beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xalçaçılıq

Xalçaçılıq – kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdür.Mündəricat
1 Ümumi məlumat
2 Azərbaycanda xalçaçılıq sənətinin tarixi
3 Azərbaycanda XX əsrdə xalçaçılığın inkişafı
4 Mənbə


Ümumi məlumat

Bu sənət növünə hər zaman dövlət başçıları çox əhəmiyyət vermiş, ən dahi şairlər öz əsərlərində istedadlı xalça toxuyanları xatırlatmışlar. Xalçaların inkişafı tarixi şərti olaraq 4 əsas dövrə bölünür:
Birinci – inkişafın ilkin dövrüdür. Bu dövrün məmulatları çox sadə və naxışsız idi. cecim və palazlar meydana çıxır.
İkinci dövr - Bü dövrdə kilimin daha çətin üsullarla toxunma üsulları yaradılır.
Üçüncü dövr – toxunmamı şedde, verni, sumax, zili üsullarının yaranması dövrüdür. Sadə və çətin sarımanın geniş yayıldığı müddətdir.
Dördüncü dövr – xovlu xalçaların düyünlərlə toxunmasının inkişafı ilə xarakterizə olunur. Həm texniki, həm də sənət nöqteyi nəzərindən bu dövrü xalçaçılığın ən yüksək inkişaf dövrü adlandırmaq olar.

Şimali və Cənubi Azərbaycanın ərazilərində müxtəlif dövlətlər və dinlər meydana gəlmiş, müharibələr getmiş, müxtəlif mədəniyyətə malik tayfalar bir-birlərini əvəzləmişlər. Qonşu və ya bir-biri ilə müharibə edən müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqə əlbəttə ki, qaçılmazdı. Bu proseslər öz əksini xalçaçılıqda da tapmışdı. Azərbaycanın ərazisində özünəməxsus məktəbi və özünəməxsus stili olan xalçaçılıq mərkəzləri formalaşmağa başlamışdı.

Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar.

Azərbaycanda xalçaçılıq sənətinin tarixi

Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar hələ b.e. əvvəl II minillikdə burada kənd təsərrüfatı, heyvandarlıq, metal emalı, dulusçuluq və xalçaçılığın çox yaxşı inkişaf etdiyini sübüt edir. Dünyada aşkar olunan xalçalardan ən qədimi – bizim eradan əvvəl VI-V yüzillikdə Dağlıq Altayda arxeoloji qazıntılar zamanı tapılan məşhur pazırık xalçasıdır. Azərbaycanın ərazisindəGültəpə qazıntıları zamanı bizim eradan əvvəl IV-III yüzillikdə xalçaçılıqda işlədilən alətlər, boyaq maddələrin izləri aşkara çıxmışdı.

Xalça insanları birləşdirirdi, onlarda kollektivlik, bir-birinə kömək, dostluq hisslərini aşılayırdı. Çoxsaylı və müxtəlif funksiyaları özündə birləşdirən Azərbaycan xalçası bütün praktiki mənaların cəmindən daha artıq əhəmiyyət kəsb edirdi. Azərbaycan xalçası təkcə milli həyat tərzinin əsas elementlərindən, dekorativ-tətbiqi sənətin növmüxtəlifliyi deyildi; onunla xalqın mövcudluğunun mənəvi və əxlaqi normaları bağlıdır.

Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib.

Azərbaycan xalçaları Azərbaycanın rəngarəng təbiətinin bütün gözəlliyini - səmanın maviliyini və meşələrin yaşıllığını, dağ yamaclarının əlvanlığını, qarlı zirvələrin bəyazlığını əks etdirir. Bu xalçalarda qırmızı nar dənələrinin və qızılı heyvanın, sarı zəfəranın və kəhrəba üzümün rəngləri ecazkar bir şəkildə qovuşmuşdur. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlıqı ilə fərqlənir.

Tarixi mənbələrdəki məlumata görə, orta əsrlərdə Azərbaycan Şərqdə həm xovlu, həm də xovsuz xalça istehsalının mərkəzlərindən biri hesab olunmuşdur. X əsrə aid (982-ci il) "Hüdud-əl-Aləm" əlyazmasında deyilir ki, Azərbaycan şəhərləri, o cümlədən Muğan öz çuvalları və palazları ilə məşhur olmuşdur; Naxçıvan, Xoy və Salmaz şəhərləri öz zililəri, xalçaları və toxuculuq məmulatı ilə, Ərdəbil və Şirvan əlvan ipək və yun parçaları ilə şöhrət qazanmışdır.

Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı sarayı kimi dünyanın böyük muzeylərini, habelə Bakıda Azərbaycan Xalçaları Muzeyini və Azərbaycan Tarixi Muzeyini bəzəyir.[1]

Təəssüflər olsun ki, son dövrlərdə Azərbaycan xalçaları dünya muzeylərində bəzən "Qafqaz", "İran" və bəzən də "Ermənistan" xalçaları adı ilə nümayiş etdirilir.[2]

Dekorativ tətbiqi incəsənət növlərindən biri olan xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Xalça bir sıra müsbət xüsusiyyətlərə malikdir. O, bədii təsviri sənətlə, böyük ustalıq tələb edən xalq yaradıcılığının məcmusudur. Xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə oluna biləcək qiymətli əşyadır. Azərbaycanda xalça sənəti növlərinin yaranması, inkişafı çox qədim tarixə malikdir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir.Müxtəlif rəng çalarlarına malik Gəncə xalçaları isə hər zaman özünəməxsus üslüb ilə fərqlənib. Həmin xalçalar ki, adı Qarabağ atları ilə qoşa çəkilib, xaricə göndərilib, sərgilərdə həmişə yüksək yerlər tutub, gələn qonaqlara qiymətli hədiyyə kimi təqdim edilib. Qərb regionunun təbiətinin də zəngin və rəngarəng olması bölgədə xalçaçılığın inkişafında əvəzsiz rol oynayıb. Belə ki, Gəncə xalçalarını digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri də onların toxunmasında əsasən təbii xammal və boyaq məhsullarından istifadə olunmasıdır. Gəncə-Qazax zonasında xalçalar əsasən yundan toxunduğundan seyrək ilməli, qalın tüklü, həndəsi ornamentli, orta ölçüsü isə 3 kv. m, 1.5x 2(2.5) sm olur. 5-7 rəngdən istifadə edilən bu xalçalarda əsasən sürməyi göy, lalə və zoğalı qırmızı rənglər üstünlük təşkil edir. Vaxtı ilə ipəkçiliyin inkişaf etdiyi Gəncədə ipəkdən toxunulan xalçalar öz gözəlliyi ilə insanı valeh etməyə bilmir. Gəncə-Qazax xalçalarında ilmələrinin sıxlığı bu cürdür: 10 sm-də 25-30, 28-35 ilmə.

Azərbaycanda XX əsrdə xalçaçılığın inkişafı

Çox təəssüflər olsun ki, sovet dövründə Azərbaycan xalçası beynəlxalq bazarda olan mövqelərini itirdi. Halbuki 19-cu əsrin əvvəllərinə, 1920-ci ilə qədər dünya bazarında Azərbaycan xalçası əhəmiyyətli mövqeyə malik olub. Hətta Quba xalçası öz texnologiyası və kompozisiyasına görə dünyada birinci olub. Bu xalçalar ayaq altında əsrlərdən də çox yaşayıb. Bu texnologiya iynəvari ilmə adlandırılır ki, bu da ilməsi çıxmayan xalçadır. Bu texnologiyada xovun hündürlüyü digərləri ilə müqayisədə yüksək olub"- deyən, mütəxəssis qeyd etdi ki, Azərbaycan xalçalarının ən aşağı xov hündürlüyü 6 mm olub ki, bu da xalçanın ömrünün uzun olmasına əsasdır.

Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək çox cəhətli xarakter daşımışdır. Respublikanın rayon və kəndlərində xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir. Onların ənənəvi çeşnilərdə toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq şəkildə özünü göstərir. Eyni zamanda xalçaçılıqda yeni-yeni kompozisiyalar, naxış elementləri meydana gəlir. Yeni yaranan çeşnilərdə nisbətən əyri xətlərlə işlənmiş nəbati naxışlara, insan, heyvan, quş təsvirlərinə, lirik və romantik üslubda yaradılmış sücetli kompozisiyalara meyl üstündür. Xalça sənətinin inkişafının digər bir qolu "Azərxalça" İstehsalat Birliyinin fəaliyyətidir. "Azərxalça" nın sex və emalatxanalarında toxunan xalçalarda ənənəvi naxış, göl və rənglərdən ustaların yaradıcı şəkildə etdiyi dəyişmələr klassik xalça kompozisiyalarının sayını artırıb zənginləşdirir.

Xalça sənətinin digər bir qolu peşəkar rəssamlar tərəfindən davam və inkişaf etdirilir. Onların yaratdıqları yeni ornament və çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Bu xalçaların kompozisiya, rəsm həlli və koloritində bəzən klassik kanonların pozulmasına baxmayaraq, müxtəlif bədii və texniki vasitələr mövzunun açılmasına kömək edir.

Azərbaycanda xalçaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Xalçaçılıq sənət və elm sahəsi kimi Ə.Əzimzadə ad. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənət yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə öyrədilir.

Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimov un (1906-1991) adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ - tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist - rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. L.Kərimovun eskizləri əsasında toxunmuş "Əfşan" (1932), "Qonaqkənd" (1939), "Ləçəktürünc" (1952), "Şuşa" (1953), "Göygöl" (1958), "Qarabağ" (1960), "İslimi" (1964), "Butalı" (1965), "Bahar" (1966,1976), "Heyvanlar aləmində" (1969), "Şəbi-hicran" (1975), "Zərxara" (1977), "Firdovsi" (1934), "Səməd Vurğun" (1956), "Vaqif" (1967), "Füzuli" (1972), "Nəsimi" (1974), "Səfiəddin Urməvi" (1975), "Əcəmi" (1976) və s. ornamental və portret xalçalar ornament elementlərinin uyarlığı, kompozisiya bitkinliyi, rəsmlərinin zərifliyi və ifadəliliyi, zəngin koloritinə görə xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir. 1949-cu ildə kollektiv müəlliflərlə birgə yaratdığı "Stalin" xalçasına görə 1950-ci ildə SSRI Dövlət mükafatına layiq görülmüşdür. 1986-cı ildə Londonda açılmış fərdi sərgisi böyük müvəffəqiyyətlə keçmiş, sərgidə rəssamın "Bəndi-Rumi" (1980,1981), "Ləçəkturunc" (1981), "Xətai" (1981,1985), "Açma-yumma" (1982), "Ləçəkbəndlik" (1983), "Kətəbəbəndlik" (1984), "Əsrlərin nəğməsi" (1985) və s. xalçaları nümayiş etdirilmişdir. L. Kərimovun çox cildli "Azərbaycan xalçası" əsərində 1300-dən artıq Azərbaycan xalça ornament elementinin təhlili verilmişdir


Tarix: 24.03.2013 / 16:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 622 Bölmə: Toxuculuq