassız uçmaq, hind quşları ilə birgə yaşamaq və...


Tarix: 05.12.2014 / 15:19 Müəllif: Aziza Baxılıb: 153 Bölmə: Ümumi Psixologiya
loading...