beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çətən

Çətən – eyni diametrli qamış və ya ağac çubuğundan hazırlanmış məhsul. Çətən "çətmək" sözündən yaranıb, mənası "bağlamaq" deməkdir. Bəzən onu alaçıqlarda çox istifadə edildiyi üçün "çığ" da adlandırırlar. [1][2]

Ümumi məlumat

Çətən adətən eyni ölçülü qamış və ya ağac çubuğundan hazırlanır. Bu çubuqlar yan-yana qoyularaq həm qıraqdan, həm də uzunluğundan asılı olaraq ortadan bir və ya bir neçə dəfə sadə ip vasitəsilə bir-birinə bərkidilirdi. Bu texnikada hazırlanmış məhsul dik vəziyyətdə alaçığın alt hissəsini bərkitmək məqsədilə istifadə edilirdi. Azərbaycanda adətən iki cür çətən mövcud olmuşdur:
Saya. Saya çətənlər üzərində heç bir bəzək elementi olmurdu və o sırf məişət məqsədləri üçün hazırlanırdı.
Naxışlı. Naxışlı çətənlər döşəmə, alaçıqdakı divar, arakəsmə, bəzən də pərdə kimi məqsədlərə xidmət edirdi.

Hazırlanma qaydası

Keçən ildən qalmış quru qamışları yaz fəslində yığıb, təmizləyirlər. Yığılan qamışlar üzəri təmizləndikdən sonra çətən hazırlayan ustanın istəyinə görə ölçülənir, kəsilib şəkillənir və adətən qoyun yunundan alınmış ip vasitəsi ilə hörülüb bir-birinə bağlanır. İstər bəzək üçün, istər də müəyyən məqsədlər üçün istifadə olunan çətənin üzəri təbii şəkildə bitkilərdən əldə edilmiş boyalarla naxışlanır. Qədimdən çətəndən alaçıqların örtülməsi, bəzədilməsində geniş istifadə olunurdu. Çətən insanların sağlamlıqlarının keşiyində də dayanırdı. Onlar nəmişlikdən yarana biləcək xəstəlikləri önləmək üçün yaşadıqları yeri tamam qamışla örtüb, yerə çətən (həsir) döşəyirdilər. Bundan başqa, çətən indi də interyerdə dekor kimi istifadə olunan çox nəfis sənət növüdür.

Çətən üzərində naxış vurmaq üçün əsasən iki üsuldan istifadə edirdilər. Birinci üsul ondan ibarətdir ki, naxış çubuqların ayrı-ayrı hissələrini müəyyən bir qaydada yandırmaq vasitəsilə yaradılırdı. Digər üsulla çubuqların ayrı-ayrı sahələri bir-bir müxtəlif rəngli saplarla dolanır və beləliklə, müxtəlif rəngli və təsvirli kompozisiyalar əmələ gəlirdi. Belə çətənlərin hazırlanmasında həm yun, həm də ipək saplardan istifadə olunurdu. Çətən istehsalının əsas mərkəzləri Azərbaycanın şimal-qərb zonası və Muğan əraziləridir. Bu texnikada hazırlanmış məhsul bəzən dik vəziyyətdə çəpər düzəltmək məqsədilə istifadə edilərdi.


Tarix: 24.03.2013 / 16:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 276 Bölmə: Toxuculuq