beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ləmbəran xalçası

Ləmbəran xalçası – Qarabağ xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xovlu xaça növü.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər


Ümumi məlumat

Bu xalçalar öz adını Bərdə şəhərindən 30 km şimal – şərqdə yerləşən Lənbəran qəsəbəsinin adından götürmüşdür. Hələ lap qədim zamanlarda Bərdə yüksək keyfiyyətli xovlu xalçaların toxunduğu yer kimi məşhur idi. Lənbəranda toxunmuş zililər, vərnilər, cecimlər yalnız bizim ölkədə deyil, həm də xaricdə muzey eksponatı hesab edilir. Sənətkarlıqda əvvəllər Xanqərvənd kəndi ilə rəqabət aparan Ləmbəran qəsəbəsində çoxlu çuvallar, xurcunlar, yun corablar və digər məişət məmulatları toxunardı. XIX əsrdə Lənbəranın ipək cecimləri və xüsusi sifarişlə hazırlanan ipək xalçaları ixracatda mühüm yer tuturdu.

Bədii analiz

"Ləmbəran xalçası" bir neçə variantda hazırlanırdı.
Birinci variant.

Bu xalçalar bitki naxışları ilə bəzədilirdi. Orta sahənin kompozisiyası "Bəndi–rumi" əsasında yaradılmışdır. Orta sahədə assimetrik formada düzülmüş naxışlar xalçaya mükəmməllik bəxş edir. Xalçanın kənarını Qarabağ xalçaları üçün səciyyəvi olan haşiyələr təşkil edir.
İkinci variant.

Bu xalçalara hamar fonlu "Ləmbəran xalçaları" daxildir. İstanbulun "Türk və İslam əsərləri muzesi"ndə XVI əsrdə hazırlanmış "Ləmbəran" xalçasının II variantı qorunmaqdadır. Bu xalçanın mərkəzində tünd–qırmızı fonda sadə formalı qel yerləşdirilimişdir. Orta sahənin künclərində bulud təsviri ilə bəzədilmiş sadə formalı ləçəklər düzülmüşdür. Bu xalçanın orta haşiyəsi ( geniş haşiyə zolağı ) mürəkkəb quruluşa və çoxlu sayda naxışa malikdir. Qarabağ xalçaçıları bu haşiyə zolağına "İslimi" adı vermişlər. Avropada arabesk kimi tanınan "İslimi" bu xalçada öz mürəkkəb quruluşu ilə adi islimilərdən fərqlənir. XIX əsrin II yarısından bu xalçaların istehsal mərkəzi Bərdədən 14 km şimal–qərbdə yerləşən Mehdixanlı kəndinə keçmişdir.
Üçüncü variant.

"Ləmbəran" xalçasının III variantını "Ləmbəli" adı ilə tanınan xalçalar təşkil edir. Son zamanlar onu çox az hazırlayırlar. Bu xalçanın elementləri, xüsusilə də, təsvir edilmiş buta və çoxayaqlı heyvanlar öz formasına görə, çox orijinaldır. Orta sahənin böyük qelləri, həmçinin orta haşiyə, öz quruluşuna və kompozisiyasına görə, Orta Asiyanın xalq dekorativ incəsənətinin nümunələrini xatırladır. Bu xalçanın ümumi bəzəyini qədim zamanlara aid olan naxışlar təşkil edir.

Texniki xüsusiyyətlər

"Ləmbəran" xalçaları müxtəlif ölçülü olur. Onun düyünləri digər Qarabağ xalçalarına nisbətən daha nazik, daha zərif və daha hamardır. "Ləmbəran xalçası" ən yüksək keyfiyyətli Qarabağ xalçası hesab edilir.


Tarix: 24.03.2013 / 15:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 267 Bölmə: Toxuculuq