beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Borçalı xalçaları

Borçalı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar.Mündəricat
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər


Ümumi məlumat

"Borçalı xalçaları" öz adını Qazax rayonunun şimal-qərbində yerləşən (indiki Gürcüstan ərazisi) Borçalı toponimi ilə bağlıdır. Bu bölgənin böyük kəndləri - Qurdlar, Axurlu, Qaçağan, Sadahlı (Saşıhlı), Daştəpə və Ləmbəli məşhur xalçaçılıq məntəqələri olmuşdur. Yuxarıda adı çəkilən kəndlərin, həmçinin Borçalının digər kəndlərinin əhalisi əsasən etnik azərbaycanlılardan ibarətdir.

Bədii analiz

"Borçalı xalçaları" adı ilə tanınan xalçalar ornamental quruluşundan asılı olaraq bir neçə üsulla toxunmuşdur. "Borçalı xalçaları" toxunma üsuluna görə əsasən beş yerə ayrılır.
Birinci üsul

Birinci üsulla toxunan "Borçalı xalçaları" mərkəzi oxda şaquli yerləşmiş iki sayda səkkizguşəli göl, həmçinin mərkəzi gölün dörd tərəfindəki ağac təsvirləri kompozisiyanın strukturunu formalaşdırır. Bu göllərin içində həndəsi formaya malik və eyni zamanda antropomorf (insanabənzər) obraz kimi qavranılan müəmmalı bir fiqur yerləşdirilir. Birinci üsulla toxunan bəzi xalçalarda quş, dəvə təsvirləri və "məktəb ocağı" elementi də olur. Birinci üsulla toxunan "Borçalı xalçaları" yerli toxucular tərəfindən "Çobankərə" adlandırılır.
İkinci üsul

İkinci üsulla toxunan "Borçalı xalçaları" Borçalıdan 12 km cənub-şərqdə yerləşən Gəurarx kəndində daha çox istehsal olunurdu. Bu üsulla toxunan xalçaların naxış və motivləri müxtəlifdir. Bəzi xalçalarda orta sahədə bir-birinin ardınca göləbənzər elementlər yerləşir. Bu elementlər dörd ulduzabənzər şüası olan və transformasiya edilmiş çoxbucaqlıdan yaranır. Göllərin daxilində üslublaşdırılmış zoomorf fiqurlar simmetrik şəkildə yerləşdirilir. Digər xalçalarda göllərin birləşməsindən uzunsov formada fiqur yaranır.İkinci üsulla toxunan "Borçalı xalçaları" yerli toxucular tərəfindən Qazax rayonunda "Fəraxlı xalçaları" adını almış, Borçalıda isə "Qurbağaoğlu xalçaları" və ya "Qurbağalı xalçaları" adı ilə tanınmışdır.
Üçüncü üsul

Üçüncü üsulla toxunan "Borçalı xalçaları" Borçalı rayon mərkəzinin şimal-qərbində yerləşən Qızılca və ya Qızılhacılı kəndində istehsal olunmuşdur. Xalçanı fərqləndirən əlamət kompozisiyanın mərkəzində yerləşən və şaquli istiqamətdə uzanmış iri xaçabənzər medalyondur. Medalyonun daxilində kvadrat göl yerləşir. Onun yuxarı və aşağı xətti şaquli istiqamətdə bir az dartılaraq piramida şəkilli çıxıntılar əmələ gətirir. Daxili sahə, öz növbəsində iri, cüt-cüt qarmaqşəkilli xətlərlə doldurulmuşdur. Üçüncü variant "Borçalı xalçaçıları" yerli toxucular və el arasında "Ziynətnişan xalçaları" və ya "Zeyvənişan xalçaları" adı ilə tanınmışdır.
Dördüncü üsul

Dördüncü üsul ilə toxunan "Borçalı xalçaları"nın orta sahəsinin mərkəzində yerləşən göllər aşağıdakı qayda üzrə qurulur. Mərkəzdə iri səkkizbucaqlı göl yerləşir. Onun yuxarı və aşağı cinahında kiçik ölçülü medalyonlar təsvir olunur. Bütün medalyonların ətrafı boyunca bir sıra qarmaqşəkilli elementlər toxunmuşdur. Gölün mərkəzində "çanaxlı bağa" - tısbağa və yastılaşdırılmış qurbağanın çox üslublaşdırılmış təsviri yerləşir. Bəzən bu üsulla toxunmuş xalçaların orta sahəsində üç sayda eyni tipli göl yerləşir. Dördüncü üsul toxunan "Boralı xalçaları" yerli xalçaçılar və yerli sakinlər arasında "Ləmbəli xalçaları" adlandırılırdı.
Beşinci üsul

Beşinci üsulla toxunan "Borçalı xalçaları" da yerli xalçaçılar və yerli sakinlər arasında "Ləmbəli xalçaları" adlanır. Ancaq bu xalçalar birinci və dördüncü üsulla toxunan "Borçalı xalçaları" ilə oxşar olsalar da, ölçüsünə, orta sahədəki göllərin rənginə və göllərin bir göldən bir növbələnməsinə görə fərqlənirlər. Bundan başqa, beşinci üsulla toxunmuş "Borçalı xalçaları"nda xarakterik antropomorf fiqurlar üslublaşdırılmaya daha çox məruz qalmışlar.[1]

Texniki xüsusiyyətlər

"Borçalı xalçaları"nın ölçüsü müxtəlif formalarda ola bilər. Ləmbəli xalçaçılıq məntəqəsində nisbətən böyük xalçalar toxuyurlar.

"Borçalı xalçaları"nda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30x30 ilmədən 35x35 ilməyə qədər olur. Bir kvadrat metrdə olan ilmələrin sayı 80 min ilmədən 120 min ilmə arasında dəyişir.

"Borçalı xalçaları"nın xovunun hündürlüyü 8-12 mm-dir.


Tarix: 22.03.2013 / 16:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 367 Bölmə: Toxuculuq